Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:17

İyulun 8-də ATƏT-in «İnternetdə Fikir Azadlığı» adlı yeni hesabatı dərc olunub. Hesabatda yer almış məlumatlar ATƏT-ə üzv dövlətlərdən, o cümlədən müstəqil mənbələrdən, sorğulardan əldə edilmiş bilgilərə əsaslanır. Sənədə dövlətlərə ünvanlanmış internetlə bağlı suallara verilmiş rəsmi cavablar salınıb.

Məsələn, suallardan birində soruşulur ki, dövlətlər istifadəçilərin internetə giriş imkanlarını məhdudlaşdıran hər hansı bir hüquqi şərtlərə malikdirlərmi? 39 ölkənin «yox» deyə cavab verdiyi bu suala 7 ölkənin, o cümlədən Azərbaycanın cavabı belə olub ki, onlarda belə bir hüquqi şərt var.

UŞAQ PORNOQRAFİYASI VƏ İNTERNET

Digər sual belə olub ki, uşaq pornoqrafiyasını kriminallaşdıran hər hansı hüquqi ehtiyat tədbirləri varmı? Dövlətlərin böyük əksəriyyəti – 77 faizə yaxını bildirib ki, bunu nəzərdə tutan qanun qəbul ediblər. Cəmi 3 ölkənin cavabı neqativ olub, onlardan biri Azərbaycan, digəri ikisi isə Qırğızstan və Türkmənistandır.

Hesabatda o da qeyd olunur ki, Azərbaycanda həqiqətə uyğun olmayan və kiminsə şərəf və ləyaqətini alçaldan, onun ictimai nüfuzuna zərər gətirən məlumatları yaymağa görə cərimə nəzərdə tutulub, buna görə hətta 240 saatlıq həbsdən tutmuş bir illik şərti cəza və ya 6 aylıq həbs cəzası da kəsilə bilər. Yerli qanunvericiliyə görə, internet də kütləvi informasiya vasitəsinin bir qolu hesab olunduğundan eyni cərimə və cəza internetlə də yayılmış məlumatlar üçün keçərlidir.

Arxiv foto
Üzv ölkələrdən həm də soruşulub ki, «YouTube», «Facebook», «Blogger» kimi yeni media hesab olunan internet saytlara girişi bloklaşdıran hər hansı qanuni şərtə malikdirlərmi? Dövlətlərdən yalnız İtaliya bu suala müsbət cavab verib. 44 dövlət mənfi cavab verib – Albaniya, Azərbaycan, Belarus, Qazaxstan, Qırğızstan, Latviya, Norveç və Polşa hökumətləri açıq-aşkar elan ediblər ki, yeni medianı bloklaşdıran heç bir şərt irəli sürmürlər.

EKSTREMİZM VƏ İNTERNET

Hesabatda o da bildirilir ki, Azərbaycanda İnternet provayderin lisenziyalaşdırılması üçün hər hansı konkret hüquqi şərt və ya tələb yoxdur.

Hesabatın ekstremizm və internetlə bağlı bölməsində isə Azərbaycandakı vəziyyətlə bağlı bildirilir ki, bu ölkədə ekstremizmin konsepsiyası qanuna müvafiq müəyyən edilmir.

Qeyd olunur ki, ekstremizmin müəyyən xüsusi növləri Cinayət Məcəlləsində sadalanır.

Məsələn, Cinayət Məcəlləsinin 101-ci maddəsində müharibəni qızışdırma və ya müharibəyə təhrik qanunazidd fəaliyyət hesab olunur. Buna görə 3 il həbs cəzası nəzərdə tutulur. 281-ci maddədə isə deyilir ki, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hesabatda bildirilir ki, bu cür qayda və cəzalar internet resurslarına da aid edilir.

Sənəddə Azərbaycanla bağlı o da qeyd olunur ki, bu ölkədə kitabxana və internet kafelərdə filtr və ya proqram təminatını bloklaşdıran hər hansı qanuni tələb yoxdur.

ATƏT-in bu hesabatı müstəqil mənbələrlə yanaşı, hökumətlərə ünvanlanmış sorğuların nəticəsinə əsasən üzv dövlətlərdə internetlə bağlı durumu əks etdirir. Hesabatı Türkiyədən, İstanbul Bilgi Universitetinin hüquq fakültəsindən olan professor Yəmən Akdeniz hazırlayıb. Bu hesabat ATƏT regionunda internetin nizamlanması ilə bağlı aparılmış ilk hərtərəfli tədqiqatın nəticəsi kimi dəyərləndirilir.

«Freedom House» beynəlxalq hüquq müdafiə təşkilatı isə bu ilin əvvəlində yaydığı hesabatda Azərbaycanı internet üzrə «qismən azad» ölkələr sırasında göstərib. Hesabatda həmçinin Azərbaycanın internet məkanında inhisarçılığın olması da qeyd edilir.

Azərbaycan rəsmiləri ölkədə internetin tam azad olduğunu hər fürsətdə qeyd edirlər. Prezident İlham Əliyev elə bugünlərdə Dünya Azərbaycanlılarının III Qurultayından bir daha bəyan edib ki, Azərbaycanda internet tam azaddır.

Şərhləri göstər

XS
SM
MD
LG