Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:12
«Başçı özü, yanında da 20-30 nəfər gəldilər, mənə dedilər ki, 1400 manat pul verməlisən. Mən xəstə adamam, 2-ci qrup əliləm. Ərim nazir deyil ki, bir günə o qədər pul tapım. Başçı mənə deyir ki, hamı verib sən də verməlisən. Deyir ki, get qohumlarından borc al. Gündə bir başçı gələcək, mən də borca düşəcəyəm?!»

Bu şikayətçi Sevinc Sərdarova Salyanda çalışan kiçik sahibkardır, rayonun Yusif Qasımov küçəsində mağazası var, ticarətlə məşğuldur. Deyir ki, artıq bir neçə gündür rayon rəhbərliyi üzündən dincliyi pozulub, hər gün gəlib ondan 1400 manat pul tələb edirlər. Sevinc Sərdarovanın sözlərinə görə, icra hakimiyyəti ondan pul istəyir ki, mağazasının fasadına daş örtük vurulsun. Başqa sözlə rayonda abadlıq işləri aparılır. Sevinc Sərdarova isə narazılıq edir ki, bu yaxınlarda rayonda abadlıq işlərinin aparılması üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb:

«2 MİLYON MANAT PUL HARA GETDİ?»

«Prezident Salyana gəldi, çıxış etdi, 2 milyon pul ayırdı. Bu 2 milyon manat hara getdi ki, indi camaatdan pul yığırlar».

Sevinc Sərdarova deyir ki, iki il əvvəl də başına oxşar hadisə gəlib. Rayon rəhbərliyi ondan tələb edib ki, mağazasını söküb yenidən tiksin, qonşu mağazalarla eyni, daha müasir üslubda.

Salyanda Sevinc Sərdarova kimi abadlıq işləri üçün qanunsuz pul tələbindən şikayət edən onlarla sahibkar var. Bunu isə AzadlıqRadiosuna Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyir:

«Sahibkardan qeyri-qanuni alınan pul rüşvət deməkdir. Belə hallar Salyanda özünün pik nöqtəsinə çatıb, yəni sahibkarlardan şikayətlər artmaqdadır. Dövlət abadlaşdırmaya pul ayırandan sonra, nəyə görə sahibkar öz cibindən rayonun abadlaşdırılmasına pul verməlidir? Sahibkarların fəaliyyətlərinə qeyri-qanuni müdaxilələr bu gün ən çox icra hakimiyyəti nümayəndələri tərəfindən edilir».

Vasif Mövsümov
SAHİBKARLARIN BORCUDUR Kİ...

Vasif Mövsümov deyir ki, bu məsələ ilə bağlı Salyan rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyi ilə əlaqə saxlayıb. Dediyinə görə, ona cavab belə olub ki, göstəriş yuxarıdan- rayon rəhbərliyindən gəlib. Salyan rayon icra başçısnın müavini Etibar Hüseynov bu iddialarla bağlı suallarımıza cavab verməkdən imtina etdi. İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyinin sədri Kamil Əzizovsa təsdiqlədi ki, sahibkarlardan mağazalarının yeni daş örtüklərlə üzlənməsi istənilir. Onun dediyinə görə, rayonda abadlıq işləri aparıldığından mərkəzdə yerləşən mağaza sahibləri öz vəsaitləri hesabına obyektinin fasadını rayon memarlığına uyğun təmir etməyə borcludurlar:

«Rayon rəhbərliyi tərəfindən onlara göstəriş verilib ki, dükanlarınızın ön tərəfini təmir etdirin. Əgər özünüz təmir etdirə bilmirsizsə, usta tapa bilmirsizsə, ustalar gəlsin eləsin onun haqqını verin. Həmin ustalar özləri gedirlər karyerdən daş, sement, qum alırlar, onların pulunu ödəməkdən boyun qaçırırlar».

O ki qaldı bu işlərin dövlət büdcəsindən ayrılmış vəsait hesabına görülməli olmasına, Kamil Əzizov belə deyir :

«Dediyiniz o vəsait hökumət binaları, kanalizasiya xətləri, işıq xətləri – bu məqsədlər üçün ayrılıb. Küçə boyu hasarları da həmin vəsait hesabına təmir etdiririk. Amma mənim şəxsi, özəl dükanım varsa, onu özüm təmir etməliyəm, bu pul buna görə deyil».

«BİZİ MƏMUR ÖZBAŞNALIĞINDAN XİLAS EDİN!»

Bu tələbi qanunsuz hesab edən sahibkarlar isə Korrupsiyaya Qarşı Mübarizə Fondunun dəstəyi ilə prezidentə üz tutublar. İyunun 30-da dövlət başçısına müraciət məktubu ünvanlayıblar ki, onları məmur özbaşnalığından xilas etsin.

Şərhləri göstər

XS
SM
MD
LG