Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:58

Alman jurnalist Naxçıvanı tərk etməli olub


Mixael Lüdviq
Almaniyalı jurnalist, «Frankfurter Allgemeine Zeitung» qəzetinin Moskva bürosunun müxbiri Mixael Lüdviq (Michael Ludwig) iyulun 7-də Naxçıvan Muxtar Respublikasını tərk etməyə məcbur olub. O, Naxçıvana reportaj hazırlamaq üçün iyulun 5-də gedib.

Azərbaycanın Xarici İşlər Nazirliyində akkreditə olunmuş qəzetçi RATİ-yə deyib ki, işini yarımçıq dayandırmasına səbəb yerli hakimiyyətin onun işinə mane olması və onun izlənməsidir:

«Məqsədim muxtar respublikanın bütün rayonlarını gəzmək, yerli əhali ilə görüşüb onların yaşayış səviyyəsi ilə tanış olmaq, problemlərini, çətinliklərini öyrənmək və bu haqda məqalə yazmaq idi. Azərbaycan Xarici İşlər Nazirliyindən verilmiş akkreditə kartını göstərməyimə baxmayaraq, Şahbuz rayon İcra Hakimiyyəti başçısının müavini mənə Ali Məclisdə qeydiyyatdan keçməyin lazım olduğunu bildirdi. Halbuki buna ehtiyac yox idi. Dedi ki, qeydiyyatdan keçməsəniz, sizin üçün böyük problemlər olacaq. Bundan sonra biz Ali Məclisə müraciət etdik. Amma onlar mənim burada işləməyimə icazə vermədilər».

Jurnalist deyib ki, Xarici İşlər Nazirliyinin yerli idarəsinə müraciətdən sonra ona bələdçi veriblər, bələdçi isə hər an harada olduqları, kiminlə görüşdükləri haqda telefonla kiməsə məlumat verib:

«İnsanlar bələdçidən qorxaraq danışmaqdan imtina etdilər. Məni əvvəlcədən təlimatlandırılmış insanlarla görüşdürməyə çalışdılar. Şərur rayonunda isə bələdçi sürücüyə mənimlə rus dilində danışmaması üçün təzyiq etdi». /mediaforum/

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə AzadlıqRadiosuna deyib ki, Mixael Lüdviq akkreditasiyadan keçəndə, hansı bölgəyə səfər edəcəyini göstərməyib:

«Akkreditasiya qaydalarına əsasən, əcnəbi jurnalist rəsmi məktubunda hansı bölgələrə səfər edəcəyini göstərməlidir. Çünki Azərbaycan indi ciddi bir vəziyyətdədir, qonşu Ermənistanla münaqişə vəziyyətindədir. Bu tələb jurnalistlərin təhlükəsizliyini təmin etmək üçündür. Həmin jurnalist öz məktubunda belə bir məlumatı nazirliyə təqdim etməyib».

Şahbuz rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmadı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG