Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:35
Tənqidçi İradə Musayeva bu məqaləsi ilə yazıçı Məqsəd Nurun Milli Kitab Mükafatında ikincilik qazanan "Şəhər meri" romanının "Oxu zalı"nda başlanan müzakirəsinə qoşulur.


İradə Musayeva

ROMANA QARŞI HAQSIZLIQ
(Azərbaycanda romanın haqqı tapdalanır)

«Şəhər Meri» əsərinin süjeti bir neçə günün gözlənilməz hadisələrinin yuxuyabənzər fraqmentallıqla nəqli üzərində qurulub:

Şəhər Merinin vaxtilə istədiyi Leyla adlı sinif yoldaşının oğlu Fərəc işlədiyi kinoteatrda Merin əmrilə müdir təyin edilir.

Təyinat prosesində nələr baş verir? Arxivdə işləyən Fərəci Şəhər Merinin maşınına oturdur və mühafizə dəstəsinin müşayiəti ilə Yay kinoteatrına aparırlar.

Orada Şəhər Meri çıxış edir, Yay kinoteatrının söküləcəyindən danışır və bəzi tapşırıqlar verir.

Növbəti dəfə Leyla xanımgilin yaşadığı binanın qabağında peyda olur və onları illər boyu narahat edən, gözlərinin qabağını tutan zavod, fabrik tikililərinin ləğv edilməsi məsələsini qaldırır və s.


Povest janrının yığışdırıldığı bir dövrdə «roman» yarlığı istənilən nəsr nümunəsinin üstünə yapışdırılır. Hətta, hekayə ola bilməyən nəsrciklər özünü roman kimi təqdim etməkdən çəkinmir. Səhv etmirəmsə Veyo Meyerin epik növün janrları haqqında maraqlı bir bənzətməsi vardı. O, romanı ailənin başçısı — ata, povesti ana, hekayəni qız, novellanı isə şıltaq və dəyişkən xarakterli oğula bənzədirdi. Bu bənzətmə ilə yanaşsaq, bu gün Azərbaycan ədəbiyyatında bu ağsaqqal atanın başına oyun açır, onu uşaq-musaq yerinə qoyur, hüququnu, haqqını tapdalayırlar. Belə getsə, tezliklə yarımcan Roman babanı qocalar evinə sürüyüb salacayıq…
Həyatda istədiyi, qarşısına qoyduğu bütün məqsədlərinə nail olmağı bacaran Mer məktəbli olarkən sevdiyi qızı itirir.

Halbuki, onu qazanmaq üçün dostu (həm də Leylanı sevdiyinə görə rəqibi – Fərəcin atası Alim) ilə şərtləşdikləri – ən yüksək ali məktəbdə ən yüksək ixtisasa qəbul olunmaq mərcini udmuşdu. Leylanın gözlənilmədən qaçırılması hər şeyi dəyişir…

(Əsərin bu yerində Alimin niyə dədəsi Qəzənfərin acığına instituta girməməsi sualı cavabsız qalır).

Lakin Leylanın və oğlu Fərəcin həyatında Merin kölgəsi öz işini görür.

Hər şey bir yana, kənd məktəbində xatirə üçün çəkilmiş bir foto (qoca müəllimənin sağında gələcəyin Şəhər Meri, solunda Leyla dayanıb) yetər ki, keçilməz baryerləri maneəsiz keçsinlər…

Fəqət, anasının və özünün həyatındakı çoxlarına ulduz parıltısı kimi görünən bu kölgədən sıxılan, qorxan, uzaqlaşmağa çalışan oğlan hər irəli çəkilmə məqamında faciə qəhrəmanı sarsıntılarını yaşayır: ürəyi, dizləri əsir, qızdırması qalxır, ruhunda təlatümlər baş verir.

«Geri qaçım, təzədən bayıra, ordan birbaşa evə gedim, anamı axtarım – tapım, olanların hamısını ona danışım».

«Vicdansız», «Qansız», «İlan» adlandırdığı anasından mərhəm, isti münasibət görməyən oğlan növbəti dəfə çətinə düşəndə başqa bir qadına «pənah aparır»:

«Mən hardan tanıyırdım bu kinoteatrı; (vaxtilə Moskvaya – Kino institutuna da Şəhər Merinin tapşırığı ilə yollanmışdır — İ.M.)

Ədalı, sehrbaz Şəhər Meriylə hər hansı bir əlaqəni neynirdim?

Fəhlə işlərdim, zibil daşıyardım. Bu boyda ölkədə kim acından ölür ki?! Yer, yurd, iş-güc qəhətdi?! Tüpürüm hər şeyə! Qoy çatım telefona, bu qəfəsdən çıxmalıyam.

Yelenaya zəng edərəm, yalvararam. Moskvaya çıxıb gedəcəm, evlənəcəm, bir də bu xarabaya dönsəm, haram olsun…»

Digər bir qadın – yerinə keçdiyi müdirə isə vəzifəsinin ona bağışlandığını eşidəndə pencəyinin boynundan yapışıb onu arxası üstə yerə sərir, dırnaqlarını çiyinlərinə batırır, tuflisi ilə qabırğasına zərbələr endirir.

Gözətçi onu xilas edir və müdirənin özünü şillə-təpiyin altına salır, çıxılmaz vəziyyətdə qalan müdirə özünü pəncərədən atıb intihar edir.

Əsərin baş qəhrəmanı cavan oğlan hönkürüb ağlayır və şalvarını isladandan sonra yenə «Ay ana!» — deyib mələməyə başlayır:

«Hönkürüb onların əllərindən çıxmaq, müdirənin sərildiyi yerə cummaq, onun döyüntülərini eşitmək istəsəm də, şalvarımın içinə, dizlərimə qədər axıb gedən od kimi isti və getdikcə də tez soyuqlaşan nəm sulardan eymənib anamın adını çəkdim: — Ay ana, hardasan!!! — deyə mələməyə, anqırmağa başladım». s.49.

Əsərin dil-üslub xüsusiyyətlərindən bir az sonra bəhs edəcəyik. Ancaq iki cümləlik statdakı üç böyük səhvə – leksik norma pozuntusuna diqqət çəkmək istərdik: onun (müdirənin — İ.M.) döyüntüləri. Necə olur bu?

Təxəyyülümüzə yetmiş min mələk qanadları taxıb hara göndərsək, «müdirənin döyüntüləri» — söz birləşməsinin ifadə etdiyi mənanın assosiasiyasını tapıb gətirə bilməyəcək.

«Anamın adını çəkdim» — düşündük ki, anasının adı Leyla olduğu üçün «Ay Leyla!» — deyəcək. Amma müəllif körpə uşaqlardan anasının adını soruşanda verdiyi cavabın məntiqini təkrarlayır: ananın adı elə anadır…

«Ay ana hardasan» — sualına üç nida işarəsi qoyulub.

Bunu lap ritorik (cavabı olmayan) sual hesab etsək də, bir bəsit cümlə fonunda həm «mələmək» həm «anqırmaq» prosesini aydınlaşdıra bilmədik. Adətən belə məqamda «yalquzaq kimi uladım» — deyirlər…

Və «nəm sular» — ifadəsi… Bu ifadəni necə işlətmək olar? Məsələn, «zəhmət olmasa, nəm suyu burdan götürün», və ya: «sizdə quru su var?»…
Qayıdaq süjet məsələsinə.

Hamının tük saldığı şəhər Merinin göstərişinə və adamlarına əhəmiyyət verməyən müdirədən vəzifəni də, möhürü də gösətçi alıb verir Fərəcə.

Lenin meydanında 9 may paradı keçirilir. Fərəc də şəhər Merinə əl edir.1 may münasibətilə ona və gözətçiyə Fəxri Fərman verilir. Şəhər Merinin lenitləri siyahıya alınır və arxiv idarəsinə göndərilir və s.


Məqsəd Nur
Bu əsərə müstəqillik dövrünün demokratik cəmiyyətinin azad ədəbiyyatının nümunəsi kimi baxanda paradoksallıqla üzləşirik: «Başçıya — Şəhər Merinə sataşan «cəsarətli yazar» — onun prototipi kimi təqdim olunan qorxaq, aciz və qətiyyətsiz qəhrəman Fərəc…

Povest janrının yığışdırıldığı bir dövrdə «roman» yarlığı istənilən nəsr nümunəsinin üstünə yapışdırılır.

Hətta, hekayə ola bilməyən nəsrciklər özünü roman kimi təqdim etməkdən çəkinmir.

Səhv etmirəmsə Veyo Meyerin epik növün janrları haqqında maraqlı bir bənzətməsi vardı.

O, romanı ailənin başçısı — ata, povesti ana, hekayəni qız, novellanı isə şıltaq və dəyişkən xarakterli oğula bənzədirdi.

Bu bənzətmə ilə yanaşsaq, bu gün Azərbaycan ədəbiyyatında bu ağsaqqal atanın başına oyun açır, onu uşaq-musaq yerinə qoyur, hüququnu, haqqını tapdalayırlar. Belə getsə, tezliklə yarımcan Roman babanı qocalar evinə sürüyüb salacayıq…

«Şəhər Meri» əsərində fikir, düşüncə və mülahizələrini bir-birinə normal şəkildə çatdıra bilməyən, tipi xarakteri, portreti tam açılmamış obrazlar, roman siqləti spesifikasına xas olan hadisədən-hadisəyə və ya hadisədən-hadisə sistematikasından uzaq, azsaylı, bəsit, qırıq-qırıq təqdim olunan əhvalatlar (məhz hadisələşə bilməyən əhvalatlar), dramatizm, konflikt, ictimai-siyasi, sosial xarakterli zidd mövqelər qarşılaşdırma nüanslarından kənar, sadəcə şəxsi anti maraqlar səviyyəsində təsvir olunan münaqişələr və bərbad bir dil faktı ilə qarşılaşdıq. Yazarın ideya istiqamətini tutmağa çalışdıq: Şəhər Meri…

Kimdi bu şəxs? Markesin Azərbaycan oxucusu üçün doğma olan Patriarx babasının tör-töküntüsündən quraşdırılmış oyuncaq monarx, despot, hakimi-mütləq? 36 il öncə, 1975-ci ildə dünya oxucusuna yaşadığı cəmiyyət, ölkə, əsiri olduğu hakimiyyət, patriarxallığın idarə etdiyi məmləkət haqqında ümumiləşdirilmiş, bəşəri olan bədii sözü Markes «Patriarxın payızı» əsərində deyib.

Ədəbiyyatımızda «Baş nazir», «Şəhər Meri», «General», «Polkovnik» və s. kimi cırtdan doğuluşlar yeni heç nə demir…

Başqa bir roman haqqında dediyimiz fikri burda da təkrarlamaq məcburluğundayıq: Azərbaycan oxucusu bugünkü romanların böyük əksəriyyətində özünü və mühitini özü-özlüyündə gördüyündən artıq görə bilmir.

Məqsəd Nur əsərində yaşadığımız şəhərin küçələri, insanları, binaları haqqında nə qədər konkret ünvanlılıqla danışmağa cəhd etsə də, bizə günümüzün reallıqlarında adi oxucu baxışının fövqünə qalxa bilən, ictimai-siyasi, sosial mənzərəni analiz edib ümumiləşdirən həqiqi bədii sözü çatdıra bilmir.

Çağdaş ədəbiyyatımızın ən böyük bəlası — yaratmaq yox, quraşdırmaqdır. Həqiqi yazıçı fədakarlığı ilə hər kəsi və hər şeyi unudub, təğyiri-libas olub, həyatın və hadisələrin içinə girib yaratdığı bədii dünyada qələmdən silah kimi istifadə edərək obraz, hadisə, xarakter, situasiya və s. uğrunda tər tökə-tökə sözlə mücadilə fədailiyi yoxdur.

Söz axtarışı – o söz ki, onun içində sevgi, dostluq, mübarizə, azadlıq, zamanın qalmaqalları, düşüncə tərzi, insan taleləri üçün ağrı-acıları, ictimai düşüncədə oyanış yarada bilən təsir və s. var.

Şəhər Merinin maşınının pəncərəsindən hamı heyvan kimi görünür:

«Çkalov küçəsiylə yuxarı qalxan və enən adamların hər birinin çiynində heyvan başı gəzirdi — bu adamların bir hissəsi qadın, digərləri kişiydi. Onlar çox səliqəli geyinmiş, asta addımlarla qənbərlik küçəylə üzüaşağı və yuxarı gedirdilər». s.16.

Və ya: «O qədər həyəcanlıydım ki, hətta mavi şüşənin arxasından gördüyüm çoxsaylı heyvan başlı adamlara da fikir verməkdən bezir və bu narahatlıq bayaqdan Çkalov küçəsini qalxarkən keçirdiyim həyəcanları üstələyirdi…

Şəhər Meri binaya daxil olduqdan bir az sonra dalıyca bir sürü vəhşi heyvan başlı, ikiayaqlı insan sürüsü içəri soxulmağa başladı». (Patriarxın payızı» əsərində General sarayında da inəklər, mal-qara təsivr olunur…)

Əsərdə Adam adıyla bir neçə obraz təqdim edilir:

1) Şəhər Meri haqqında danışanda (Novruz bayramı vaxtı bazarda rastlaşanda) «Anam bu adamın onun sinif yoldaşı olduğunu dedi və biz bir də o Adam barədə danışmadıq…» s.6.

2) Fərəcin əmisi, Alimin qardaşı, qəribə, müəmmalı, sirli şəxs kimi təsvirə çəkilən ikinci Adam. «Sumaya yanıma qayıtdı. Məni içəri çağırdı. Bu həm də o demək idi ki, Adam çıxıb getsin.

Elə bu vaxt Adamın arxasında anam peyda oldu. Adam cəld bir hərəkətlə anamın əllərini sinəsinə qaldırdı…» s.26.

3) Qoltuğu qovluqlu, kinoteatrda qapıları möhürləməyə, surquclamağa gələn Adam. «Adam dinməzcə qovluğu açdı. İçərisindən poçt möhürünə bənzəyən uzun, dəyirmi möhür, (həm uzun, həm dəyirmi necə olur? — İ.M.) qalın boz ip topası, bir parça plastlinə bənzəyən gilənar rəngli maddə və bir neçə başqa əşya çıxarıb stolun üstünə qoydu… Adam piltəni cərəyandan çıxarıb şnuru qırağa atdı» s.40.

Bəli, əslində Adam adlı bu müxtəlif şəxslər də elə müdirə, Leyla, Qəzənfər, Alim, Sumaya, Anya, Gözətçi kimi tip xarakter, obraz mükəmməlliyindən, bitkinliyindən məhrum olmuş yarımçıq, natamam surətlər sırasında şikəst ədəbi taleləri ilə üz-üzə qalmışlar…

Müəllif zəruri təfərrüat və xırdalıqlara qədər incələmə məqamlarına ehtiyac duyulduğu yerdə məsələlərin başını üç-dörd başdangetdi cümlə ilə bağlayır.

Məsələn, Alim və Qəzənfər konfliktinin səbəbi, Leyla ilə oğlunun münasibətlərindəki qeyri-müəyyənlik, Şəhər Merinin və onun adamlarının müdirəyə təhqiramiz yanaşmasının əsası, gözətçinin sirr dağarcığı və imtiyazlı şəxs kimi maneralarının kökü və s. onlarla belə məsələlər…

Ancaq heç ehtiyac duyulmayan yerdə qan-tərə bata-bata uzun-uzadı, sicilləmə təsvir və təfərrüat nümayişi oxucunun vaxtını alır.

Məsələn Adamın müdirənin qapısını möhürləməsi prosesi: «əvvəl açarı qıfıla saldı, iki dövrə sağa fırlatdı, qapını azca açıb başını içəri saldı və bir neçə an beləcə qalıb geri çəkildi, təzədən qapını açarla bağlayıb stola yaxınlaşdı. Gözətçidən xırda bir dəmir qab istədi…

Mənə bunu isitməyə bir şey lazımdı — Adam Gözətçinin sözünü kəsib külqabının içinə atdığı gilanar rəngli maddəni göstərdi.

Sonra da, otağa bələdmiş kimi, geri qanrıldı, kresloların yanındakı elektrik plitəsini cərəyana keçirtdi, külqabını üstünə qoydu, qovluğundan çıxardığı qalınağızlı bıçaqla glənar rəngli maddəni doğrayıb xırdalatmağa çalışdı, maddəni bir neçə parçaya böldü.

Maddə istidən əriyib azca tüstü verməyə başladı. Mazuta bənzər qoxusu otağa yayıldı.

Maddə tamam durulaşdı. Adam piltəni cərəyandan çıxarıb şnuru qırağa atdı. Külqabını qovluğundan çıxardığı əskiylə tutdu, qovluğu da o biri əlinə götürdü, müdirənin qapısına yaxınlaşdı.

Qapının ağzında əlindəki çıxardığı qayçısıyla boz, qalın sapdan bir hissə kəsib qapıya qanrıldı, sapın bir ucunu qapı qıfılının açılan yerinə qoydu, işarələriylə bizi başa saldı ki, hərəmiz sapın bir ucundan yapışaq və sapı çarpazladı: elə nizamladı ki, sapın bir tərəfi qapının üstünə , digər tərəfi isə qapının sütununa yapışdı.

Biz hərəmiz sapın bir başından tutduq. Sonra qaşıq da çıxardı — tamam qaralmış iri bir xörək qaşığı ilə külqabıdakı yumşalmış maddədən götürdü, qapının tutacağına — qıfılının yanına və sapın hər iki başına çilədi.

Maddə yapışdı. Biz barmaqlarımızı çəkdik.

Sap yapışqan maddənin altında qaldı. Adam təzədən iplərin artıq hissəsini yapışqanın üstünə qatlayıb bir də maddəni sapı düyünlədiyi yerə yaxıb üç dairəni qoltuğunda tutduğu uzun dəmir möhürlə möhürlədi». s.39-40

Yazar ictimai əhəmiyyəti olan ağır bir mövzuya girişmək istəyib.

Lakin öz şikəst qəhrəmanları ilə dedektivvari manevr və vurnuxmalardan başqa bir mənzərə yaratmağa nail olmayıb:

Əsərdəki nənə-baba obrazı şəkil və qəbir daşı qılafından çıxıb oxucuya düz-əməlli bir söz deyə bilmir. Mövzu, məzmun, ideya və hadisələrə qətiyyən aidiyyatı olmayan bu detal nəyəsə işarə anlamına da gəlmir. «Bir dəfə, mən birinci sinifdə oxuyanda, Növruz bayramı günüydü, anam məni otağına çağırdı və şəkildəki qocaları göstərib rusca «bu sənin nənən, bu da sənin babandı» dedi. Mən şəkilə baxıb durdum». s.5.

Bir dəfə də («doğum səhadətnaməsini təhvil verib pasportunu alanda») anası ona xatırə dəftərindəki şəkli göstərib: Bu sənin atandı, bu mənəm, bu da şəhərimizin Meridir — informasiyasını verir.

Bolşevizm, Çernobıl və s. bu kimi aidiyyatsız detallar da bu qəbildəndir. Bəlkə də müəllif özlüyündə sətiraltı, mətnaltı, nə bilim sirli bir əlaqə yaratmaq istəyib, ancaq oxucuya çatdıra bilmir.

Müdirlik fəaliyyətinə başlayan Fərəcə xidməti avtomobil və sürücü verirlər.

O, bu maşında da hamını heyvan cildində görəcəyini düşünür. Gözətçiyə tapşırır ki, durduğu yerdən tərpənməsin.

Özü də maşına oturub pəncərədən onun heyvana dönəcəyini müşahidə etmək istəyir. Avtomobilin sehrlənməsini gözləyir.

Heç nə alınmır. Ancaq gözətçini maşında oturdub ona baxmasını tapşıranda mənzərə dəyişir. Gözətçi hamını heyvan sifətində görə bilir və dəhşət içində durmadan qusur, anlaşılmaz sözlər deyir, oğlanın üzünü cırmaqlamaq istəyir, hönkürtü ilə ağlayır və s.

O keçmişini və gələcəyini Şəhər Meri ilə bağlayır: «İstəsəm də onun müəyyənləşdirdiyi ölçülərdən qırağa çıxa bilmərəm. Budur, Şəhər Meri yenə mənim həyatımdadır». s.16.

«Şəhər Meri» əsərində dil səhvləri, dil qüsurları və ya xətaları yox, ağır dil qəzaları baş verib.

Hərçənd ki, müəllif elə vəziyyətin gərgin məqamında belə bir fikir ərz edir: «Rus dilli olduğumdan bəzi sözləri başa düşmürdüm. (İllər keçəndən sonra öz dilimizi əməllicə öyrəndim…)» s.23.

Oxucu 52 səhifəlik əsərdə «əməllicə öyrənilən» dilə hər addımda — beş-altı cümlədən bir ilişib qalır.

Hər cümlənin mübtəda, təyin, tamamlıq, zərflik və xəbərini yerinə tapıb qoyub, quruluşunu özlüyündə qaydaya salandan sonra qayıdır geri-fikri, ideyanı tutmağa.

Beləliklə, 52 səhifə dönür olur 251 səhifə… Ən pisi də odur ki, müəllif Azərbaycan dilinə keçmişkən yeni sözlər də yaratmağa cəhd edir. Konkret fatklara keçək:

…şümallı qara şalvarın dizdən aşağıya doğru kəsiyini gördüm. s.1.

…Hündür qaməti oturuşundan bəlli, iri, kəskin yaşılı gözlü, qart bədənli və orta yaşlı zəhmli bir kişinin yanında bənd almışdım. s.2.

…O əmindi ki, bayırlarda Günəş şəfəqlərinin tükənməməsində onun da danılmaz, bilinməz, sirli bir rolu var… s.3.

…Şəhər Merinin bir az sallaq, bir az təəssüf dolu səsi məni ayıltsa da gözlərimin səkisində hələ də parıltılı, ucu mic ayaqqabıları görürdüm. s.3.

…Bədənim, beynimin tumurcuqları gizildədi. s.6

…yeyin addımlarla qarşıya tərəf irəlilədi. s.8. (Arxaya, ya sağa-sola da irəliləmək olur? — İ.M.)

…Mən də, ətrafdakılar da onun hərəkətlərini, ağzının sözünü izləyirdik.

…mən bu duyğuları dərhal boğub ürəyimin altındaca torpaqladım. s.10.

…sanki mənə göstəriş verməyə qırmandılar.

…Mən onun qabaq dişlərindəki iki qızıl dişi və ağzındakı gümüşləri gördüm. s.19.

…indii mənə və evə tərəf baxıb mıqqıldaşırdılar. s.20.

…Hər kəsin üzündə böyük sevinc və bayram alışqanlığı vardı. s.22.

…gözlərimin parıldadığını hiss etdim və hətta tüklərim üşündü. s.23.

…Hardansa, quru ağaclardan qurulmuş və ətrafını kol basmış basarağın arasından çıxıb bizə tərəf şığıyan o Adamı gördüm. s.23. (Quru ağaclardan qurulmuş basaraq nədir? Evdir, daxmadır, hasardır?.. — İ.M.).

…özümü maşından atmaq üçün açılacağı axtarsam da kip bağlı olduğunu görür və çığırmaq istəyirəm. s.30.

…Bu dəfə çox hirsliydim və bu daxili qəzəbdən titrəyirdim. s.38.

…Adam liftin tavanına zillənib durmuşdu. s.40.

…Cingildəşən quşlar susdu. s.40. (civilti ilə cingilti sözü qarışdırılıb — İ.M.)

…evə zəng edib, səsim gəlincə anamın üstünə anqırım. s.42.

…Burada heç bir atın yorğasını, şortdağını hərləmirlər, yoldaş müdir!. s.43.

…Müdirənin kabinetinin qapısına yaxınlaşır, sifətinin bir tərəfini dermantinlə dəriylə sırıqlanmış (? — İ.M.) qapıya üz söykəyib içərini güdürəm. S.46.

…İndii o mənim xasiyyətimdə boş bir yer axtarır ki, ora narın yarınmalar göndərsin.

…Diz çöküb başını müdirinin sinəsinə tutur, yuxarı çıxmış yubkasının ətəyini dartıb baldırlarını örtür. s.49.

…Avtomobili tanıdım… Tund göy — gümüşü rəngliydi. s.49. (Həm tünd göy, həm də necə gümüşü ola bilər? — İ.M.).

…Avtomobili bu qalınlıqda tozdan gözətçi yusun!
Özü də gecə vaxtı — lap qaranlıqda.

Müdirənin sərildiyi yeri yuduğu vedrə və əskiylə. O həmin vedrə və həmin əskiylə deyə bir də soruşdu.

Mən sözümü təsdiq edəndə bir də məhz hansı əskiylə təkrar soruşmaq istədi. Bunları xadimələr bilir, bəlkə də həmin əski və vedrə burda yoxdu. Mən onunla otağına düşdüm. Açarların altındakı taxta gözlüklərdən birini açdım, ordan dəmir vedrəni və gülləri solmuş quru əskini çıxarıb ona uzatdım. s.50.

(Bu abzasda dilimizin fonetik, leksik və qrammatik mormaları sağdan, soldan, yuxarıdan, aşağıdan — hər tərəfdən dönə-dönə pozulub. Onu da qeyd edək ki, əsər, «Azərbaycan» jurnalının №6 2011-ci sayında da redaktəsitz-filansız, səhvlərlə dolu vəziyyətdə çap olunub — İ.M.).

…Birdən gözətçi mənə yaxınlaşır. Avtomobili geri həyətə çəkməyi deyir. s.51.

Səhifə 4-də başlıq kimi verilmiş «Udqunçu» sözünün mənasını da çözə bilmədik»…

Həmçinin oxu
Məqsəd Nur "Şəhər meri" (Romandan parça)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG