Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:09
İctimai Palatanın 2 aprel mitinqində həbs olunanların ailələrinə yardım üçün açılan bank hesabı bağlanıb. Palatanın İnsan Haqları və Azadlıqlarının müdafiəsi Komitəsinin sədri Vidadi Mirkamal AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, ötən həftənin 5-ci günü Access Bankın Binəqədi şöbəsində Azərbaycan manatı, ABŞ dolları və avro valyutası ilə bank hesabları açıblar və bu hesabları mətbuatda yayıblar:

- Bir gün sonra mənə zəng vurdular ki, sizin bank hesabınızla bağlı problem yaranıb, banka gəlin.

Vidadi Mirkamal danışır ki, həftənin birinci günü bankın filialına gedəndə onu müdirin otağına dəvət ediblər:

- Gördüm ki, müxalif yönlü qəzetləri yığıblar stolun üstünə. Müdir mənə dedi ki, hesab nömrəniz mətbuatda yayılıb, pul yığırsız. Mən də dedim ki, bundan sizə nə?. Sizin vəzifəniz mənim adıma gələn vəsaiti toplayıb mənə təqdim etməkdən ibarətdir.

«...SƏHMDARLARA MÜRACİƏT EDƏCƏYİK»

Vidadi Mirkamal deyir ki, filial rəhbərliyi ona bankdakı hesabların rəsmən bağlandığını elan ediblər. Amma ona bunu təsdiqləyən hər hansı bir sənəd verməyiblər:

- İndi biz bu hesaba pul köçürəcəyik, əgər vəsait qəbul olunmasa, bildirilsə ki, hesab bağlanıb, onda bunu əsas götürüb məhkəməyə və bankın səhmdarlarına müraciət edəcəyik.

İctimai Palatanın komitə sədri baş verənləri siyasi amillərlə izah edir. Deyir ki, kimsə xəstəsinin müalicəsi üçün açdırdığı bank hesabını mətbuatda sərbəst yaya bilirsə, deməli, hansısa məhbusun ailəsinə maddi yardım göstərilməsi üçün də hesab açıb ictimaiyyətdən dəstək istəyə bilərlər.

Arxiv foto. İctimai Palata

- Biz ona görə Access Bankı seçdik ki, onların səhmdarları xaricdə yerləşirlər, onu bir Avropa bankı saydıq. Amma belə deyilmiş, onlar da siyasi təzyiqdən uzaq deyillərmiş.

Vidadi Mirkamalın sözlərinə görə, onlar belə bir hesabı xarici ölkələrin birində açmağı fikirləşirlər.

«BANK HESABLAR HAQQINDA MƏLUMATLARI ŞƏRH ETMİR»

Biz məsələyə Access Bankdan aydınlıq gətirməsini istədik. Banka göndərdiyimiz yazılı sorğuda öyrənmək istədik ki, bankın daxili qaydaları 2 aprel mitinqində həbs olunan məhbusların ailələrinə yardım göstərməsi məqsədilə hesab açılmasını qadağan edirmi? Qadağan edirsə, bu qadağa hansı əsasa və qanuna söykənir? Bu sualların cavabında Access Bankın ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna yazılı şəkildə bildirdilər ki, onlar ölkənin mövcud bank qanunvericiliyinə və müştərilərlə bağlanan müqavilənin şərtlərinə görə, müştərinin bank hesabları haqqında məlumatları gizli saxlamağa borcludurlar: «Ona görə də Access Bank Qapalı Səhmdar Cəmiyyəti bank hesabları haqqında heç bir məlumatı şərh etmir», - bankın açıqlamasında deyilir.

BANKIN SƏHMDARLARI

Access Bankın rəsmi saytında verilən məlumata görə, nizamnamə kapitalı 100 faiz xarici kapitaldan ibarətdir və altı beynəlxalq maliyyə institutuna məxsusdur. Bu səhmdarlar arasında Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW - Kreditanstalt für Wiederaufbau kimi maliyyə institutları var.

Yalçın İmanov
«MÜŞTƏRİ AYRI-SEÇKİLİYİ MƏHKƏMƏ PREDMETİ OLA BİLƏR»

Hüquqşünas Yalçın İmanov AzadlqRadiosuna bildirib ki, əgər bankın müştəriyə ayrı seçkilik göstərməsi faktı təsdiqlənərsə, bu məsələ məhkəmə predmeti ola bilər:
- Ayrı seçkilik də həm yerli qanunvericiliyin, həm də beynəlxalq konvensiyalar tərəfindən tətbiq olunur, məsuliyyət müəyyən eləyir. Yəni sən ayrı seçkilik qoyursan, burda siyasi ayrı seçkilikdən söhbət gedir.

İqtisadçı Vüqar Bayramov isə deyir ki, hesabla bağlı məsələ müqavilənin şərtlərindən asılıdır və müştəri Vidadi Mirkamal rəsmi şəkildə banka müraciət etməlidir ki, hesabının bağlanmasının səbəbini öyrənsin. Ekspert bildirir ki, müştəri cavab almadığı təqdirdə məhkəməyə üz tuta bilər.

Vidadi Mirkamal deyir ki, onların müqaviləsində hesabın yayılmasını qadağan edən və ya məhdudlaşdıran bənd olmayıb və onlar banka hesabın bağlanması səbəblərini öyrənmək üçün rəsmi müraciət edəcəklər.

Şərhləri göstər

XS
SM
MD
LG