Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:12
Bu evdə saat zamanın sözünə baxmır: gecədir, saatın əqrəbləri isə 2:20-ni göstərir.

Bu saat qurğusu Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 1961-ci ildə vəfatetmə tarixinə köklənib.

Bülbülün ev muzeyi 1976-cı ildə yaradılıb. Muzeyə Ədilə Məmmədova –sənətkarın həyat yoldaşı rəhbərlik edir.

Ədilə və Murtuza Məmmədovların bu evlə bağlı həyatı 1937-ci ildən başlayır. Bülbülün ölümündən sonra ailəsi daha 15 il bu evdə yaşasa da, muzey yarananda buranı tərk etməli olublar:

«HEYDƏR ƏLİYEV DEDİ Kİ, OLMAZ!»

«Bizə ev verdilər, çünki muzeyi alırdılar. Mən istədim burda bir otaqda qalım. Heydər Əliyev dedi ki, olmaz, çünki muzeydə xörək iyi gəlməməlidir. Heyf ki, bunu bütün muzeylər başa düşmür. Girirsən, elə bil restorandır».

Ədilə Məmmədova bütün gününü keçmiş evində keçirir. Ev muzeyində 12 nəfər işləyir.

Bülbülün ev muzeyi 4 otaqdan ibarətdir, hər şey onun ölümündən sonrakı kimi saxlanıb, evin divar kağızları da. Bu ev kimlərin üzünü görməyib? Ədilə Məmmədova xatırlayır:

«Ən məşhur adamlar, bəstəkarlar, yazıçılar, Sovet hökumətində kim vardısa, tanıyan adam, tanınmış adam, Bakıya kim gəlirdi, hamı bizim qonağımız olurdu».

Ədilə Məmmədova

ŞUŞADAKI EV BAKIDADIR

Bülbülün Bülbül prospektindəki evinin içində balaca bir ev də yerləşir – onun Şuşadakı evinin maketi.

Bülbülün vaxtının bir hissəsi qapıbir qonşusu yazıçı Məmməd Səid Ordubadinin də evində keçib. Bu evdə Bülbülün oynadığı, Üzeyir Hacıbəyovun bəstələdiyi və Ordubadinin mətn yazdığı «Koroğlu» operası yaradılıb. Ordubadinin ev muzeyinin rəhbəri Lalə Abbaszadə bələdçilik edir:

«Bu yazı masası ən qiymətli eksponatlardan biri sayılır. Burda Məmməd Səid Ordubadi öz əsərlərini yaradıb - «Dumanlı Təbriz», «Qılınc və qələm», «Gizli Bakı», «Döyüşən şəhər», «Dünya dəyişir».

ORDUBADİNİN T6 RADİOSU...

Ordubadinin ev muzeyi 1979-cu ildən mövcuddur. Muzey 2 otaq, 1 dəhlizdən ibarətdir. Ordubadi Bakıya 1920-ci ildə, bu evə isə 1938-ci ildə köçüb 1950-ci ilə qədər ömrünü burda keçirib.

Ordubadinin ev muzeyi
Ordubadi qonaq və iş otağının bir guşəsini öz istirahətinə də ayırıb. O burda oturub T6 radiosunu dinləyərmiş.

Ordubadi haqqında bilgini otağın əşyalarından çox, fotoları verir:

«Burda sürgün illəri əks olunub. Sürgündən ailəsinə göndərdiyi şəkillərdir».

DİVARLARI CADAR-CADAR OLMUŞ MUZEY...

Yarısı boş kazbek qutusu, saat, qayçı, diş fırçası, daraq, külqabı, cib dəsmalı, qalstuk, ov termosu ... Bunlar şair Səməd Vurğunun şəxsi əşyalarından ibarət vitrindədir.

Səməd Vurğunun ev muzeyi 1975-ci ildə yaradılıb. Muzeyə şairin nəvəsi Aygün Vəkilova rəhbərlik edir.

Səməd Vurğunun ev muzeyindən görüntü

6 otaqlı mənzil-muzeyə girəndə ziyarətçini birinci cadar-cadar olmuş divarlar, ikinci isə bələdçi salamlayır. Bura sonuncu dəfə 1997-ci ildə təmir edilib.

Muzeyin işçisi Mələk Musayeva muzeyi tanıdır:

«Qoşalülə tüfəngi, patrondaşı, ova gedərkən apardığı sazı – bu saz ona 1938-ci ildə bağışlanıb, ova gedərkən geyindiyi kürkü – bu kürkü Səməd Vurğun Bolqarıstanda səfərdə olanda alıb, aşağıda isə gödəkçəni görürsüz, bunu şairə dostu, rus yazıçısı Konstantin Simonov hədiyyə verib».

ŞAİRİN SON QONAQLARI

Şair bu evdə ömrünün son 2 ilini 1954-56-cı illəri keçirib:

«Səməd Vurğun ən son qonaqlarını bu otaqda 1956-cı ilin may ayında qəbul edib. O vaxt ədəbi ictimaiyyət şairin 50 illik yubileyini keçirib».

Səməd Vurğunun ev muzeyindəki eksponat
Ev muzeylərinin işçiləri ziyarətçi sayından xeyli razılıq etdilər. Hər üç muzeydə bildirdilər ki, onlar ilin əvvəlindən məktəblərlə, universitetlərdə müqavilə imzalayır, müqavilə əsasında onlar birgə tədbirlər təşkil edirlər.

Mənzil-muzeylərin saxlanmasına sərf edilən pul vəsaiti isə işçilərdən heç kəsə məlum deyil.

Mədəniyyət və Turizm Nazirliyindən də bu barədə suallarımıza cavab ala bilmədik.
XS
SM
MD
LG