Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:56
Bir neçə gündür Bakıda 38-40 dərəcə isti var. Azyaşlılar sərinləmək üçün soyunub özlərini şəhərdəki hovuzlara atır. Onlardan biri- 11 yaşlı məktəbli Elton Məmmədov deyir ki, yoldaşları ilə yol keçirmiş. Görəndə ki, çox istidir, suda çimməyə başlayıblar:

«Hava çox istidir. Ona görə özümüzü elə bura atmışıq. Dənizdən də yaxşıdır...»

Böyüklərin isə çoxu istidən qorunmaq üçün kölgəliklərə çəkilir, şəhərdə qarşılarına su kranı çıxan kimi əl-üzlərini yuyub sərinləyirlər. Ancaq bu istidə günün altında işləyənlər də var.

42 DƏRƏCƏDƏ AÇIQ HAVADA İŞLƏYƏNLƏR

Günün altında tikintidə işləyən fəhlələrə yaxınlaşıb bu istidə necə işləmələrini soruşuram:

- Bu açıq havada, qızmar günəşin altında necə işləyirsiniz?

- Belə havada işləmək çox çətindir, ancaq biz öyrəşmişik.

Tikintidə qum daşıyan Əfqan da deyir ki, hava lap çox isti olanda fasilə edirlər. Ancaq indi işləyirlər. Onun işlədiyi vaxt saat düz günorta 2-ni göstərirdi.

- Bu gün yəqin havanın çox isti olduğunu bilirsiz.
- Bilirəm, 42 dərəcə isti var.
- Bəs, belə istidə, açıq havada necə işləyirsiniz?
- İşləyirik də. Özü də səhərdən axşama qədər işləyirik.

İSTİ HAVADA ASFALT SƏRƏNLƏR

Əmək Məcəlləsinə görə, temperatur 41 dərəcəni keçibsə iş dayanmalıdır.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildir ki, 39-40 dərəcə isti altında işləmək belə həmin insanların sağlamlığı üçün ziyandır:

Sahib Məmmədov
«Yazılıb ki, 41 dərəcədə iş dayanmalıdır. Ancaq bu o demək deyil ki, temperatur 40-sa işə götürən deməlidir ki, «işlə, canın çıxsın». Belə olmamalıdır. Ancaq belədir. Bu gün mən Mətbuat prospektində asfalt çəkən fəhlələrə qarşı belə münasibətin şahidi oldum. Bu qeyri-insani münasibət idi. Açıq havada, isti asfalt sərirdilər. Orada nə bir sərinləşdirici içki var idi, nə də başqa bir tədbir görülürdü».

Əmək Məcəlləsinə görə, havanın temperaturu 41 dərəcədən çox olarsa, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır. İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

İSTİDƏ FİZİKİ İŞ MƏSLƏHƏT GÖRÜLMÜR

Günvurmaya məruz qalmış Bakı sakini Səttar Babayev başına gələnləri belə danışır:

«Halım özümdə deyildi. Beynim qaynayırdı, içim yanırdı, yıxıldım, ayılanda həkimləri başımın üstündə gördüm».

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyir ki, isti günlərdə səhər saat 11.00-dən 17.00-ə qədər uzun müddət küçədə qalmaq olmaz. Həkim deyir ki, belə isti havada fiziki iş görmək məsləhət görülmür:

«Çünki bu zaman fiziki işlə məşğul olan insanlar günvurmaya məruz qala bilərlər. Zəif adamlar isə yarım saatlığa belə hərarət yüksək olan havada qala bilməzlər. Bundan yayınmaq üçün saat 11-dən 17-ə qədər açıq havada nə işləmək, nə istirahət etmək, nə də çimərliklərdə olmaq məsləhət görülmür».

GÜNVURMADA NƏ ETMƏLİ?

Mürsəl Həmidovun verdiyi məlumata görə, iyunun əvvəlindən günvurma ilə 18 adam təcili yardıma müraciət olub. Onlardan altı nəfəri daha ciddi günvurmaya məruz qaldıqları üçün xəstəxanaya çatdırılıb. 12 nəfərə yerində yardım göstərilib.

Xəzər dənizi
Günvurmanın əlamətlərinə gəldikdə, Mürsəl Həmidov deyir ki, gün vurmuş adam özünü zəif hiss edir, onda başgicəllənmə, qusma olur, huşun itirilməsinə qədər gətirib çıxara bilər. Ağır günvurmaya məruz qalmış insanlarda hətta həyatı vacib orqanların funksiyası dayana bilər:

«Xəstə huşunu itiribsə, yanında olan insanlar onu kölgəyə çəkib uzatmalıdır. Başının altına əl altında olan əşyalardan, məsələn paltar, əl çantası qoymaq lazımdır. Sinəsini açmaq, havanın bədənə sərbəst daxil olmasına imkan yaratmaq, sərin su vermək, bədənin açıq hissələrinə soyuq suda isladılmış tənzif qoymaq olar. Bununla paralel təcili tibbi yardıma müraciət etmək lazımdır».

Havaların isti keçməsi ilə bağlı müdafiə naziri Səfər Əbiyevin əmri ilə hərbi hissələrdə xüsusi rejim elan edilib. Əmrə əsasən, isti günlərdə hərbi hissələrdə əsgərlər saat 11:00-dan 17:00-ə qədər kazarma şəraitində saxlanılır. Xüsusi rejimin elan edilməsində məqsəd əsgər və zabitləri istidən, günvurmadan qorumaqdır.

Hava proqnozuna görə, iyulun 9-da da temperatur 38-40 dərəcə olacaq. Bəzi yerlərdə havanın temperatur 42 dərəcə olacaq.
XS
SM
MD
LG