Keçid linkləri

Təcili xəbərlər

Bakıda niyə avropalı olmaq istəmirlər?


İndi üçüncü dalğa, üçüncü «qlobal layihə» gəlir – bu da Avropaya inteqrasiya yoludur
İndi üçüncü dalğa, üçüncü «qlobal layihə» gəlir – bu da Avropaya inteqrasiya yoludur
Azərbaycanın Avropa sarıdan işi heç vaxt düz gətirməyib. Ya iki yüz il əvvəl M.F.Axundzadənin məşhur pyesindəcə olduğu kimi, dərviş Məstəlişah Parisi partladıb və Şahbaz Parisə gedə bilməyib, ya da indi olduğu tək Yunanıstan iqtisadi böhran içində boğulub və dövlət rəsmiləri də xalqa deyib ki, görün, Avropa nə gündədir, elə biz yaxşı edirik ki, onlarla məsafə saxlayırıq! Qərəz, həmişə hansısa müəmma çıxıb ortalığa və imkan verməyib ki, düz bir əsr «avropalaşmaq» deyən və bunu öz bayrağındaca həkk edən azərbaycanlılar Avropa ilə əməlli – başlı yaxınlaşsınlar.

İndi deyirlər ki, ola bilsin, sentyabra qədər AB ilə assosiativ üzvlük haqda saziş imzalansın. Amma daha realist, soyuqqanlı insanlar artıq indidən deyirlər ki, çətin ki, bu il bu iş baş tutmuş olsun. Çünki AB Azərbaycanda demokratik islahatların sürətlənməsində və müvafiq templərin artmasında, ölkə rəsmiləri isə, əksinə bu prosesin yavaş getməsində və ləngiməsində maraqlıdırlar, ona görə ki, prosesin hər günü onların hakimiyyətinin elə bir gün azalması deməkdir. Ona görə də o qədər də optimist ovqatda köklənmək olmur. Bilirsiniz, bu, nəyə bənzəyir? Kimisə Allah gözəl yaradır, amma o, özü bunu dəyərləndirə bilmir! Elə ölkələr var ki, AB –yə üzv olmaq istiqamətində azacıq da olsa, irəliləmək üçün hər şeyə hazırdırlar. Uzağa niyə gedək? Elə Türkiyə AB –yə üzv olmaq üçün nə qədər çalışır? Amma Bakıda bu şansı heçə endirmək istəyirlər. Təbii ki, söhbət elə də dərin inteqrasiyadan getmir, məsələ hələ assosiativ üzvlük haqdadır və Cənubi Qafqaz ölkələrinin AB –yə üzv olması uzaq gələcəyin perspektividir. Amma bunu yaxınlaşdırmaq da olar, çünki bu ölkələr o qədər də yüksək və sürətli demoqrafik göstəricilərə malik deyillər, üç Qafqaz respublikasının cəmi əhalisi hətta 20 milyon nəfəri də aşmır, burada məsələ Türkiyədəki tək deyil. Üstəlik, iqtisadi resurslar da böyükdür. Amma təkcə bunlar azlıq edir. Ölkələr AB –yə üzv olmaq üçün öz siyasi və iqtisadi sistemlərini onun tələb və tövsiyələrinə uyğunlaşdırmalıdırlar.

Elə ölkələr var ki, AB –yə üzv olmaq istiqamətində azacıq da olsa, irəliləmək üçün hər şeyə hazırdırlar.
Azərbaycan Avropanın üç vacib və əsas institutlarından birində təmsil olunur, o, Avropa Şurasının üzvüdür. O, bu illər ərzində daha da irəli gedə bilərdi, məsələn, NATO ilə də ciddi əlaqə və yaxınlaşma qura bilərdi, amma həm İranın və Rusiyanın təhdidlərindən, həm də özlərinin cari siyasi maraqlarından çıxış edərək bu prosesin tempini nəinki artırmadılar, hətta onu sabit bir səviyyədə də saxlamadılar. Amma bir qədər tarixə baxanda görürsən ki, «qlobal layihələrdə» iştirak Azərbaycana həmişə xeyir verib.

KEÇMİŞ NƏ DEYİR?

Bir vaxt Azərbaycanın islam dinini qəbul etməsi onun mədəni inkişafına və mədəniyyət əlaqələrinin ciddi şəkildə artmasına səbəb oldu. Ümumi baxış göstərir ki, bu «qlobal layihə»də iştirak Azərbaycan üçün bütün halda ciddi bir uğurla nəticələndi. Daha bir «qlobal layihə» Rusiya ilə əlaqələr oldu. İndi həqiqəti etiraf edəndə təbii ki, Rusiya imperiya idi. Amma onu inkar etmək olmaz ki, Rusiya bir vaxt Azərbaycan üçün dünya mədəniyyətinə bir qapı və giriş oldu. Bir daha qeyd edirik ki, bu «qlobal layihə»nin mənfi nəticələri də olmuşdu, amma hər şey nisbidir və bir çox hallarda məsələyə nisbi prizma ilə yanaşmaq lazımdır. İndi üçüncü dalğa, üçüncü «qlobal layihə» gəlir – bu da Avropaya inteqrasiya yoludur. Bu vaxta qədər qazandığı müsbət cəhəti hifz etməklə və qoruyub saxlamaqla Azərbaycanın növbəti prosesdə iştirak etməsi onun üçün ancaq uğur gətirə bilər. Bu gün Avropa nə deməkdir? Bu mükəmməl siyasi və iqtisadi sistem, yüksək rifah və texnologiya deməkdir.

Güman etmirik ki, Bakı rəsmiləri bunu bilmir. Onlar bunu bilir və məsələnin ancaq texnologiya tərəfini götürür, adına da «modernləşmə» deyirlər. Lakin söhbət təkmil siyasi və iqtisadi sistemdən də gedəndə, onlar tərəddüd edir.

ƏGƏR AVROPA İSTƏSƏ...

Amma Bakı rəsmiləri bir detalı nəzərə almırlar. AB – nin özü də böyük siyasi və iqtisadi, hətta geoiqtisadi layihədir, onun baş tutmasında və işlək forma almasında dünyanın böyük gücləri maraqlıdırlar. Təsadüfi deyil ki, Avropa bu gün özünü müstəqil geosiyasi və iqtisadi vahid kimi büruzə verir. Elə bu səbəbdən dünyadakı proseslərə bir qədər real baxmaq lazımdır, çünki hamı, elə dünya da realistləri sevir. Avropanın genişlənməsi labüddürsə və bu proses ciddi planlaşdırılırsa, o, mütləq baş tutacaq...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG