Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:35
Korrupsiyanın səviyyəsi keçid dövrü ölkələri arasında Azərbaycanda ən yuxarıdır. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının gəldiyi qənaətdir. Bank 33 ölkədə apardığı sorğunun nəticələrini bu günlərdə elan edib. 40 minə yaxın ailənin cəlb edildiyi bu sorğunun Azərbaycana aid olan hissələrini təqdim edirik:

BÖHRANIN TƏSİRİ

Azərbaycanda rəyi soruşulanların 55 faizi bildirib ki, beynəlxalq maliyyə böhranı onların dolanışıq mənbələrinə təsir edib. Bu da keçid regionu ölkələrindəki ümumi göstəricidən yuxarıdır. Böhran xüsusilə də az gəlirli təbəqələrə təsir edib.

HƏYATINDAN MƏMNUNLUQ

2006-cı illə müqayisədə həyatından məmnun olanların sayı artıb. Sorğuda iştirak edənlərin 40 faizi həyatından razı olduğunu bildirib. Razı qalanlar əsasən orta gəlirli adamlardır. Sorğu iştirakçılarının yardan çoxu ölkənin ümumi sosial-iqtisadi vəziyyətinin 2006-cı ildən daha yaxşı olduğunu qeyd edib.

Həmçinin, əksəriyyət gələcək nəsillərin indikindən daha yaxşı yaşayacağına əmin olduğunu bildirib. Amma yaşı 60-dan yuxarı olan və yüksək gəlirli insanlar gənc nəslin gələcəyi barədə o qədər də optimist deyillər.


DEMOKRATİYA VƏ AZAD BAZAR MƏSƏLƏLƏRİNƏ YANAŞMALAR

Sorğuda iştirak edənlərin 50 faizi ölkənin siyasi və iqtisadi sistemində demokratiya və azad bazar prinsiplərinin tətbiq edilməsinin lazım olduğunu deyib. Amma 10 faizi planlı iqtisadiyyat və avtoritar hökumətə üstünlük verdiyini bildirib. Onların hər üç nəfərindən ikisi hesab edir ki, ölkədə güclü iqtisadi inkişaf xatirinə siyasi azadlıqların məhdud olmasına hazırdırlar.

Amma vətəndaşlar arasında ölkədəki siyasi və iqtisadi vəziyyət barədə fikir ayrılıqları çoxdur. Onların hər üç nəfərindən biri ölkədə siyasi azadlıqların təmin edildiyini və iqtisadiyyatın çiçəkləndiyini, üçdə-biri siyasi azadlıqların az olduğunu, amma iqtisadiyyatın güclü inkişaf etdiyini, üçdə-biri isə çox az sahələrdə azadlıqlar olduğunu, iqtisadiyyatın da zəif inkişaf etdiyini düşünür.

Rəyi soruşulanların çox az hissəsi hesab edir ki, ölkədə əsas demokratik institutlar var.

ÜMUMİ VƏ AYRI-AYRI QURUMLARA İNAM

İnsanlar başqalarına o qədər etibar etmirlər. Respondentlərin hər dörd nəfərindən biri qeyd edib ki, ümumiyyətlə insanlara inanmaq olar.

Buna baxmayaraq, dövlət qurumlarına inam Qərbi Avropa göstəricindən daha yuxarıdır. Respondentlərin yarıdan çoxu prezidentə və silahlı qüvvələrə inandığını bildirir.


KORRUPSİYA GÖSTƏRİCİSİ

Azərbaycanda korrupsiya bütün sahələrdə keçid dövrü ölkələrindəki vəziyyətdən daha yuxarıdır. Korrupsiya bu ölkədə davamlı olaraq genişlənir. Respondentlərin yalnız 18 faizi hesab edir ki, 2006-cı ildən bu yana ölkədə korrupsiyanın səviyyəsi azalıb. Onların yarıdan çoxu məmurlara işi düşəndə pul verdiyini bildirib. Bu təcrübə ölkədə bütün sahələrdə, xüsusilə də səhiyyədə geniş yayılıb. Yol polisində, bürokratik aparatda və məhkəmələrdə pul verənlərin yarıdan çoxu bildirir ki, rüşvəti onlardan tələb edirlər, ya da gözləyirlər.

Korrupsiyaya münasibət də pisdir. Sorğuda iştirak edənlərdən yalnız üç faizi deyib ki, rüşvət, ya da hədiyyə vermək pis iş deyil.

DÖVLƏT XƏRCLƏRİNİN PRİORİTETLƏRİ

«Büdcə xərclərinin əsas istiqamətləri hansılar olmalıdır» sualına respondentlərin yarıdan çoxu təhsil, səhiyyə və kasıbların müdafiəsini göstərib. Keçid dövrü ölkələri arasında Azərbaycan kasıblarla varlılar arasında kəskin fərqin azaldılması və bərabərliyin müdafiə edilməsi sahəsində sonuncu yerdədir.

Azərbaycan rəsmilərinin bu hesabata münasibətləri hələlik bəlli deyil. Amma rəsmilər adətən xarici təşkilatların tənqidlərini Bakıya yönələn təzyiq cəhdi kimi izah edirlər.

Şərhləri göstər

XS
SM
MD
LG