Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:18

Gürcüstanda vahid dövlət imtahanı necə keçirilir?


Arxiv foto
Arxiv foto
Teona Paresişvili Rustavi şəhərindəki 7 saylı ictimai məktəbi qızıl medalla bitirib. Əldə etdiyi nailiyyətdən sevinsə də, bunun böyük əmək, zəhmət hesabına başa gəldiyini deyir. Vahid dövlət imtahanına kimi Teona da digər yaşıdları kimi buraxılış imtahanları verib. Əsas imtahanı isə indi verdiyini bildirir. Məqsədi tibb universitetinə qəbul olmaqdır.

«Artıq gürcü dili və ümumi bilgilərdən imtahan vermişəm. Bütövlükdə nəticəmdən razıyam, ancaq suallar çətinləşib. Hər halda gürcü dilində bunu müşahidə etmişəm. Qarşıda rus dili və biologiya var. Biologiya ilə uzun müddətdir məşğul oluram, məktəb müəllimim xeyli köməklik edir, rus dilindən isə anam yardım edir».

2011-ci ilin imtahanları bütün Gürcüstan boyu 15 imtahan mərkəzində keçirilir. İmtahanlarda hələlik heç bir çətinlik qeydə alınmayıb. Dövlət imtahan mərkəzinin direktoru Maya Miminoşvili imtahan prosesindən razıdır:

«Proses çox yaxşı gedir. Nəzərə almaq lazımdır ki, biz sadəcə vahid dövlət imtahanları keçirmirik. İmtahanların gününü təyin etmişik və imtahan mərkəzlərində abituriyentlər üçün maksimal rahatlıq yaratmağa çalışmışıq. Mənə elə gəlir ki, bu, hələlik bizdə alınır».

MÜƏLLİMLƏRİN İMTAHAN VERMƏK ARZUSU

Gürcüstanda artıq 7-ci ildir vahid dövlət imtahanları keçirilir. Bu il tələbələrin təhsil qrantı ilə maliyyələşdirilməsi sistemi dəyişib: prioritet verilən təhsil proqramları maliyyələşdiriləcək. Əsas diqqət mühəndislik və təbii elmlərə verilib, ümumi maliyyənin 80 faizi bu iki sahə arasında paylaşacaq. Dövlət kiçik qrantları alan tələbləri o halda maliyyələşdirəcək ki, onlar dördüncü imtahan fənni kimi dəqiq və təbiət elmlərini seçsinlər.

Vahid dövlət imtahanları ilə yanaşı magistrlərin də üçün vahid imtahanı və müəllimlərin sertifikasiyası keçirilir. Bu il imtahanda 24 min müəllim iştirak edir. Müəllimlərin sertifikasiyadan keçirilməsi Gürcüstanın orta təhsil haqda qanunun və təhsil islahatının tələbidir. 2014-cü ilədək imtahanlar könüllü, 2014-cü ildən sonra məcburidir.

Tbilisidə yerləşən 173 saylı məktəb
«Müəllimlərin imtahan vermək arzusu və səbəbi var. Eyni zamanda 24 min müəllimin imtahan verdiyini nəzərə alsaq bu, müsbət tendensiyadır»- Təhsil nazirinin müavini Akaki Sepertaladze bu fikirdədir.

MƏKTƏB VƏTƏNPƏRVƏRLİYİ

24 saylı ictimai məktəbin direktoru Qiya Murquliya isə hesab edir ki, müəllimlərin sertifikasiya imtahanlarında iştirakı çox zaman məktəb vətənpərvərliyidir:

«Bu, ilk növbədə maddi maraqla bağlıdır. Xüsusilə fərqlənən müəllimlər 1000 lari əmək haqqı alacaq, ayrı-ayrı hallar üçün fərqli əlavələr mövcuddur. İkincisi, az əhəmiyyətli olmayan məsələ məktəb vətənpərvərliyidir. Məktəblərin reytinqi müəyyənləşəndə hər birində nə qədər sertifikasiyadan keçmiş müəllimin olduğuna böyük diqqət verilir».

Qiya Muqruliya vurğulayır ki, 24 saylı məktəbin əksər müəllimləri bu imtahanda iştirak edir. Müvəffəqiyyət qazanacaqları təqdirdə əmək haqlarına 75 lari əlavə olunacaq, ingilis dili və kompüter imtahanını versələr əlavə 200 lari qazanacaqlar. İmtahanı daha böyük uğurla başa vuran müəllimlərin isə mükafatı min lari həcmində əmək haqqı olacaq.

Pedaqoqlar məktəb intizamı ilə yanaşı professional biliklərdən imtahan verir. İlk imtahan da bu biliklərdən olub.

«Maksimum bal 70-dir, keçid balı isə 43. Test tapşırıqları müxtəlif formatlı suallardan ibarətdir. Testə real iş şəraitinə əsaslanan simulyasiya tapşırıqları da daxil edilib»- dövlət imtahan mərkəzinin araşdırma departamentinin rəhbəri İya Kutaladzedir bunu deyən. Gürcü dili və ədəbiyyatı müəllimi Tamara Xomasuridze deyir ki, test çətin olmasa da, müəllimlərin hazırlaşması üçün lazımi qədər vaxtı olmayıb:

«Yox, çətin deyildi. Müəyyən iş təcrübəsi olanlar üçün asan idi. Ancaq zaman az idi. Biz faktiki olaraq hələ də məktəbə gedirik. Əsaslı hazırlıq üçün azı bir ay vaxt lazımdır. Hərçənd testdə olanları biz hər gün məktəbdə edirik, sadəcə müəyyən terminlər var ki, onları öyrənmək lazımdı».

Sertifikasiya imtahanları bu il artıq ikinci dəfədir ki, keçirilir və ötən illə müqayisədə iştirakçıların sayı 2,5 dəfə artıb.

Hazırda isə Gürcüstanda abituriyentlər, magistr və müəllimlərin imtahanı öz axarında davam etməkdədir.
XS
SM
MD
LG