Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:18

Vaqif Səmədoğlu. Günaha batmağım gəlib, ay Allah...


Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni,
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.

Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.

Özün bax, gör dünya nələrlə dolmuş.
Gör nələr olacaq, gör nələr olmuş,
Yalanla, şərabla, qəmlə yoğrulmuş
Həqiqət dəmidir, saxlama məni.

Qoy artsın dirimə, ölümə söyən.
Halıma ağlayıb dizinə döyən,
Baxtın şahə qalxan atı kişnəyən
Səadət dəmidir, saxlama məni.

Dəymə, qoy qəlbimə girsin bu ilan,
Onun zəhərinə indi can qurban,
Bütün qanunlara meydan oxuyan
Cinayət dəmidir, saxlama məni.

Qoy bu gün sevinim, utanım sabah
Yarımçıq çıxmasın sinəmdən bu ah,
Günaha batmağım gəlib, ay Allah,
Məhəbbət dəmidir, saxlama məni!

1996

Günün bütün mövzuları

XS
SM
MD
LG