Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:30

Laricani Bakıda hansı mesajları verdi?


İran parlamentinin spikeri Əli Laricani
İran parlamentinin spikeri Əli Laricani
İyunun 30-da Azərbaycana rəsmi səfərə gələn İran parlamentinin spikeri Əli Laricani elə həmin gün Bakıda Hüseyniyə məscidində dindarlar qarşısında çıxış edib.

Deyib ki, hazırda dünyada müsəlmanların birliyi heç vaxt olmadığı qədər vacibdir. Azərbaycana müstəqillik arzulayan Laricani daha sonra İsraili müsəlmanları təhqir etməkdə günahlandırıb. O fikrini əsaslandırarkən Qüdsdə Əl-Əqsə məscidinin divarlarının sökülməsini misal göstərib.

Laricani dindarları əmin edib ki, İran Azərbaycanın dövlətçiliyinə hörmətlə yanaşır.

İndi İran İslam Şurası Məclisinin sədrini Bakıya gətirən səbəblər medianı məşğul edən mövzulardandır. Bu məsələ ətrafında qeyri rəsmi fikirlər –politoloqların rəyləri təkcə rəsmi açıqlamalardan yox, həm də bir- birindən fərqlənir.

«LARİCANİ MİLLİ MƏCLİSDƏ GƏLİB BELƏ DANIŞSAYDI ONU SONADƏK DİNLƏMƏZDİM»

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyir ki, əslində tarixi, mədəni, dini, insani əlaqələrə malik iki qonşu dövlət arasında belə səfərlər mütəmadi həyata keçirilməlidir:

Rasim Musabəyov
«İndi İranın siyasəti ilk növbədə Ermənistana münasibətdə bizim xoşumuza gəlmirsə, eləcə də bizim Amerika, Avropa ölkələri, İsraillə münasibətlərimiz, əməkdaşlığımız İranın xoşuna gəlmir. Ancaq hər bir halda qonşuyuq. Ona görə də görüşmək və olan narazılıqları mümkün qədər yumşaltmaq vacibdir».

Əli Laricaninin məsciddəki çıxışına gəlincə, Rasim Musabəyov hesab edir ki, İran rəsmilərinin bu cür danışmaları ənənəvi haldı. Ancaq politoloq deyir ki, Laricani Milli Məclisdə gəlib belə danışsaydı onu sonadək dinləməzdi:

«Əgər məsciddə dinləyənlər varsa və o da danışırsa, qoy olsun. Bu onun fikriləridir. Amma o fikirlərdə heç bir yenilik yoxdur».

Politoloq düşünmür ki, Laricaninin fikirlərindən asılı olaraq Azərbaycan İsraillə və ya Fələstinlə münasibətlərdə hansısa bir dəyişiklik edəcək. Onun fikrincə Azərbaycan bu məsələlərdə həmişə balans saxlayır.

«MƏSCİDDƏKİ ÇIXIŞI AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ MESAJ İDİ»

Yeri gəlmişkən İran parlamenti sədrinin Fələstin prezidenti Mahmud Abbasın ardınca Azərbaycana gəlməsini təsadüf saymayanlar da var.

Atlas Araşdırmaları mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Əli Laricanin Bakıya bu səfərinin məhz iki əsas səbəbi var. Onun fikrincə, bu səbəblərin birini yaxın Şərqdə, digərini isə Şimalda- Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin vasitəçiliyi ilə görüşdükləri Kazan şəhərində axtarmaq lazımdır:
Elxan Şahinoğlu
«Yəqin Tehranda düşünürmüşlər ki, Kazanda İranın maraqlarına uyğun olmayan hər hansı razılaşma əldə edilə bilər. Çünki İranı ən çox qorxudan sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsidir. Tehran narahatdır ki, həmin sülhməramlı qüvvələrin tərkibində ABŞ və NATO əsgərləri ola bilər və onlar İran sərhəddində yerləşdirilər. Digər tərəfdən əlbəttə Azərbaycan İsrail münasibətlərindən İranın narahatlığı da özünü büruzə verir. Və Laricaninin Bakıdakı çıxışlarının birində İsrailin adını çəkməsi, məncə Azərbaycan hakimiyyətinə dolayı bir mesajdır. Yəqin ki, rəsmi görüşlərdə bu məsələyə də toxunulub».

Rəsmi görüşlər demişkən, iyulun 1-də Azərbaycan prezidenti İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AzərTAc-ın yaydığı məlumata görə, prezident bu səfərin Azərbaycan-İran əlaqələrinin inkişafı baxımından əhəmiyyətini qeyd edib. İki ölkə arasında siyasi sahədə əlaqələrin gücləndiyini, iqtisadi sahədə yaxşı nəticələrin əldə olunduğunu bildirib. Dövlət başçısı Azərbaycan-İran əlaqələrinin həmçinin bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıdığını deyib.

İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını İlham Əliyevə çatdıran Əli Laricani isə Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
XS
SM
MD
LG