Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:48
QİSMƏT


YUXULU VƏ AYIQ YAZI

...Gecənin yarısı qan-tər içində oyandım. Saata baxdım : 4-34.

Qəribə bir yuxu görmüşdüm. Xatırlamağa çalışdım, alınmadı. Nəsə qəribə bir yuxu gördüyümdən əmin idim, amma nə illah edirdimsə, yadıma düşmürdü.

Yuxu ilə reallığın sərhədini hələ tam ayırd edə bilmirdim. Çarpayıda oturub gözlərimi ovuşdurmağa başladım.

Get-gedə alayuxululuğum kölgə kimi sürünə-sürünə yoxa çıxdı. Nə gördüyümü xatırladım.

Bir stəkana su tökdüm, yuxumu danışdım, sonra başıma çəkdim suyu. Uzandım və qaçıb gedən yuxumu gözlədim. Gəlmədi. Durub yazmağa başladım. Bu yazının o yuxuyla bir bağlılığı varmı, görən?

Meyxanələr divanəsi Edqar Ponun məşhur şeiri “Quzğun” barədə bir təhlil yazısı var – “Kompozisiyanın fəlsəfəsi “.

Həmin yazıda o, ölümündən sonra dünya poeziyasında bütün zamanların ən gözəl şeirlərindən biri hesab ediləcək “Quzğun” şeirini necə yazmasını (bəlkə də bir ev kimi kərpic-kərpic tikməsini) ən xırda detalınacan izah edir.

“Quzğun” şeiri dünya poeziyasının, həmin yazı isə ədəbiyyat tarixinin ən gözəl təhlil yazılarından biri kimi indi də təkrar-təkrar oxunur.

Ponun 1845-ci ildə yazdığı, elə həmin il də “Nyu York ivning mirrou” qəzetində çap etdirdiyi o şeirin mövzusu belədir :

Sevgilisi Leonorun yasını saxlayın aşiqi (güman olunur ki, oğlan tələbədir) danışa bilən qəribə bir quzğun ziyarət edir.

Pərişan haldakı oğlan quzğunla danışdıqca get-gedə dəliyə dönür.

Quş oğlanın evindəki Afina-Palladanın (yunan mifologiyasında enerji, ağıl, sənət tanrısı) büstünə qonur və şeirin sonunacan aşiqin bütün suallarına bircə sözlə cavab verir : nevermore – yəni, bir də heç vaxt və ya bir də əsla (bu söz hər bəndin sonunda təkrarlanır).

Şeirdəki aşiq bir müddətdən sonra başa düşür ki, quzğun ancaq bu sözü bilir. Bu söz onun üçün dözülməz olsa da, sanki özünə əzab verməkdən ləzzət alan oğlan quşa dayanmadan suallar verib həmin cavabı eşidir.

Bu, şeirin ümumi məzmunudur. Po öz təhlilində ilham mənbəyini, istinad yerlərini də göstərir.

Şeirin ilham mənbələrindən biri Çarlz Dikkensin “Barnabi Rac” novellasındakı danışan qarğadır. Şeirin ritmi və ölçüsü isə Elizabet Brouninqin “Ledi Ceralindinaya girişmək” şeirindən götürülüb.


Edqar Po

Cənab Po şeiri necə “tikdiyini” öz yazısında bu cümlələrlə ifadə edir: “Bütün mövzular içində bəşəri baxımdan ən hüznlü mövzu hansıdır? Cavab, əlbəttə ki, ölümdür.

Bəs bu hüznlü mövzu nə vaxt daha çox poetikləşir? Gözəlliklə çulğaşdığı zaman. Onda gözəl bir qadının ölümü, şübhəsiz, ən poetik mövzudur “. Mən böyük yazıdan kiçik bir parçanı sitat gətirdim. Ponu xatırlamaq və bu sitatı verməkdə məqsədim var.

Düşünürəm ki, bu təcrübəyə əsaslanıb nəsə yazmaq olar. Bu, gözəl bir yazı praktikası sayıla bilər.

Yazı atelyeləri bizdə yoxdu, amma mən öz payıma deyə bilərəm ki, Ponun məqaləsi tipində, təcrübəni ümumiləşdirən, yazı mətbəxini işıqlandıran yazılardan çox enerji almışam. İndi bir çox xarici ədəbiyyat saytında virtual yazı atelyeləri var.

Tutalım, saytın admini bir peyzaj paylaşır və deyir ki, 10 sözdən istifadə etməklə (məsələn, bu sözlər olsun: dəniz, günəş, adam, gecə, ağlamaq, kədər, imtahan, sevgi, ümid, ölüm) bu mənzərəylə bağlı şeir yazmağa çalışın.

Hər zaman olmasa da, zaman-zaman maraqlı nəticələr alınır.

Buna ədəbiyyatdan uzaq, anormal bir proses kimi baxanlar da var. Məsələni böyütmək lazım deyil. Bu, sadəcə məşğələdi.

Zatən istedadı və ədəbiyyat sevgisi olmayan adam nə qədər yazır yazsın, nə mənası var? Bu, klişe olsa da, qədim düsturdur.

Bizim təfəkkür coğrafiyamızda, əksər sahələrdə olduğu kimi, ədəbiyyatda da öyrənməyi özünə sığışdırmama, bildiklərini rəhbər tutaraq özünü başqalarıyla müqayisə müstəvisinə gətirib, “qələbəni” mütləq mənimsəmə, kimisə tamam inkar etmə, ya da fetişləşdirmə və başqa bu tipli problemli cəhətlər var.

Görünür, bilginin ancaq özündə qalmasını istəməkdən, yaxud “yazını ya yaza bilirsən, ya da yox, öyrənmək olmur” klişesi ucbatından yazı emalatxanalarını bizdə heç vaxt görə bilməyəcəyik.

23 yaşından romançı olmağa qərar verib, oxuya-oxuya, yaza-yaza, kəndi deyimiylə, “özünü döyə-döyə yazıçı edən”

Orxan Pamuk xatirələrində bildirir ki, Amerikada yaradıcı yazarlıq (creative writing) kursuna gedib.

Əvvəl bu kursda istedadlı yazarların nəsə öyrənəcəyinə şübhəylə yanaşan Pamuk (görünür, bu önyarqı qaçılmazdı) sonradan görüb ki, burda çox maraqlı və lazımlı nələrsə öyrənmək mümkündür.

Madam ki, Podan Pamukacan sitatlarda praktiki müstəvinin yoxluğuna işarə etdik, o zaman gəlin kiçik bir eksperimentə əl ataq.

Bir əşyanı, detalı müəyyənləşdirib onunla bağlı bir neçə tipdə nəsə yazmağa cəhd edək.

Bu kontekstdə mən şeiri çıxdaş edirəm. Kiçik nəsr parçaları yazmağa çalışacağam.

Pəncərədən boylanıram və gözümə dəmir bir yellənçək sataşır. Olsun elə, yellənçək. Görək bu barədə nə və necə yazmaq olar.


Orxan Pamuk

1-ci variant (kifayət qədər romantik, bəzəkli cümlələrlə doldurulmuş, dərin fəlsəfi məzmunlu, ehtimallarla şişirdilmiş, içində çoxlu üçnöqtə olan və facebook-dakı bütün nominasiyalarda “çox kədərlidi” statusuna layiq görülən yazı tipi)

– Parkda oturub siqaretimi sümürə-sümürə insanlara baxıram. Hamısının üzündə qəribə bir kədər, gözləri yorğun...

Elə bil hamısı ayaqlarına yolları geyiniblər, gözlərinə gecələri. Bəlkə də əlindəki çantanı qayğısızca yelləyən o məktəblinin hələ kədərdən xəbəri yoxdu.

O bilsəydi ki, kədər nə deməkdi, bəlkə də çantasını yelləməzdi... Amma o da böyüyəcək bir gün dolu çantaların boşluğunu anlayacaq... Həyatın puçluğu...

Burda yadıma məşhur bir filosofun sözü düşür: Həyat – fanidir. Mən o filosofun sözünə bir əlavə edərdim: Həyat təkcə fani deyil, həm də kədərlidir.

Arzular ... Uşaqlıq... Yellənçək... Yellənçəkdə yellənən uşaqlara baxıram. Uşaqlardan çox, dəmir yellənçək mənə maraqlı gəlir.

O cansız, dəmir nəsnənin görəsən arzuları varmı? Görəsən o da düşünürmü? Əzab çəkirmi?

Yellənçək saatın kəfkiri kimi yellənir. Uşaqlar sanki bu saatabənzər yellənçəkdə yelləndikcə öz uşaqlıqlarını geridə qoyub böyüyürlər. Yellənçəyin dəmir iradəsi zamana qarşı gəlmək istəyir.

Yellənçəyə baxıram mənə elə gəlir ki, o da düşünür. Düşünür ki, niyə həyat belədi?... Niyə məni duymaq istəmirlər?

Niyə mən onlara ancaq əyləncə üçün lazımam?...

Mən siqaretimi sümürə-sümürə yenə yellənçəyə baxıram. Bir uşaq yıxılır, ayağı qanayır, ağlamaca başlayır. Məni isə yellənçək düşündürür...

Görəsən, o da yıxılsa, qanayarmı ayağı? Gözlərindən yaş gələrmi? Bilmirəm...

Düşüncələrim məni çox uzağa aparır. Fikrimin atı göylərə doğru çapır, cilovlaya bilmirəm. Bu gecə gərək yellənçəyi düşünüm... Bəlkə o da məni düşündü...

2-ci variant (adi təhkiyə ilə yazılmış, lazımi qədər bənzətmələrlə qüvvətləndirilmiş, real fakta, ağrıya söykənən, oxuyanların “hə, nolsun ???“, oxumayanların isə “məni çəkmədi” deyəcəkləri bir yazı tipi )

Rəhmətlik nənəm (Allah sizin də ölənlərinizə rəhmət eləsin!) bişirdiyi mürəbbələri, bağladığı turşuları açmazdı ki, Türkiyədəki qohumumuz Şahin qonaq gələcək.

Biz də həmişə deyərdik ki, Şahin gəlir-gəlsin, lap yaxşı, bu qədər turşunu, mürəbbəni, kompotu bir adama görə saxlamaq düzgün deyil axı. Nənəm dediyindən dönmürdü ki, dönmürdü.

Şahingil yay aylarında bəzən gəlirdilər. Darvazanı açırdım, onların maşını həyətə girəndə uçmağa qanadım olmurdu. Şahin dayıyla (əmi demirdim, nəsə onda bir dayılıq vardı.

Bəlkə də açılması bizə yasaq olan qapaqlar onun gəlişiylə açıldığı üçün), onun yoldaşıyla balon-balon qucaqlaşırdım.

Sonra manqal tüstülənir, kabab qızarır, badələr dolub-boşalırdı. Kompotların açılması, turşuların zirzəmi məhbusluğundan qurtulub süfrədə öz müstəqilliyini elan etməsi üzümü güldürürdü.

Şahin dayı bir az keflənən kimi deyirdim ki, gedək məni yellənçəkdə yellə. Bunu deyən kimi onun gözünə işıq gəlirdi. “Gedək” – deyirdi.

Amma nədənsə hər dəfə mən bu sözü deyəndə masada kişilər siqaret yandırır, yaşlı qadınlar gözünü adamdan qaçırtmağa başlayır, başını aşağı salır, gəlinlər isə bir bəhanə tapıb mətbəxdə nəyinsə dalınca gedirdilər.

Mən isə sevincək cumurdum həyətdəki yellənçəyə tərəf.

Şahin dayı məni yellədikcə ona suallar yağdırmağa başlayırdım.

Türkiyəylə bağlı sadəlövh, çocuqca suallarıma gülümsəyərək, təmkinlə cavab verirdi.

Onun bütün dediklərini beynimə yazırdım ki, tətil bitib dərslər açılanda sinif yoldaşlarıma Türkiyədə qohumumuz olmasından, onun yayda bizə qonaq gəlməsindən və danışdıqlarımın hamısının məni yellənçəkdə yelləyə-yelləyə şəxsən özümə söyləməsindən danışım, qürurlanım.

Ölümündən bir neçə ay öncə, gözəl günlərin birində nənəm “Şahin gələcək”- deyib yenə nəsə hazırlamağa başlayırdı.



Mətbəxdə onu yanladım. Təzə-təzə şeir yazmağa başlayırdım onda. Kimi çənəmin altına salırdımsa, ondan nəsə bir əhvalat qoparmaq istəyirdim ki, yazım.

Özü də israrla deyirdim ki, faciəvi, kədərli əhvalat olmalıdır. Dayım nakam sevgi əhvalatı danışmışdı (Sonralar bildim ki, məni aldadıb.

Danışdıqları hansısa əsərdən imiş). O biriləri dəqiq yadıma deyil. Əlimdə dəftərim mətbəxdə nənəmi sual atəşinə tutdum. Axır ki, arvad yavaş-yavaş dilə gəldi və mənə bu əhvalatı danışdı:

“ Bir oğlanla bir qız bir-birini dəlicəsinə sevirlərmiş. Amma oğlanın hələ qabaqda əsgərliyi varmış.

Bir yandan da ev problemi. Valideynləri oğlana deyirmiş ki, ay bala, o qız səni gözləməz. Sən gedib-gələsi, ev alası...

Uzun həngamədi. Qızın da valideynləri ona təxminən eyni şeyləri – öz qızlarının xeyrinə – deyirmişlər.

Nə oğlan, nə qız razılaşmır. Dava-qırğın. Axırı valideynlər qərara gəlir ki, ən azı oğlan əsgərdən gələnədək gözləsinlər. İş elə gətirir ki, oğlan əsgər gedib qayıdır, dişiylə dırnağıyla qazanıb özünə birotaqlı ev də alır. Evlənirlər.

Bir qızları olur. Adını Nərmin qoyurlar. Uşağın dörd ya beş yaşı olanda bədbəxt bir hadisə baş verir.

Atası qızını yellənçəkdə yelləyəndə iplərdən biri qırılır və uşaq kişinin əlindən çıxıb üzüstə yerə çırpılır, boynu qırılır. Bir-iki saatdan sonra uşaq xəstəxanada canını tapşırır“.

Nənəm mənə həmin vaxt qəzet xəbəri kimi maraqsız və adi gələn bu əhvalatı danışıb ağlamışdı.

Mətbəxdə nənəmə kömək eləyən anam gözünü məndən yayındırmışdı, gəlinlərimiz “uşağa baxım” bəhanəsiylə mətbəxdən içəri otaqlara getmişdilər.

Özünə çay süzməyə gələn dayım nənəmin niyə ağladığını soruşmuşdu. Anam titrək səslə: “Yellənçək əhvalatını danışdı Qismətə” – demişdi və dayım bir siqaret yandırmışdı.

... Gecənin yarısı qan-tər içində oyandım. Yuxu görmüşdüm. Çarpayımın kənarında oturub gözlərimi ovuşdurdum.

Bir az özümə gəldim. Mətbəxə gedib bir stəkan su götürdüm. İçmədim. Həyatımda ilk dəfə yuxumu suya danışmaq istədim. “Bismillah” –deyib suya yuxumu danışmağa başladım: “Saçının bir yanı ağ, bir yanı qara bir kişi bir qapının ağzında məni saxladı. Gözlərinin rəngi tez-tez dəyişirdi.

– Yazı yazmağa gəlmisən?

– Hə.

– Yaxşı yazmaq istəyirsənmi?

– Əlbəttə.

Gülümsəyib: – “Bu qapıdan içəri keç, – dedi. – İçəridə bir ağac görəcəksən. Ona diqqətlə bax. Bir şey başa düşsən, yazacaqsan“.

Kişi qapıdan astaca çəkilib, mənə yol verdi. Qapını qorxa-qorxa açıb içəri keçdim. Adi bir həyət idi, tən ortasında bir ağac. Baxa-baxa ağaca yaxınlaşdım. Alma ağacıydı, amma budaqlarında almadan başqa hər meyvədən vardı“.

Yuxumu suya danışıb, stəkanı başıma çəkdim. Uzandım və qaçıb gedən yuxumu gözlədim. Gəlmədi. Durub yazmağa başladım. O yuxunun bu yazıyla bir bağlılığı varmı, görən?

525-ci qəzet

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG