Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:55

Nigar Köçərli: “MKM-in gələn il də keçiriləcəyini dəqiq deyə bilmərəm”


Nigar Köçərli (sağda) "Pen klub" proqramında.. Aparıcı Səadət Akifqızı. Bakı, 7 iyul 2011

Nigar Köçərli (sağda) "Pen klub" proqramında.. Aparıcı Səadət Akifqızı. Bakı, 7 iyul 2011

“Milli Kitab Mükafatının gələn il də keçiriləcəyini dəqiq deyə bilmərəm. Bu barədə düşünməmişəm”.

Bunu Azadlıq Radiosunun “Pen klub” proqramında müsabiqənin təşkilatçısı, “Əli və Nino” kitab dükanları şəbəkəsinin sahibi Nigar Köçərli deyib.

“Çünki bu müsabiqə aylarla davam edir. Çox yoruluram. Hələ ki, tərəddüdlərim var”.

Xatırladaq ki, baş mükafatın “Yad dildə” romanına görə yazıçı Pərviz Cəbrayıla verilməsindən sonra münsiflər heyətində Azərbaycan Yazıçılar Birliyini təmsil edən üzvlər istefa veriblər, 3-cü yerin sahiblərindən biri – Natiq Rəsulzadə isə mükafatdan imtina edib.

Nigar Köçərli istefa verən münsiflərdən biri – AYB katibi Rəşad Məcidin qərarını “emosional” adlandırıb.

“Rəşad Məcidə çox böyük hörmətim var, müsabiqənin birinci ili mənə böyük kömək göstərmişdi, bütün işlərini buraxıb mənimlə bölgələrə gedirdi. Mənə çox məsləhətlər vermişdi. Amma təəssüf edirəm bu il belə alındı, istəməzdim belə olsun. Hesab edirəm ki, bu, emosional bir qərar idi”.

Amma proqrama telefonla qoşduğumuz R.Məcid istefasının səbəbini belə izah edib:

“Nigar xanımın ədəbiyyatın təbliğində oynadığı rolu yüksək qiymətləndirirəm. İstəyirəm ki, gələn il də müsabiqə davam eləsin. Bu ilki qüsurlar aradan qaldırılsın. Qərara gəlincə, təbii, müəyyən emosiyalar vardı, qərarıma təsir edən amillərdən biri də o oldu ki, indi Nigar xanım mənə xoş sözlər desə də, onda zənglərimə, mesajlarıma cavab vermirdi”.

Nigar Köçərli gülə-gülə müdaxilə edir:

“Düz deyir, cavab vermirdim”.

Rəşad Məcid davam edir:

Rəşad Məcid

- Amma olan olub, keçən keçib, münsiflikdən imtina edəndən sonra geri qayıtmaq fikrim yoxdur. Əgər müsabiqə davam edəcəksə, çalışmaq lazımdır ki, münsiflər mütəxəssis olsunlar, kitab oxuyan olsunlar. Məncə, konkret siyasi baxışları olan adamlara münsiflərdə yer verilməməlidir. Bu dəfə münsiflər arasında qruplaşmalar oldu. Bəlkə də bəziləri fikirləşirlər ki, “Rəşad Elxan Qaraqanı birinci edib, biz də Pərvizi edək”, - bu müqəddəs işə bu cür cılız yanaşmaq olmaz. Ballar açıqlananda görmək olur ki, siyasi baxışları üst-üstə düşən adamlar bir əsəri qabağa çıxarıblar. Bədii dəyər məsələsi qalıb qıraqda. Mən Pərvizin dostları qarışıq heç kimdən eşitmədim ki, “Yad dildə”ni axıra qədər oxuyub. Lap adlarını da deyə bilərəm, Günel Mövlud, Qan Turalı, Seymir Baycan...Üzünə də deyiblər ki, yarısından o tərəfə oxuya bilməyiblər. Belə bir əsərin birinci olması o deməkdir ki, burda siyasi maraqlar var.

Nigar Köçərli:

- Biz bu müsabiqəni Elxan Qaraqan, yaxud Pərviz üçün yox, Azərbaycan ədəbiyyatı üçün təsis etmişik. Mən sevinirəm ki, bu mükafat haqqında müzakirələr gedir. Elə məqsədimiz də o idi ki, cəmiyyətlə kitab arasında bir körpü olsun bu müsabiqə. Müsabiqənin gözəlliyi də ondadır ki, münsiflər arasında rəngarənglik var və bu rəngarənglik nəticəsində də qalib seçilir.

“Pen klub” proqramında MKM mövzusuyla yanaşı Azərbaycanda kitab biznesinin vəziyyətindən də danışan N.Köçərli deyib ki, onun yalnız bəzi dükanları gəlirlə işləyir.

Amma onun fikrincə getdikcə ölkədə kitaba maraq artır.


- Deyirlər ki, gənclər kitab oxumur. Amma mən 10 ildir kitab biznesi ilə məşğul olan şəxs kimi deyirəm ki, bizim müşahidələrimizə görə, kitab alanların 75 faizi elə gənclərdir. Kitab oxumayanlar ziyalılar və orta yaşlılardır.

N.Köçərli rusdilli təbəqənin ənənəvi olaraq daha çox kitab oxuduğunu deyir:

- Azərbaycandillilər çox kitab oxumağı sevmirlər. Onlar kitabın 5-7 manat olmasına da hazır deyillər. Rusdillilər isə bilir ki yaxşı ktabın qiyməti ucuz olmur. Şairlər var ki, kitab buraxır, havayı paylayır, belə şey etmək olmaz. Bunlar kitabı dəyərdən salır.

Bununla belə N.Köçərli deyir ki, azərbaycanca kitab satışı artır.

- 5 il əvvəlki statistika belə idi. Satılan kitabların 85 faizi rusca idi. 3-4 faiz azərbaycanca, qalanları türk və ingilis dillərində. İndi isə 65 faiz ruscadır, 17 faiz azərbaycanca, 11 faiz türkcə, 7 faiz ingiliscə.

Özünün də kitab həvəskarı olduğunu, hər gün ən azı 15 dəqiqə kitab oxumağa vərdiş etdiyini deyən N.Köçərli ailədə hətta nənəsinin də kitab həvəskarı olduğunu deyib. “O hansı kitabları oxumağı sevir” – sualının cavabında

N.Köçərli deyib ki, nənəsinə ən çox detektiv kitabları göndərir: “O daha çox Aqata Kristinin və Dontsovanın detektivlərini xoşlayır”.


PROQRAMA TAM ŞƏKİLDƏ BURDA QULAQ AS.

Aparıcı Səadət Akifqızı
Prodüsser Maarif Çingizoğlu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG