Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:48

III qrup üzrə imtahanlarda 70 faiz abituriyent kəsilib


Arxiv foto
Arxiv foto
İyulun 6-da III qrup üzrə ali və orta təhsil məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Nəticələrə görə, imtahanlarda iştirak edən 30 min 981 abituriyentdən 8 min 981 nəfər müsabiqədə iştirak hüququ qazanıb. Yəni, imtahanlarda iştirak edən abituriyentlərin 70 faizdən çoxu müsabiqədə iştirak hüququnu itirib.

KEÇİD BALI AŞAĞI SALINIB

III ixtisas qrupu üzrə imtahanlar iyulun 3-də keçirilib. Abituriyentlərə 5 fənn üzrə 125 sual təqdim olunub.

Abituriyent Aytəkin Hüseynova deyir ki, qəbul imtahanında gözlədiyi nəticəni əldə edə bilməyib. Onun sözlərinə görə, xüsusilə, ədəbiyyat və tarix fənlərində çətin, mübahisəli suallar olub. Aytəkin Hüseynova imtahan nəticələrinə görə, 576 bal toplayıb. Amma deyir ki, bundan daha yaxşı nəticə gözləyirmiş.

«İMTAHAN SUALLARI HƏDSİZ ÇƏTİN İDİ»

«Mən 600-dən artıq bal toplayacağımı düşünürdüm. Amma tarix, ədəbiyyatdan düşən suallar olduqca çətin idi. Mənimlə birlikdə hazırlaşan digər abituriyentlər də yaxşı nəticə göstərə bilməyiblər. Bu il ki, suallar olduqca çətin idi».

Digər abituriyent Emil isə imtahanda 331 bal toplaya bilib. Amma deyir ki, sınaq imtahanlarında 400-dən artıq bal toplayırmış.

«Adətən qəbul imtahanlarında sınaqdan daha çox bal toplanılırdı. Bu dəfə suallar hədsiz dərəcədə çətin idi. 331 balla yalnız ödənişli ixtisaslara düşə bilərəm».

Elnur Nağızadə
III ixtisas qrupu üzrə qəbul imtahanlarında keçid balı 300-dən 250-yə salınıb.

«ƏGƏR SUALLAR ÇƏTİN İDİSƏ... »

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Nağızadə isə qəbul imtahanlarında sualların çətin olması ilə bağlı səslənən iradlarla razılaşmır:

«Suallar mütləq mənada hamısı çətin ola bilməz. İmtahan suallarının bir hissəsi sadə, bir hissi orta, bir hissəsi isə çətin suallardan ibarət olur. Bu ümumi standartdır. Yəni, bütün suallar nə çətin, nə də asan ola bilər. Əgər bütün suallar çətin idisə, 269 nəfər 600-dən yuxarı nəticə göstərib, onlar üçün suallar niyə çətin olmadı? Bütün sualların çətin olması ilə bağlı fikirlər səsləndirmək absurddur».

III ixtisas qrupu üzrə 269 nəfər 600-dən çox bal toplayıb. Bu qrup üzrə ən yüksək göstərici isə 691 baldır.

Etibar Əliyev
«İMTAHAN SUALLARI ÇƏTİN DEYİL, MƏKTƏB TƏHSİLİ AŞAĞIDIR»

XXI Əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev hesab edir ki, qəbul imtahanlarında düşən suallarla abituriyentlərin bilik səviyyəsi arasındakı qeyri-bərabərlik məktəbdə verilən təhsilin aşağı olması ilə bağlıdır:

«Yəni, məktəbdə demək olar ki, təhsil verilmir. Abituriyentlər, şagirdlər imtahanlara repetitor yanında hazırlaşırlar. Danılmaz faktdır ki, bu gün repetitor təhsili məktəb təhsili üçün alternativdir. Bu ilki test tapşırıqları ötən ilki tapşırıqlarla müqayisədə elə də çətinləşdirilməyib. Məsələn, digər post sovet ölkələri ilə müqayisədə bu test sualları orta diaqnostik suallardır. Orta səviyyəli test suallarıdır. Qəbul imtahanlarındakı test sualları ilə abituriyentlərin bilik səviyyələri arasında qeyri-bərabərlik məktəb təhsilinin aşağı olmasın ilə bağlıdır».

2011-2012-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssələrinə qəbula 110 min 423 nəfər sənəd verib. Növbəti qəbul imtahanı 1-ci qrup üzrə iyulun 10-da, 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.
XS
SM
MD
LG