Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:25

Azər İsaak "Sibir laykası" (Hekayə)


“Haram pullar xoşbəxtlik gətirmir”

Bir həftədən sonra onuncu siniflərin yeni il gecəsi keçiriləcəkdi.

Məktəb rəhbərliyi otuz bir dekabr hamı evində olsun deyə, yeni il gecəsini otuz dekabra keçirməyə qərara almışdı.

Həmin gecə üçün əyin-baş almaq lazım idi, cibimdə isə siçanlar tanqo oynayırdı. Tanrı məhəlləmizdəki yiyəsiz itlərin canını sağ eləsin ki, onlar bu rəqsin uzanmasına imkan verməyəcəkdilər.

Həmin bu yetim itlərdən biri həm‘kar’larından fərqli olaraq ali it cinslərindən biri sayılan sibir laykasına bənzəyirdi.

Asfaltı deşib cücərən dəvətikanı bitkisi kimi biz həmin tulanı, sibir laykası adından hansısa başıboş varlıya satıb, onu asfalt rəngli küçə həyatını deşib bəyaz kübar dünyaya qoşulmasına yardımçı olacaqdıq.

Tulanı çimizdirib, zenit on bir fotoaparatı ilə şəklini çəkib, kağız-kuğuz tanışlarımızdan birinin köməyi ilə qəzetdə “Sibir laykası satılır” başlığı altında elan yerləşdirdik.

Çox çəkmədi ki ağ qara həyat rənglərinə bürünmüş itə sahib olmaq istəyənlərin sayı çoxaldı.

Tulanı cibimizi yekə qarınlı göstərəcək qiymətə satdıq. Bu cür cığırlarla birinci dəfə deyildi ki pul qazanırdıq...

Senaqoqa gedib bizi kasıblıq rüsvayçılığından qurtardığına görə tanrıya dua etdik.

Özümü müqəddəs hiss edirdim. Axı, mən bu gün məhəlləmizdə sülənən yiyəsiz tulanı, indi başqa bir varlının həyətində əzizlənən sibir laykasına çevirmişdim.

Albertlə senaqoqdan həmişəkindən tez çıxıb, tanrı evinin həyətində bizi gözləyən baxça illərindən bu günə kimi tanıdığımız əziz dostumuz Əlini qarşıladıq.

Albert cibindən qazandığımız pulları çıxardıb uşaqlıq fəxri ilə Əliyə göstərdi.

O, isə adəti üzrə pulların haradan axdığını soruşdu. Albert tulanın həyat lotereyasında uduşa düşmüş bəxtli hekayəsini Əliyə danışanda o, etiraz dolu nəzərlə mənə baxıb:

- Yakov, düzdür bacarıqlısız, pul qazanmağın yolunu bilirsiz. Amma, haram pullar xoşbəxtlik gətirmir!
Albert sifətinə hopan səfeh təbəssümlə:

- Xoşbəxtlik gətirməsə də çoxlu qız gətirir.

Albert Əli və mən yeni il gecəsi üçün pal-paltar almağa yollandıq. Şahzadələr kimi geyinib keçindim.

Axı yeni il gecəsində, Lenanın diqqətini maqnit kimi özümə çəkmək üçün yaraşıqlı görsənməli idim.

Yeddinci sinifdən bəri Lenanı sevirdim. Ürəyimin bakirəliyini Lenanın sevgisi pozmuşdu.

İlk məhəbbətim: bu haqda cəmi iki dostum bilirdi, Albert və Əli. Sirrimi Lenanın özünə açıb, sevgimi onun ürək rəfinə qoyub bağlayıb açarı ömürlük udmaq üçün yeni il gecəsi mənə əməlli şans verəcəkdi.

Bir həftə bir göz qırpımı almağa imkan vermədən gəlib keçdi. Kostyumu geyinib, ayaqqablarımı günəbaxan yağı ilə qaraldıb, məhəlləyə düşdüm.

Dostlarla yeni il gecəsinə yollandıq. Lena uzun ağ don geyinmişdi, kilsə divarlarını bəzəyən mələk şəkillərini xatırladırdı.

O, mənim ikonam idi və bu gecə mən ona iman gətirmişdim... Qızları ram etməyin yolunu bilirdim, amma üç il idi ki, Lenanı necə ram edəcəyimin yolunu tapmamışdım. Təcrübəsizlik ilk sevginin qanunudur...

Yeni il gecəsi qızışıb kluminasiyası nöqtəsinə çatırdı ki, Albertdən araq tapmasını xahiş etdim. Albert zərif xoş həyassızlıqla: “Belə şeyləri məndən xahiş etmə, əmr elə!”.- dedi.

Beş dəqiqə sonra uzun şirə stəkanında Albert mənə acı buğda suyu təşkil etdi. Həzin bir musiqi çalınmağa başladı.

Lazım olan vaxt yetişmişdi. Bir stəkan arağı qida borusundan mədəyə ötürüb stuldan qalxdım. Artıq Lenanı məndən bir addım ayırırdı ki, üsulluca onun əlindən tutub ədəblə rəqsə dəvət etdim.

İlk dəfə parta arxasına əyləşən gözü yaşlı birinci sinif şagirdi kimi həyacanlanmışdım.

İlk dəfə idi ki, rəqs zamanı ayaqlarımı hara atacağımı bilmirdim. Ayaqlarımı hara və necə atacağım haqqında fikirləşəndə, bir neçə dəfə Lenanın ayaqqabısını tapdaladım...

Çox utandım və elə bilirdim ki bu biabırçılığı hər kəs gördü. Artıq musiqinin son notları çalınırdı.

Sevgimi Lenanın qulağına pıçıldamağa bu dəfə də cəsarət tapmadım. Əli haqlı idi, haram pulla aldığım kostyum bu gecə mənə xoşbəxtlik gətirə bilməzdi.

Dostlarımla sağollaşmadan yeni il gecəsini tərk edib, dənizkənarı parka yollandım. Sahil boyu siqaret tüstüsünü dilimlə yumurlayıb, cizgi filmlərindəki karikatura qatarlarının uzun gonbul boruları kimi dairəvi tüstü həlqələrini havaya sevgilə sıra-sıra düzürdüm, hara baxırdımsa gözümün önündə Lenanın qanadlı, mələk cildli surəti... beləcə sallana-sallana, dəniz küləyində üşüyə-üşüyə büzüşüb bulvarı iki- üç dəfə oyan-buyana fırlandım.

Asfaltda sürtünüb cingiltili səs siqnalları ifraz edib qulağımı qıdıqlayan zəncirin əks-sədası məni fikir burulğanından ayırdı. Qulaqbulandırıcı cingiltili səs get-gedə yaxınlaşırdı.

Arxaya dönməyə macal tapmadım ki, artıq it mənim ayağımı qapmışdı. “Lənət olsun”.

İti təpikləmək üçün arxaya dönsəm də donub qaldım... Məni qapan it satdığım saxta sibir laykası idi. Batan günəş rəngli (kürən) saçlı bir qız tələsik itin nazik zəncirindən tutdu.

Tula hələ də mırıldaya-mırıldaya üstümə cummaq istəyirdi...
Qız həyacandan doğan qayğıkeşliklə:

- Sizə təcili həkimə getmək lazımdır!

İntizarla soruşdum:
- Bu iti hardan almısız?

Qız imkanlı təbəqəyə xas olan əda ilə nazlanıb uzaqlara gedərək:

- Atam bunu Sibirdən xüsusən mənim üçün gətizdirib. Sibir laykasıdır.

Qızın atası bizdən dala qalmırmış, məhəlləmizdən Sibir laykasını alıb, qızına isə deyir ki, Rusiyanının uzaq vilayətindən gətizdirmişəm...

Deyəsən bu dünyada hər kəs zəncirvari reaksiya ilə bir-birinə beləcə kələk gəlir... Dayan... Məni bir fikir boğdu! Öz- özümə sual verdim “Tula məni niyə dişlədi?”

“Tula məni niyə dişlədi?” (Tula)

Gözləməkdən... aclıqdan göz qapaqlarım iradəmə tabe olmayaraq bağlanırdı... Lev Tolstoy küçəsində durub ərzaq mağazasının sahibi Teymuru pusurdum. Yaşadığı binanın qarşısındakı kiçik həyat sahəsində Teymur avçarka saxlayırdı. Planımız baş tutsa idi Teymurun avçarkası bu gün pişiklər kimi ayağını yalayacaqdı. Bax, budur, qurbanımız içi ət dolu camla blokdan çıxdı. Həyət səhasinin iri paslı qıfılla bağlanmış qapısına yaxınlaşdı.

Teymur açarı cibindən çıxartmaq üçün, ətlə dolu camı əlindən nəmiş torpağa qoyan kimi, mən bir hürüşlə binanın arxasında gizlənmiş doslarıma işarə etdim.

Biz beş tula bir göz qırpımında, qabdan hərəmizə bir iri ət parçası qapıb yəhudi məhəlləsinə qaçdıq.

Acgözlüklə oğurladığımız tikələri yeyib, asfalta uzanıb sümükləri qabağımıza düzüb gözlərimizi yumduq. Axı, biz tulalar yatmırıq, sadəcə gözlərimizi yumub, mürgüləyirik. Bayaqkı yorğunluqdan əsər əlamət qalmamışdı.

Bu həzz mürgüsü idi. Kiminsə bizə yaxınlaşdığını hiss edib gözlərimi cəld açdım. Yəhudi məhəlləsinin sakinləri Albert və Yakov idi. Onlar bir an içində məni torbanın içinə saldılar.

Torbanın içində nə qədər çapalasam da, mənası yox idi. Mən onların nəyinə lazım olduğumu anlamırdım.

