Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:41
İyunun 2-də Goranboy rayon sakini, 45 yaşlı Rəhman Qasımov əlində ona məxsus qoşalülə ov tüfəngi ilə icra hakimiyyətinə şikayətə gəlib. Mühafizəçilər onu elə icra hakimiyyətində zərərsizləşdiriblər. 2010-cu ildən təqaüdə çıxan keçmiş polis işçisi Rəhman Qasımovun uzun illərdir şəkərli diabetdən əziyyət çəkdiyi bildirilir. Həyat yoldaşı Nəzakət Qasımova deyir ki, Rəhman Qasımov məcburiyyətdən bu addımı atıb. Onun sözlərinə görə, əri dəfələrlə müxtəlif səhiyyə ocaqlarına diabetə qarşı dərmanlarını vaxtı vaxtında almaq üçün müraciət edib. Nəzakət Qasımova deyir ki, 10 ildir insulindən asılı, ağır şəkər xəstəsi olan həyat yoldaşı get gələ salındığından hətta dəfələrlə prokurorluğa belə şikayət ərizəsi yazıb. Həmin ərizələri göstərən Nəzakət Qasımova deyir ki, dərmanları qəbul etməyəndə əri dəhşətli ağrılar keçirib:

«AĞRILARINA DÖZƏ BİLMƏYİB...»

«1 il özü acıq edib Gəncədən, başqa yerlerdən insulin alıb gətirirdi, vururduq. Xəstəxanada insulin olmurdu, deyirdilər yoxdur, az gəlir, çatdıra bilmirik. Gedib icra hakimiyyətinə şikayət edib, təzyiq göstəriblər xəstəxanadan dərman verilib. 2006-cı ildən rəsmi şəkildə də müraciət edib. Mərkəzi xəstəxanaya və prokurorluğa göndərib ki, baxılsın. 1 ay, yarım ay verilirdi sonra yenə vermirdilər. Ara verəndə də bütün bədəni səpirdi. O gün dırnaqlarına qədər kəsib ki, ağrılarına dözə bilmir».

Qarabağ müharibəsində onurğa sütunundan zədə almış 4 dəfə əməliyyat olunmuş veteran və köhnə polis işçisinin icra hakimiyyətin basqın edərək etiraz etməsi yoldaşı Nəzakət Qasımovanı utandırır. Deyir gərək belə etməzdi. Bununla yanaşı 2 gündür ki polis şöbəsində saxlanılan Rəhmanın səhhətindən də nigarandır:

«Rəhman deyir ki, heç indi də polis şöbəsində şəkərini aşağı salmaq üçün xəstəxanadan insulin verilməyib. 2 gündür həkim gedib baxıb, şəkəri qalxır çox yüksəkdir. Qohumlarından kənddə şəkər xəstəsi var, ondan insulin tapıb gətiriblər ki, aparın vursunlar».

Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rüstəm Budaqov isə deyir ki, Rəhman Qasımova hər ay qaydasında dərmanlar verilir. Lakin onu da əlavə edir ki, rayonda xəstə sayı verilən dərmanlardan çoxdur.

«İMTİYAZLI XƏSTƏLƏR DƏRMANLA TƏMİN OLUNUR»

«Goranboyda ancaq endokrinoloji kabinet var, imtiyazlı qrup xəstələr dərmanla təmin olunur.

- İnsulin ödənişsiz dərmanlar içərisindədirmi?

- Bəli. Rayonda 1707 şəkər xəstəsi var. Verilir amma xəstənin sayı hədsiz çoxdur. Xəstə uçota duran kimi dərman tələb edir.

O xəstə ötən ay 6 flakon, bu ay da 6 flakon dərman alıb. Eyni zamanda müxtəlif dərmanlar da alıb. Onun problemi bilmirəm nədir dərmanla əlaqəli deyil.

Ailəsindən fərqli olaraq baş həkim deyir ki, polis şöbəsinə yenə diabetə qarşı dərmanlar göndərir. Deməsinə görə, Səhiyyə və Maliyyə nazirliklərinə dərman vasitələrinin sayının artırılması ilə bağı müraciət edib:

«Səhiyyə nazirliyinə də, maliyyə nazirliyinə də müraciət etmişik. Söz veriblər ki, ilin ikinci yarısı dərman təminatı yaxşılaşacaq.

29 min manat vəsait hazırlamışıq ki, dərman alınsın. Bizi səhiyyə nazirliyi maliyyələşdirmir. Yerli maliyyə şöbəsi maliyyələşdirir, Nazirlik ildə 2 dəfə innovasiya şəklində yardım edir».

Rayon prokurorluğundan verilən məlumatda isə deyilir ki, 45 yaşlı Rəhman Qasımov xəstə olduğu üçün Goranboy Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Məmmədovdan maddi kömək istəyib. Lakin ona heç bir yardım edilmədiyindən diabetdən əziyyət çəkən Rəhman Qasımov evindən qoşalülə ov tüfəngini götürüb etiraz əlaməti olaraq Goranboy rayon İcra Hakimiyyətinə gəlib.

Polis şöbəsindən isə deyilir ki, barəsində açılan cinayət işi üzrə Rəhman Qasımov istintaq altında və həkim nəzarətindədir.

Faktla bağlı 1 iyul 2011-ci il tarixdə Goranboy rayon prokurorluğunda Rəhman Qasımovun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Rəhman Qasımovu 2 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG