Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:24
Həqiqəti ifadə etməmək, inkar etmək onun varlığına şübhə yaratmır. Sadəcə, insanları həqiqətdən, gerçəkliyi ifadə edən tezislərdən uzaqlaşdırır. Yalan ayaq tutur. Bu mənada ki, həqiqət olmayan hər şey yalandır. Amma daha qorxulusu predmeti aydın təsəvvür etmədən illüzion bir müstəvi yaratmaq və ona antitezislər irəli sürməkdir. Bu, ölü doğulmuşların taleyidir.

Professor Niyazi Mehdinin siyasətə dair son yazısındakı nifrət mövzusu və inci olay - Niyazi müəllim 90-cı illərin xalq hərəkatını xatırlayarkən «gədə-güdə» deyiminə istinad edir. Bu hərəkatın başında tarix elmləri namizədi Əbülfəz Elçibəy dururdu. Ətrafındakılar isə indi dünyasını dəyişmiş bir çox qüdrətli insanlar idi. Aydın Məmmədov, Xudu Məmmədov, Nəcəf Nəcəfov və daha kimlər idi. Amma bir həqiqət də var ki, xalqlar yerdə böyük əziyyətlər çəkəndə, qurbanlar verəndə, onun daha elitar ziyalıları («ağıllıları») səma ilə əlləşirlər. Hər şeyin fövqündə olurlar. «Kiçik insanlar»ın savaşına qarışmırlar. Ədaləti yerdəki ah naləyə qulaq verməkdə yox, göydəki ilahi səsi axtarmaqda görürlər. Varmı o ilahi səsin ehtiyacı bu cür müdrik dinləyicilərə, əcəba?

İkinci olay - hörmətli professor Heydər Əliyevin komandasının Azərbaycan insanının yaşam səviyyəsini qaldırdığını iddia edir. Eyhamı isə odur ki, onlar Qarabağı satmadılar, gözəl körpülər, göydələnlər tikdilər. Kim yaşayır o göydələnlərdə. Azərbaycanda mənzil probleminin həll olunmasına bu imarətlərin bir qatqısı yoxdursa, nə qədər ev tikməyin nə anlamı var? Azərbaycan insanının həyat səviyyəsini göstərən cədvəllər beynəlxalq mötəbər təşkilatların hesabatlarında var. Niyazi müəllim yəqin ki, Britaniyada kral ailəsinə olan sevgini düşünərkən Azərbaycan hökumətini Britaniya hökuməti ilə səhv salıb. Ya da ola bilsin bilmir ki, Britaniyada kral ailəsinin nümayəndələrinin hərbi xidmətdə etdiklərini Azərbaycanda knyaz (məmur) nökərlərinin övladları etmir. Nifrət ədalətsiz bərabərsizlikdən doğur. Britaniyada kral ailəsi vergi ödəyicisinin sonuncu qəpiyinə göz dikmir. Tamamilə başqa bir məsələdir ki, Niyazi müəllim bizi monarxiya ilə müqayisə etməklə özünü hansı həqiqəti tanımağa doğru aparır. Bəs Kant dəyişməyən müqəddəm şərtlərini irəli sürərkən əsl həqiqətin dəyişməzliyinə istinad etmirdimi? Məncə, şair hərdəmxəyal olur,
Niyazi Mehdi
filosoflar yox.

Üçüncü olay - Niyazi müəllim hakimiyyətin çox güclü, müxalifətin «kiçik adamlar» obrazını yaratmağa çalışıb. Belə bir reallığı qəbul etsək, o zaman dialoq niyə baş versin ki? Çünki, siyasi dialoq deyilən proses bərabərgüclülərin arasında baş verə bilər. Yox, hakimiyyətin gücü dəyənəyindədirsə, onda nə dilaoqbazlıqdır? Onun başqa bir mühakiməsi daha maraqlıdır: «İndi Azərbaycanın korrupsiyasından, eybəcərliklərindən faydalananlar elə də primitiv deyillər ki, bu məmləkət üçün həmişə bu vəziyyəti arzulasınlar». Belə görünür ki, Azərbaycan cəmiyyəti özünün həyat perspektivlərini qatilin arzularına bağlamalıdırlar. Seçkini hər dəfə saxtalaşdıranlar bu dəfə saxtalaşdırmayacaqlar. Xalqı heç nə yerinə qoymayanlar bu dəfə onun insan kimi səs verməsinə imkan verəcəklər.

Niyazi müəllim sonda deyir: «Yaxşı olar ki, saziş imzalansın, müxalifət hansısa bir dövrə kimi prezidentlik iddiasında olmasın, hakimiyyət isə partiyaların fəaliyyətinə kömək eləsin, imkan versin». Məgər hər şey bundan başlamadımı? Niyazi müəllimin yazısında xatırlamadığı 2000-ci illərin əvvəllərində (O zaman hörmətli professor həm də Müsavat başqanının yardımçısı idi) partiyalar normala yaxın fəaliyyət imkanında idilər. «Nə vaxtsa Azərbaycanda normal məhkəmələrin olması»nı arzulayanlar bu fəaliyyəti özlərinə təhlükə gördükləri üçün siyasi partiyaları sürgün elədilər. Deməli, biz həqiqət haqqında yalnız o tezisə inanırıq ki, həqiqətdən başqa heç nə həqiqət deyil. Həqiqətin başqa donu da yoxdur. Söhbət xalq hakimiyyətinin bərpasından gedirsə, burada dəyişməz müqəddəm şərt xalqın iradəsidir. Subyektlər isə Hegelin təbirincə, dialektikanın iştirakçılarıdırlar. «Hər kim canavarla savaşmağı gözə aldısa, canavar olmağı da gözə almalıdır, çünki qaranlığa uzun müddət baxsanız qaranlıq da sizin içinizə baxmağa başlayar». Nitşenin bu sözləri də yerinə düşür. Azərbaycan müxalifəti nə etsin ki, nifrətə qarşı savaşır və onun gözlərinin içinə dik baxmağa məcburdur?!

Malədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG