Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:07
İyulun 4-də Heydər Əliyev Fondunda «Eurovision-2012» mahnı müsabiqəsinin Bakıda keçirilməsi üzrə təşkilat komitəsinin ilk iclası olub.

Təşkilat komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qarşıda müsabiqənin ən yüksək səviyyədə keçirilməsi kimi böyük məqsəd və vəzifələrin durduğunu diqqətə çatdırıb. Müsabiqəyə qalan vaxtın o qədər də çox olmadığını vurğulayan sədr ən vacib işlərin görülməsi üçün ilk iclasda əsas istiqamətlərin müəyyən edilməsinin zəruriliyini bildirib.

Mehriban Əliyeva müsabiqənin keçiriləcəyi yerlə bağlı təkliflərə baxıldığını və yaxın gələcəkdə bu barədə qərar veriləcəyini deyib.

«Eurovision-2012» mahnı müsabiqəsinin Bakıda keçirilməsi üzrə təşkilat komitəsi mayın 19-da yaradılıb. Mehriban Əliyevanın sədr olduğu komitənin üzvləri nazirlər Elmar Məmmədyarov, Ramil Usubov, Şahin Mustafayev, Əbülfəs Qarayev, Əli Abbasov, Azad Rəhimov, paytaxt meri Hacıbala Abutalıbov, «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərov, «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev, «Bakıelektrikşəbəkə» ASC-nin sədri Baba Rzayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadədir.

Şərhləri göstər

XS
SM
MD
LG