Onlar məni çimizdirib, şadyanalıqla şəklimi çəkdilər. Danışılan söhbətlərdən belə başa düşmüşdüm ki, onlar məni Sibir laykası adından hansısa başıboş varlıya satmaq istəyirlər.

Məni görməyə çoxlu müştərilər gəlirdi. Əl oyuncağına çevrilmişdim. Küçələrdə doğulmuşdum, küçələrdə azad idim. Həyatımdan narazı deyildim.

Bir qarnı ac, bir qarnı tox, amma azad idim. Azadlığımın sonuna deyəsən az qalmışdı.

Yakov və Albert məni orta yaşlı bir kişiyə satdı. Yəhudi məhəlləsindən çıxanda, dostlarımı gördüm. Onların yanına getmək istəsəm də, zəncirim sahibimin əlində idi.

Dostlarım paxıllıq və sevinclə mənə baxırdılar. O anda mən onların gözündə varlı, təmiz, nazlı və sözəbaxan itə çevrilmişdim. Mən o anda onların dostu deyildim. Axı onlar çöl iti, mən isə artıq yiyəsinə arxalanan özündən razı sibir laykası idim.
Bir həftə idi ki, sahibimin möcüzəli bağında qalırdım.

Sahibimin qızı ilə söhbətindən elə anlamışdım ki, bu gün məni dənizkənarı parka aparıb gəzdirəcəklər. Bu, o deməkdir ki, qaçmaq üçün yaxşı şans yaranacaqdı. Bəlkə, mənim yerimdə başqa tula olsaydı sevincinin həddi hüdudu olmazdı.

Axı, bundan yaxşı nə ola bilər! Suyunu, yeməyini verirlər, gəzdirirlər! Amma ki, yox! Mən dostlarımı atıb, özüm burda kef edə bilmərəm! Mən qaçmalıyam!

Bir saat idi ki, dənizkənarı parkda gəzirdik. Sahibin qızının əlindən çıxıb qaçmaq çətin deyildi, amma ki mən bir az da özümü yiyəli it kimi hiss etmək istəyirdim. Parkda gəzərkən, kostyum geymiş bir oğlanın yerişi mənə tanış gəldi.

Dörd ayağımın sürətini artırdım. Qız da tez-tez yeriməyə başladı. Bir anda arxadan oğlanın üzərinə şığıdım, zəncir qızın əlindən çıxdı. Oğlanın ayağından qapdım!

Həmin oğlanın adı Yakov idi! Yakova hirsli idim! O, mənim həyatımla oynamışdı! Yox, səhv etdim, o mənə yaxşılıq etmək istəyirdi! Səhv etdim!

Fərqi yoxdur səhv etdim, ya da düz etdim, ən pisi o idi ki, Yakovu dişləsəm də, qaçmaq yadımdam çıxdı. İndi isə qız mənim zəncirimi əvvəlkindən daha bərk tutub! Yox bir az gücccc.... əlvida kübar həyat... dostlar gəlirəm...

Sevgi qarmağın ucuna taxılmış qurd kimidir... (Albert)

Yəhudi məhəlləsində kimdən soruşsan o, sənə Yakovun qanlı hekayəsini danışar. Yakovun ölümündən on dörd il keçir...

Yakov quduzluq xəstəliyindən gəbərdi. Əvvəl-əvvəl elə bilirdi ki, sadəcə soyuqdəymədir, çiyinlərini gəmirməyə başlayanda isə başa düşmüşdü ki, quduzlaşıb. Babasının qoşa lüləsini götürüb özünə atmışdı. Yakovun ölümündən sonra məhlələrdə sülənən yiyəsiz itləri öldürməyə başladılar. Sibir laykasının meyitini Lev Tolstoy küçəsində gördüm.

Əsəbimdən leşinə iki-üç təpik qoydum. Amma o, yetimin də günahı yox idi...

Yeni ildən qırx gün sonra Yakov öldü. Lena indiyə kimi də, Yakovun onu sevdiyini bilmir. Axı indi nə fərqi... Ailə qurub... İki uşağı var... Əli Yakovun ölümünü tanrıya bağışlamadı.

Onu çox istəyirdi... İndi mənimlə saxta qızıl alveri ilə məşğul olub, qazandığı pulları yetim-yesirə xərcləyir. Hər şey çox dəyişib... Yakovun ölümü, mənə dörd şeyi başa saldı, həyatımız oxuduğumuz hekayələr kimi deyil və onun sujet xətti yoxdu.

Sevgi qarmağın ucuna taxılmış qurd kimidir.. həvəslə ona tərəf üzürük və beləcə tələyə düşüb ölürük və həyat pisləri yaxşılarla yox, bəzən elə yaxşıları yaxşılarla vurur o çox... dördüncünü isə... mən getməliyəm dükana müştəri gəlib...


Rəsm: Gündüz Ağayev
Korrektə: Elnarə Bayramova

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG