Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23
BİR İŞIQ UCU YOX

Bir işıq ucu yox.
Olsaydı
ucundan tutardım.
Olsaydı
o işığa sarı gedərdim.
O işığı gözümə
yığardım.
O işığı qoruyardım.
O işığın qulu olardım.
Bir işıq ucu yox
ucundan tutmağa.
Tutub getməyə,
baxıb sevinməyə,
sevinib ölməyə.
O işığa bələnməyə.
Bir işıq ucu yox—
qorxuların üstündən tullanmağa—
quyulardan çıxmağa,
kilidləri açmağa,
qaranlıqdan qurtulmağa,
dərdlərdən qaçmağa.
Bir işıq ucu yox-
ucundan tutub
İŞIQ olmağa.


QAQA... QAQA

Laləni meşədə tutdular
12 yaşında.
Yağılar bir parça uşağa
zülm elədilər
qışın soyuğunda.
Qardaşı özündən
qabaqda qaçırdı,
bilmirdi hara.
Amma hara qaçırdısa
Lalənin səsi gəlirdi
qulaqlarına:--Qaqa..qaqa.
Qaqasının 8 yaşı varıydı,
qaqası çox uşağıydı,
çox aciziydi.
Lalənin səsinə
səs verə bilmədi.
Laləyə kömək edə bilmədi.
Qaçdı dona-dona.
Qaçdı qorxa-qorxa.
Səslər yenə gəlirdi:
Qaqa...qaqa
Get-gedə
səslər uzaqda qaldı.
Səslər uzaqda qaldıqca
Lalə uzaqlarda qaldı.
Lalə uzaqlarda qaldıqca
Illər uzaqda qaldı.
Illər ötdükcə
böyüdü Lalənin qaqası.
Böyüdü qulaqlarında
Lalənin səsi.
Ha qapadı qulaqlarını
kəsilmədi bu səs.
Hələ də gəlir,
yüksəlir bu səs.
Qalxır dalğa-dalğa,
qalxır damğa-damğa:
Qaqa...qaqa
Bizim bazarın tinində
bir dəli oğlan dilənir.
Nə vaxt baxırsan
veyil əlləri havada yellənir.
Öz-özünə nəsə deyir,
nəsə söyləyir.
Lalə boyda qızları görəndə
saçını yolur,
üzünü sillələyir.
Hər gün şəhadət barmağını
ürəyinin başına sıxıb
özünü güllələyir.
Qışda palçığın,
yayda toz-torpağın içinə yıxılır.
Yanır, yanır, yaxılır.
Dəli kimi uzaqlara boylanıb
Kimiysə çağırır:--Qaqa..qaqa
Qaqası yoxdu onun amma
Onun bircə bacısı
varıydı
Lalə adında.



BƏ BUNUN

Tutaq ki, bir də doğuldum
Bə bunun ölməyi də var.
Bə bunun yolları yortub
Getməyi, gəlməyi də var.
Bir ömür şələ çəkməyi
Yazında çılə çəkməyi
Dərdini zilə çəkməyi
Bəmlərdə göynəyi də var.
Gününü ağnaya-ağnaya
Içindən ağrıya-ağrıya
Doğrudan ağlaya-ağlaya-
Yalandan gülməyi də var.
Bə bunun günahı, suçu
Kəl kimi dərdlərə öcü
Bir cana son nəfəs borcu-
Kəfəndən köynəyi də var.


XƏYAL GƏMİSİ

Dalğaları yara-yara
Dumanın yenisi gələr.
Uzaqlardan mənə sarı
Bir xəyal gəmisi gələr.
Gəminin içindən baxan
Özümü dalğın görərəm.
Gözlərimi həsrət doğan
Üzümü solğun görərəm.
Gəmidə mən, sahildə mən
Heykəl tək durub qalaram.
Ruhum hansıdır, bilmərəm
Beynimi yorub qalaram.
Sonra gəmi çıxıb gedər
Mən də mənə əl edərəm.
Içimdən bir ağrı keçər
O ağrıda yol gedərəm.
Hara getsəm qulağıma
Dənizin nəğməsi gələr.
Məni alıb aparmağa
Bir xəyal gəmisi gələr.


ÜZ TUTUM

Bulanmışam löhmə-löhmə
Gedirəm durulanmağa.
Islanandan nəməm hələ
Üz tutum qurulanmağa.
Boğazımı darlar üzüb
Ayağımı yerlər üzüb
Ruh bu candan elə bezib
Tələsir aralanmağa.
Yol adladım, yol sırsıra
Bir yönü yox, getdən sonra
Baş daşları sıra-sıra
Ölürəm sıralanmağa.


DAŞ ATMA

Daş atma bala, daş atma
Daşın başlara dəyər.
Təzə-təzə qanad açan
Körpə quşlara dəyər.
Qəfil bir ayna sındırar
Kiminsə damını qırar
Qonşunun başını yarar
Bu tay-tuşlara dəyər.
Yalanın üzünə qayıdar
Kələyin sözünə qayıdar
Atdığın özünə qayıdar
Başın daşlara dəyər.


DOST QALMASA

Sözümü hisə verirəm
Hisləyib qaralacağam.
Öz-özümü səsləyirəm
Səsləyib sıyrılacağam.
Düzdən aşıb, dağdan aşıb
Dağla-düzlə sağollaşıb
Gen dünyayla halallaşıb
Bir qəbir daralacağam.
Deyiləsi söz qalmasa
Baxılası göz qalmasa
Sarılası dost qalmasa
Torpağa sarılacağam.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG