Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:40

Böyük partiya, bəs kommunizm hanı?


Çin
Çin
Minxin Pei (Kaliforniyadakı Claremont McKenna Kollecinin idarəetmə üzrə professoru)

«SİYASİ BEGEMOTA» ÇEVRİLƏN PARTİYA

Çin Kommunist Partiyası 90 il əvvəl vur-tut 50 üzvü təmsil edən 12 nümayəndə tərəfindən təsis olunub. Utopik marksizmdən ilhamlanan partiya o vaxt idealist solçuları, millətçiləri və cəmiyyətin zülmə məruz qalmış təbəqəsini təmsil edirdi. Məqsədi isə sosial ədalətsizliyə və Qərb müstəmləkəçiliyinə son qoymaq idi.

Bu gün isə Partiya 80 milyon üzvü olan və dünyanın ikinci böyük iqtisadiyyatını idarə edən «siyasi begemota» çevrilib. Onun bərk-bərk yapışdığı hakimiyyətə ölkə daxilində hər hansı mütəşəkkil təhlükə mövcud deyil, xaricdə isə rəhbərləri bir vaxtlar MaoZhou Enlainin arzulaya bilmədikləri hörmətlə qarşılanırlar.

Əslində, hakimiyyətinin ilk 30 ilinə xas olan kütləvi terror, kəskin qıtlıq, kobud siyasi kampaniya və hakimiyyət uğrunda qəddar mübarizə kimi «mao axmaqlıqlarından» imtina etdiyinə və Çinin 1.3 milyardlıq əhalisinin həyat şəraitini radikal şəkildə yaxşılaşdırdığına görə Partiya təşəkkürə layiqdir.

Çin Kommunist Partiyası artıq utopik ideya təbliğ etmir. Onun bir ideologiyası varsa, o da hakimiyyət ideologiyasıdır. Bu Partiya artıq sıravi əhalinin də partiyası deyil. Partiyanın sosial bazasını genişləndirərək onu Çinin dinamik və rəngarəng cəmiyyətinə daha sıx bağlı hala gətirmək səylərinə baxmayaraq, o, bu gün yalnız özünə xidmət edən bürokratik siyasi qəyyumluq maşınına çevrilib. Çin Kommunist Partiyası hazırda elita partiyasıdır. Bu, inkaredilməzdir. Onun üzvlərinin 70 faizindən çoxunu hökumət işçiləri, hərbçilər, universitet məzunları, iş adamları və ayrı-ayrı peşə sahibləri təşkil edir.

Çin. Tələbə və məktəblilərin bayram paradı
DEMOKRATİKLƏŞMƏDƏN İMTİNA

Beləliklə, Partiya nə qədər qüdrətli görünsə də, əslində ciddi böhranla üz-üzədir və gələcəyi qeyri-müəyyən görünür. Partiyanın hakimiyyətdə qalmaqdan başqa məqsədi yoxdur. Özü də böhran təkcə ideoloji yox, həm də siyasi böhrandır.

Partiya demokratikləşmədən qəti şəkildə imtina etdiyinə görə, onun həyatda qala bilmək üçün yeganə strategiyası 1989-cu ilin iyununda Tiananmen meydanından götürdüyü kursu davam etdirməkdir: iqtisadi artımdan siyasi legitimlik hasil etmək, lakin özünün hakimiyyət inhisarına istənilən mümkün təhdidə qarşı repressiyadan istifadə etmək. Tiananmendən bəri bu strategiya işləsə də, onun effektivliyi və dayanıqlılığı getdikcə daha çox şübhə doğurur.

İqtisadi artım tempi azalmaq üzrədir. Əhalinin yaşlanması, resursların məhdudluğu, dalana dirənmiş iqtisadi islahatlar Çinin iqtisadi artım potensialının zəifləyəcəyinə şübhə yeri qoymur. Hətta optimizmi ilə seçilən Dünya Bankının proqnozlarında belə, 2016-2020-ci illər üzrə Çinin iqtisadi artım tempi illik təqribən 7 faiz göstərilir. Doğrudur, bu, pis göstərici deyil, amma hər halda indikindən 30 faiz aşağıdır.

QƏLİZLƏŞƏN VƏZİYYƏT

Çindəki iqtisadi inqilab güclənən sosial qüvvələrin əl-qolunu açıb və bu, birpartiyalı rejimi saxlamağı daha da qəlizləşdirib. Partiyanın hakim fəlsəfəsi və təşkilatı strukturu onun Çinin güclənən orta sinfinin siyasi maraqlarını ifadə etməsini çətinləşdirir. İqtisadi zəifləmə ilə siyasi fəallığın artmasının üst-üstə düşməsi Partiyanın hakimiyyəti üçün bir neçə istiqamətdən təhlükələr yaradacaq.

Çin Kommunist Partiyası 62 ildir ki hakimiyyətdədir. Rekord isə Sovet İttifaqındakı Kommunist Partiyasına məxsusdur – 74 il. Sonra Meksikada 71 il hakimiyyətdə qalmış İnstitusional İnqilab Partiyası gəlir. Bir sözlə, Partiyanın 90 illiyini qeyd edərkən, gərək Çin rəhbərləri tarixin qəribəliklərini geridə qoyacaqları ilə bağlı illüziyalara qapılmasınlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG