Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:58
İKİ FƏRQLİ BƏYANAT

Azərbaycan Dövlət Sərhəd Xidməti bildirir ki, İrandan keçən silahlı şəxslər sərhədi pozublar. Xidmətin məlumatına görə, Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadına qarşı qəfildən silah tətbiq edilib və naryadın başçısı leytenant Rüfət Quliyev həlak olub. Məlumatda silahlı şəxslərin İran İslam Respublikasına qaçdığı bildirilir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst isə iyulun 5-də jurnalistlərə bildirib ki, «iyulun 3-də Azərbaycanın bir sıra sərhədçisi İran ərazisinə daxil olduğuna görə sərhəddə məhdud qarşıdurma yaranıb».

Dövlət Sərhəd Xidməti İran Xarici İşlər Nazirliyinin bu iddiasını şərh etmir. Qurumun mətbuat xidmətindən «Media forum» saytına bildirilib ki, iyulun 3-də İranla sərhəddə baş verən silahlı olayla bağlı rəsmi açıqlama yayılıb: «Biz hadisə barədə rəsmi məlumat yaymışıq. Əgər zərurət olsa, yeni məlumat yayılacaq. İrandan nə deyilməsi bizi maraqlandırmır».

«HADİSƏNİ SİYASİLƏŞDİRMƏYƏK»

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə hadisənin siyasiləşdirilməsinin əleyhinədir.

Elxan Poluxov
İranın Xarici İşlər Naziri Ramin Mehmanpərəst də bildirib ki, nadir sərhəd hadisələri İranla Azərbaycan arasındakı qarşılıqlı münasibətlərə təsir etməməlidir. O, əlavə edib ki, belə hallarda hər iki ölkənin müvafiq rəsmiləri məsələni araşdırmalı, problemin həllinə çalışmalıdır.

Baş vermiş silahlı insidentlə bağlı Azərbaycan Prokurorluğunda müvafiq araşdırmalara başlanılıb.

FƏRQLİ BƏYANATLAR NƏYİ GÖSTƏRİR?

Politoloq Ərastun Oruclu iki dövlət arasında baş verən olayı sərhəd insidenti kimi qiymətləndirir. O, hesab edir ki, olayla bağlı iki dövlət rəsmilərinin fərqli bəyanatları dövlətlərarası münasibətin gərginliyindən xəbər verir:

«İran tərəfi əgər Xarici İşlər Nazirliyi səviyyəsində bəyanat verirsə, bu, artıq sərhəd insidenti hesab olunmalıdır. Sərhəd insidenti də qonşu dövlətlər arasında yaxşı əlamət deyil. Xüsusilə də əgər qətl hadisəsi baş veribsə. Əslində İran Xarici İşlər Nazirliyi ilə, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bəyanatlarının fərqliliyi də yaxşı əlamət deyil. Prezident İlham Əliyevin iranlı həmkarı Mahmud Əhmədinejat tərəfindən İrana dəvət olunması və İlham Əliyevin bu dəvəti qəbul etməməsi, Kazan görüşü ərəfəsində İran Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlar göstərir ki, iki dövlət arasında gərginlik var. Son hadisə isə bu gərginliyin artan xətt üzrə inkişafından xəbər verir».

Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli deyir ki, İran- Azərbaycan sərhədi tez-tez pozulur. Amma adətən məsələ iki dövlət arasında həll olunub:

«İki dost dövlət arasında bu cür hadisələr baş verəndə hadisə böyüdülmür, iki dövlət arasında həll olunur. Ancaq iki ölkə arasındakı gərginliyin nəticəsidir ki, məlumat mətbuata çıxır, ölkələr bir-birinin məlumatını təkzib edən fərqli bəyanatlarla çıxış edirlər».

Bəzi müşahidəçilər xatırladırlar ki, İran-Azərbaycan sərhədində bu tip hadisələr bundan əvvəl də tez-tez baş verib. Həm də təkcə sərhəd pozuntusu insidenti kimi deyil, ciddi hədələr şəklində də özünü göstərib. Siyasi şərhçilərin fikrincə, adətən bu tip sərhəd pozuntuları regionda gedən ciddi proseslərin fonunda baş verir.
XS
SM
MD
LG