Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:12

«Topaz» qara bazara uduzur


«HAZIRLIQ PULUNU OYUNDA UDUZMUŞAM»

- Sonuncu dəfə dünən oynamışam, 60 manat qoymuşdum uduzdum. «İnter Turku» yandırdı məni, qələbə yazmışdım, 4-4 qurtardı.

- 60 manatı evdən vermişdilər sənə?

- Hə, evdən vermişdilər, hazırlıq pulum idi.

- Evdəkilərin xəbəri vardı?

- Yox, haradan bilsinlər.

- İndi hazırlıq pulunu necə düzəldəcəksən?

- Təzədən «şot» yazıb, tutacam. Bir həftədir udurdum, axırıncı iki dəfə yazanda uduzdum. Ən çox udduğum keçən həftə olub, 107 manat, 100 manat olub.

17 yaşlı Hatəm Babayevə bukmeker məntəqələrinin həndəvərində rast gəldik. Bir gün əvvəl 60 manat pul uduzmasına baxmayaraq, bu gün yenidən oyunlara pul qoyub. Üstəlik 18 yaşdan aşağı gənclərin oynamasına icazə verilmədiyi halda. Hatəm Babayev deməsinə görə, artıq iki ildir bukmeker kontorlarına gedib-gəlir.

Elə yanındakı yoldaşı da onun kimi. Hər iki gənc futbol mərclərinə rəsmən nəzarət edən «Topaz» məntəqələrində oynadıqlarını deyir. Hatəm Babayevin dostu Elvin Əliyev:

«Elə mən də iki ildir oynayıram. 18 yaşım olana qədər qeyri-qanuni yerlərdə oynayırdıq, 18 olandan sonra «Topaz» buraxdı içəri».

«TOPAZ» QARA BAZARA UDUZUR

Yanvarın 18-dən Azərbaycanda «Topaz» markası altında mərc oyunlarının fəaliyyətinə start verilib. Təxminən 6 aydır fəaliyyətə başlamasına baxmayaraq «Topaz» deyəsən gözləntiləri doğrultmur, qara bazar uduzur. Bunu «Topaz» məntəqələrinin idarəçiləri deyir. Bu barədə bir qədər sonra.

Arxiv foto
Bir neçə ay əvvəl Bakı Dövlət Universitetinin yaxınlığında Zahid Xəlilov küçəsi boyunca xeyli sayda qırmızılı-ağlı boyalarla işlənmiş «Topaz» sözlərinə rast gəlmək olardı. Mərc oyunlarının rəsmiləşməsindən dərhal sonra metro stansiyalarından tutmuş, avtobuslarda, dükanlarda, televiziya ekranlarında bu söz tez-tez görünməyə başlayıb. Hərçənd indiki müşahidələrimiz bu məntəqələrin heç də səmərəli işləmədiyini düşünməyə əsas verir.

«TOPAZ XƏRCLƏRİMİZİ ÖDƏMƏDİ»

Əgər bir neçə ay əvvəl yenicə açılmış «Topaz» məntəqələrinin idarəçiləri mərc əmsallarının aşağı olmasından şikayətlənirdisə, indi onlar sadəcə şikayətlənməklə kifayətlənmirlər. Zahid Xəlilov küçəsindəki «Topaz» məntəqələrindən birinin qapısının üstündən qıfıl asılıb, digərinin sahibi «Topaz»la vidalaşmağa hazırlaşır, başqa biri isə ötən aydan «Topaz»ı qeyri leqal fəaliyyətlə - qara bazarla əvəzləyib. Səbəbini özlərindən eşidək:

- İndi çıxmışıq, xeyir eləməyib. Bu gün-sabah yaxşı olacaq deyirdilər. Xeyli «rasxod» vardı.

- Niyə xeyir eləmir?

- Ancaq əmsala görə.

- Bəs deyirdilər qara bazar yığışılır?

- Küçədə hamı da işləyir. Onların yerinə siz olun. Əgər 100 manat qoyub min manat udmaq istəyirsinizsə burda 100 manat qoyub 500-600 manat udur. Kim hara gedər? Qara bazara.

- Axı «Topaz»ın xeyli reklamı gedir?

- Elə reklamı verməkdənsə bizə icarəyə bir az kömək etsəydilər bütün işlər təkmilləşənə qədər dözərdik. Özləri də çox yaxşı bilir. Ancaq ziyan, ancaq ziyan.

«Topaz» markasını geri qaytardıqlarını deyən Şahin Qafarov da bir neçə ay ərzində ancaq ziyana işlədiklərini deyir:

«Yanvarın 18-dən mayın əvvəlinə qədər işlədik. Sərf eləmədi, bağladıq getdi. Bizə qalan faiz burdakı xərcləri ödəmirdi. Faiz 5 dəfə az idi. Bütün xərcləri cibimizdən ödəyirdik. Deyirdilər ki, yaxşı olacaq, 3 ay yarım gözləyəndən sonra yaxşı heç bir dəyişiklik yox idi...»

NƏ BAŞ VERİR?

Ruslan Məmmədli
«Topaz»da nə baş verir? İddialı şəkildə bu bazara daxil olan «Topaz» bəzi məntəqələri niyə qane etmir? Bu və digər suallarımızı «Topaz» rəsmilərinə ünvanlasaq da bizi Gənclər və İdman Nazirliyinə yönəltdilər. Nazirliyə yazılı şəkildə göndərilən suallarımız isə cavabsız qaldı.

«Bukmeker» qəzetinin baş redaktoru Ruslan Məmmədli isə hesab edir ki, «Topaz»ın fəaliyyəti gözlənilən kimi olmadı. Onun fikrincə gözləntilərə əsasən rəsmi oyunlar həm müştəriləri, həm də idarəçiləri qane etməli, əmsallar yüksək olmalıydı. Ekspert deyir ki, ən böyük əngəl əmsallardır:

«Əmsal artırılması ilə bağlı danışmışam. Onlar bir mənalı olaraq bildiriblər ki, əmsal artmayacaq. Biz vergi veririk, haradasa onları da başa düşmək olar. Amma işləri hələlik çox ləng gedir».

«QARA BAZARIN ARXASINDA DAYANAN QALSTUKLU ŞƏXS VAR»

Digər bir səbəb kimi Ruslan Məmmədli qara bazarların hələ də fəaliyyət göstərməsinin üzərində dayanır. Hesab edir ki, qeyri-leqal məntəqələri müəyyən orqanlar dəstəklənməsəydi vəziyyət tamam əksinə olardı:

«Qara bazarın dalında duran böyük adam var, qalstuklu şəxs. Buna görə də qara bazarı işlədən rahat işləyir. Hüquq mühafizə orqanları qara bazarın tamamilə kökünü kəsmiş olsaydı «Topaz»ın işləri də yaxşı gedərdi. Burda ən sağlam rəqabət əmsal artımı ilə bağlıdır. Əmsalı kim yüksək verəcəksə müştəri də ora gələcək. Müştərini artıq maraqlandırmır ki, bunun arxasında kim dayanır, onun başında kim dayanır?»

«Topaz»ın rəsmi internet səhifəsinə görə, indiyədək ən böyük mükafatları 16 min 683 manat olub.

Bu gündən - yəni iyunun 30-dan isə Avroliqanın təsnifat mərhələsi başlayır. Deməli futbol oyunlarında mərc bazarı indi-indi qızışır.
XS
SM
MD
LG