Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:56

Fəhmin Hacıyev siyasətə qayıdır?


Fəhmin Hacıyev
Fəhmin Hacıyev
2005-ci il parlament seçkilərindən sonra mühacirət həyatı yaşayan Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev suallara cavab verir

- Fəhmin bəy, siyasətə qayıdırsınız?

- Mən siyasətdən kənarda deyildim. 2005-ci il parlament seçkilərindən 3 ay sonra Türkiyəyə getdim. Çünki mənim həbsdə olduğum müddətdə mənzilimi qanunsuz olaraq əlimdən almışdılar. Ailəmin yaşayış yeri yox idi.

- Deyirsiniz ki, siyasətdəydim...

- Passiv siyasətdəydim. Aktiv siyasətdə olmaq üçün ölkədə olmaq lazım idi. Ölkədə iş qurmaq, işləmək mənim üçün imkansız olduğu üçün xaricə üz tutdum.

- AXCP sədrinin müşaviri təyin edilmisiniz. İndi aktiv fəaliyyətə keçmək fikriniz varmı?

- Sözsüz ki, qərar varsa, deməli aktiv fəaliyyətimiz mövcuddur.

- Xocalı faciəsinə görə Sizə qarşı bir çox ittihamlar səsləndirilib. Deyirlər ki, Xocalıya yardım etmək mümkün idi.

- Xocalı faciəsinin birtərəfli araşdırılmasını zaman sübuta yetirəcək. Xocalı faciəsi törədilmiş bir beynəlxalq cinayətdir. Bunu törədən tərəf bəllidir. Ermənistan və rus hərbi birləşməsi, 366-cı alay. Azərbaycan tərəfində Xocalının blokadadan çıxarılması və yaxud da əhalinin təhlükəsiz yerə köçürülməsi üçün əmr və sərəncam verən şəxs Fəhmin Hacıyev deyildi. Fevralın 10-da Şahin Musayev məni qəbuluna çağırıb, deyib ki, Tahir Əliyev Qarabağ istiqamətinə ümumi komandir təyin olunub. Onun ətrafında qüvvələrin birləşməsi üçün sənə ehtiyacı var. Get, birlik yarat. Mən bu birliyin yaradılmasına nail olmuşam. Hətta o birlik yaranandan sonra müəyyən əməliyyat planları hazırlanıb. Amma bu əməliyyat planlarına imza atılması, əmr verilməsi - bunlar o dövrdə hərbi vəzifə daşımayan şəxsin hüququnda deyildi. Mən əmr vermək haqqına sahib deyildim. İkincisi, fevral ayının 23-dən etibarən Müdafiə Nazirliyinin Baş qərargah rəisinin əmri ilə mən rəsmən geri çağırılmışam. Geri çağırılmağımı tələb edən Tamerlan Qarayev olub. Tamerlan Qarayev ayın 22-də Ağdama gəlib və mənim təcili Ağdamdan geri çağırılmağımı tələb edib. Mən geri qayıtmamışam. Şirin Mirzəyevin batalyonuna getmişəm. Tahir Əliyev əmr vermək üçün tapılmayıb, Şahin Musayev əmrə imza atmayıb. Çünki Baş qərargah prezidentə toplu sənədlər təqdim etmişdi ki, əhalinin evakuasiyası haqda qərar verilsin. Ayaz Mütəllibov qərarı verməyib. Evakuasiya məsələsi gündəlikdə olmayıb. Sadəcə, Şirin Mirzəyevlə biz insanları çıxarmaq istəmişik.

- Ayaz Mütəllibov deyib ki, o vaxt əhali köçürülsəydi, Bakıda böyük narazılığa səbəb ola bilərdi.

- Tarix sübut etdi ki, bu qərar yanlış qərardır. Demək ki, imza atmalı idi və bu qərarı verməli idi.

- Sizi ayın 22-də geri çağırıblar. 5 gün ərzində Xocalıya kömək etmək mümkün deyildi?

- 5 mindən artıq əhalinin çıxarılması üçün tək Fəhmin Hacıyev və 2-3 könüllü batalyon kifayət deyildi. Əhalinin çıxması, təhlükəsizliyinin təmin olunması üçün ciddi hərbi silahlı qüvvəyə ehtiyac var idi. Hərbi dəstələrin bir yerdə toplanmasına baxmayaraq, bu əmri verəcək şəxs mən deyildim. Mənim səlahiyyətim bir batalyon komandirinin səlahiyyəti qədər olmayıb. Bu istintaq materiallarında sübut olunub. Ən əsası onu deyim ki, Avropa Məhkəməsi bir daha sübut etdi ki, mənim mühakiməm yanlış idi.

- 4 iyun hadisələri ilə bağlı da Sizə qarşı bir sıra ittihamlar səslənir.

- 4 iyun hadisəsindən sonra, ayın 5-də Təhlükəsizlik Şurasının iclasında təklif etmişəm ki, Gəncədəki qiyamın qarşısı alınsın. Dövlət bu barədə qərar qəbul etsin. Bu qərarla biz hərəkət etməliyik. Demişəm ki, həmin hərbi hissənin yerləşdiyi ərazidə əməliyyat keçirilməlidir. Əməliyyat keçirmədən öncə yaxınlıqda yaşayan əhalinin «Yeni Gəncə» deyilən yaşayış massivinə evakuasiyası təmin edilməlidir. Mülki vətəndaşların ordan çıxarılması bir gecənin əməliyyat işi idi. İnsanlar köçürüldükdən sonra həmin hərbi hissədə əməliyyat keçirilməli idi. İndi də bu fikirdəyəm. O zaman da ifadə etmişdim ki, bu qarşıdurmada biz 30-40 adamı itirə bilərik. Azərbaycan dövlətinə bir neçə milyon manat zərər dəyə bilər. Amma biz bu itki ilə razılaşmasaq, tamamilə Qarabağı itirə bilərik, dövlət müstəqilliyini itirə bilərik, Qarabağda ölənlərin sayı indikindən qat-qat çox ola bilər. Böyük problemlə qarşılaşa bilərik. Təəssüflər olsun ki, mənim ovaxtkı fikirlərim bu gün özünü doğrultdu.

- Təkliflərə qarşı kim çıxdı?

- Məndən sonra Pənah Hüseynov çıxış edərək, bu məsələləri danışıqlar yolu ilə həll etməyin tərəfdarı olduqlarını dedi...

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG