Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:19

Jurnalist araşdırması: «Ataholdinq»in payçıları kimdir?


Şahvələd Çobanoğlu
Araşdırmanın müəllifi Şahvələd Çobanoğlu, ekspertlər Rövşən AğayevNazim Məmmədov bu araşdırma barədə danışırlar.

Şahvələd Çobanoğlu:

- Bu faktlar tamamilə təkzibedilməzdir. Çünki mən bütün faktları «Ataholdinq»in öz rəsmi saytından götürmüşəm. Çox maraqlıdır ki, Azərbaycanda holdinqlər, şirkətlər öz fəaliyyətləri ilə bağlı maksimum dərəcədə gizliliyə nail olurlar. Azərbaycanda bazar iqtisadiyyatının, ümumiyyətlə, mövcud durumun diktə etdiyi haldır ki, şirkətlər istədiyi kimi, mətbuata, ictimaiyyətə heç bir açıqlama vermədən, hissədarlarına heç bir hesabat vermədən fəaliyyət göstərirlər. Onların kimə məxsus olduğu da uzun illər heç kimə bəlli olmur. Hətta bu haqda əfsanələr mövcud olur. Onların gerçək sahibləri heç vaxt bəlli olmur. Görünür, miflər kömək edir ki, gizliliklər qalır. Amma «Ataholdinq»in saytında əksər şirkətlərdən fərqli olaraq maliyyə hesabatları var.

Rövşən Ağayev:

Rövşən Ağayev
- O yerdə ki, faktlar danışır, orada hansısa mövqe sərgiləməyin yeri yoxdur. Hər şey göz qabağındadır. Bu o vaxt cəmiyyətdə normal qarşılana bilər ki, bu kapitalın mənbəyi bilinsin, təmiz olsun. Amma bu şəkildə qəfil ortaya çıxanda, xeyli suallar doğurur. Aktivlərinin dəyəri yüz milyonlarla ölçülən şirkətlər yüksək ranqlı məmurlara, ölkə rəhbərinin ailəsinə məxsusdursa, bu kapitalın mənbəyi haradandır? Ölkədə haqsız rəqabət var, mülkiyyət hüquqları kobud şəkildə pozulur. Bunun fonunda kiçik bir qrup - ali ranqlı məmurlar əlində ölkə iqtisadiyyatının aparıcı sahələrini cəmləşdirirsə, bu, cəmiyyətdə təbii ki, qıcıq yaradır. Mən insanların belə məsələlərə sükutla baxmasına təəccüb edirəm. Özünü müstəqil adlandıran, müxalif adlandıran bir çox mətbuat orqanları bu cür faktlara gözucu baxır. Eyni zamanda, özünü cəmiyyətin aparıcı qüvvəsi adlandıran siyasi qüvvələr qrup yaratmaqdansa, bu proseslərə qarşı müqavimət təşkil etməlidirlər.

Nazim Məmmədov:

Nazim Məmmədov
- Mən araşdırmaya baxdım. Orda göstərilir ki, Panamada təsis olunmuş şirkətin 10 min dollar civarında nizamnamə kapitalı var. Bu məbləğ hər bir vətəndaşda ola bilər. Şirkətin adı çox böyük səslənə bilər, onun daxilində kifayət qədər müəssisələr sadalana bilər, holdinq şəklində qurula bilər. Amma istənilən normal şirkətin aktivləri, passivləri, maliyyə hesabatı bizim əlimizdə yoxdursa, onun dəyərinin nə qədər olmasını ancaq müstəqil auditorlar müəyyən edə bilər. İstənilən halda səhmdar cəmiyyət olaraq həmin şirkətlərin səhmləri Azərbaycanda alqı-satqı obyekti olsaydı, biz şirkətin dəyərini müəyyənləşdirə bilərdik. Amma siz araşdırmanı davam etdirib, məlumatı səhmdar cəmiyyətlərin reyestrinin aparıldığı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dəqiqləşdirə bilərsiniz. Bəlkə də bu, yanlışlıqdır, düzgün informasiya deyil. İstənilən halda, bu məlumatlar sona qədər öyrənilməlidir...

Verilişi tam olaraq buradan dinləyin:

Şərhləri göstər

XS
SM
MD
LG