Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:59

Kəndli öz məhsulunu bazara niyə çıxara bilmir?


Arxiv foto
Arxiv foto
Fermerlər əkib-becərdikləri məhsulu özləri bazara çıxara bilmədiklərindən şikayətlənirlər. Sabirabad rayonun Moranlı kəndindən olan fermer Ənvər Təhməzov deyir ki, sahələrdə tökülüb qalan bostan məhsullarını heç cür iri şəhərlərin bazarlarına çıxara bilmirlər. Fermerin sözlərinə görə, hətta bazara gedib çıxsalar belə möhtəkirlər onlara məhsul satmağa imkan vermirlər. Ənvər Təhməzov deyir ki, onları daha çox Sədərək ticarət mərkəzinin yanındakı «Meyvəli bazar»a göndərirlər. Həmin bazarda isə məhsulu maya dəyərindən aşağı satmağa məcbur olurlar:

«QAPIDAN GİRƏN KİMİ 20-30 MANAT...»

«Qapıdan girən kimi 20-30 manat, gündəlik də satdın-satmadın 5 manat yer pulu verirsən. Bir az da ora-bura, bütün pullar gedir. Həmin bazarda da qarpızın kiloqramı 10 qəpikdir. Biz məhsulu gətirib heç yol pulunu çıxara bilmirik. Məhsul isə sahələrdə qalıb çürüyür».

«KƏNDLİ İNHİSARÇILARIN, BAZAR ALVERÇİLƏRİNİN ƏLİNDƏ QALIB»

Ənvər Təhməzovun deməsinə görə, borc-xərclə, min bir əziyyətlə məhsul yetişdirib satmaq istəyən kəndli inhisarçıların, bazar isə alverçilərinin əlində qalıb.

Bu səbəbdən də onlar prezidentdən kömək istəyirlər:

«Prezident bizə şərait yaratsın, əvvəlki illərdə olduğu kimi məhsulumuzu özümüz sata bilək».

Salyandan olan fermer Elçin Əzizov da eyni problemi yaşadıqlarını deyir. Onun sözlərinə görə, məhsullarının sahələrdən bazarlara daşınmasına şərait yaradılması üçün Kənd Təsərrüfatı nazirliyinə etdikləri müraciətə cavab almayıblar.

Arxiv foto

«İNDİ O DÖVR DEYİL Kİ, NAZİRLİK KƏNDLİYƏ KÖMƏK ETSİN»

Kənd Təsərrüfatı nazirliyinin idarə rəisi Sabir Vəliyev isə deyir ki, indi o dövr deyil ki, nazirlik hansısa fermerə məhsulunu satmaqda, saxlamaqda və ya harasa daşımaqda yardım etsin.

Fermerlərin bu məsələdə sərbəst olduğunu bildirən idarə rəisi onların öz məhsullarını özlərinin satmasında da hər hansı problem görmür.

Deyir ki, indi fermerlər öz məhsullarını satmaqda sərbəstdirlər. İdarə rəisinin deməsinə görə, əgər daxili bazarda satmaq onlara sərf etmirsə məhsullarını Rusiya bazarlarına çıxara bilərlər.

Sabir Vəliyev məhsulunu istədiyi qiymətə satmaqda da kəndliyə heç kimin mane olmadığını bildir:

«Şəhərin 8 yerində yarmarkalar yaradılıb, gətirsinlər mallarını həmin yarmarkalarda satsınlar, özü də indi qarpıza ehtiyac var».

«KƏNDLİ HEÇ GEDİB BAZARDA YER TUTA BİLMİR»

Salyanlı fermer Elçin Əzizov isə deyir ki, kimin nə deməsindən asılı olmayaraq bütün bazarlar inhisardadır və indi kəndlinin öz məhsulunu hansısa bazara aparıb sərbəst satması çətin məsələdir.

«Hamı bilir ki, bazarlar indi hamısı inhisardadır. Hamısının özünün sahibi, alverçisi var. Kəndli heç gedib bazarda yer tuta bilmir. Onu sıxışdırıb küncə salırlar. İstər-istəməz bezdirirlər. Kəndli də məcbur olur malını dəyər-dəyməzinə satır».

«MƏHSULUN ƏLDƏN-ƏLƏ KEÇMƏSİ 30-40 FAİZ BAHALAŞMAYA SƏBƏB OLUR»

İqtisadçı Qadir İbrahimliyə görə isə, kəndli çoxdandır ki, məhsulunu özü bazara çıxarıb sata bilmir. Onun deməsinə görə, ən yaxşı halda kəndlilər məhsulu xeyli ucuz qiymətə topdansatış mərkəzlərinə və ya alverçilərə sata bilir. Qadir İbrahimli düşünür ki, kəndlinin bazara buraxılması inhisarçıların marağında deyil. İqtisadçının fikrincə, kəndlinin öz məhsulunu bazara çıxara bilməməsi, məhsulun əldən-ələ keçməsi 30-40 faiz bahalaşmaya səbəb olur.

O bu sahədə qayda-qanun yaratmağı hökumətin vəzifəsi hesab edir: «Əgər kəndli öz becərdiyi məhsulu normal qiymətə sata bilmirsə, onda növbəti ildə həmin sahədə azalma, böhran başlayacaq və nəticədə həmin sahəyə maraq itəcək».

Kənd Təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə əkin-biçindən gəlir əldə edə bilməyən kəndlilərin tikinti, ticarət və xidmət sektoruna axınının çoxdan başladığını deyir. O, bu yerdəyişməni qıtlıq və bahalaşmaya səbəb olan əsas amillərdən hesab edir.
XS
SM
MD
LG