Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:09

İkinci sütunsuz stansiya: «Dərnəgül»


Yeni açılmış «Dərnəgül» stansiyası
Yeni açılmış «Dərnəgül» stansiyası
Metro qatarı «Azadlıq» stansiyasını ötür, tez diktafonumu yandırıram ki, növbəti, ən yeni stansiyaya çatanda «yarlı-yaraqlı» ola bilim.

««Dərnəgül» stansiyasına yaxınlaşırıq». Bunu nədənsə maşinist elan edir. Görünür, hələ «Dərnəgül» stansiyasının adını lent yazısına salmayıblar. Bəndənizdən, bir də orta yaşlı bir kişidən başqa vaqonda kimsə yoxdu. Qatar dayanana yaxın ikimiz də bir qapıya yaxınlaşırıq. O məndən soruşur ki, təzə stansiya buradırmı? Müsbət cavab eşidən kimi əlavə edir:

«ÇOX QƏŞƏNGDİR!»

Nədənsə dispetçer xanım əşyalarımızı götürməli olduğumuzu xatırlatmır. Təkəm-seyrək sərnişin olsa da, qatar platformada çox dayanmır, təxminən 2 dəqiqə sonra yerindən tərpənir.

Bu stansiya «Azadlıq prospekti» stansiyasının davamı olaraq Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində inşa edilib. «Azadlıq»dan sonra ikinci sütunsuz salon avanqard dizaynı ilə diqqəti cəlb edir.

METRODA İLK DƏFƏ «SOS »

Yerə mərmər döşənib. Platformanın qırağı yerdə quraşdırılmış işıq xətti ilə ayrılır. «Dərnəgül» stansiyasından deyirlər ki, ilk dəfə yerdən işıq xətti bu stansiyada quraşdırılıb. Bir də Fövqəladə Hallar Komitəsi ilə əlaqə üçün «SOS» nişanlı dayaqlar quraşdırılıb. Dayaqdakı telefonu götürən kimi Komitənin dispetçer xidməti ilə əlaqə yaranır. Dayağın üstündə o da yazılıb ki, burda hər şey kameraya alınır.

Video kameraya hər yerdə rast gəlmək olur. Həm platformada bir neçə yerdə, həm də stansiyanın giriş-çıxışında.

Stansiyanın bir giriş-çıxışı adi pilləkənlərlədir, əsasən sənaye müəssisələri yerləşən istiqamətə çıxır. Digər giriş-çıxışa isə gah mavi, gah çəhrayı rənglərlə işıqlanan eskalator aparır.

Metro stansiyasının qarşısında təxminən 10 hektarlıq ərazidə bağ salınıb, ağacların kölgə salmasına hələ bir neçə il var.

Bilqeyis xala

50 QƏPİYƏ QƏNAƏT

75 yaşlı Bilqeyis xala isə günün istisinə baxmayaraq metrodan çıxan kimi özünü skamyaya verib ki, bir az dincəlsin.

-Yaşlı adamam, piyada çox gedə bilmirəm.

-Eviniz çox uzaqdır?

- Odu ey, orda görünən binada oluram.

Bilqeyis xalanın göstərdiyi binaya metrodan təxminən 700 metrlik yol var. Deyir, ayağı ağrıdığından bu qədər yolu bir dəfəyə gedə bilmir. Amma yaşadığı evin yaxınlığında «Dərnəgül» stansiyasının tikilməyi onun təqaüdçü büdcəsinə təsir edib:

««Nizami» stansiyası yanında gedirəm, müalicəyə. Əvvəl 80 qəpik verirdim, indi 30 qəpik. 50 qəpik də mənim kimisindən ötrü böyük puldur».

7-ci mikrorayon sakini Mətanət Hümbətovanın da stansiyanın dizaynı və interyeri ürəyincədir. Deyir ki, «İnşaatçılar» metrosunun yaxınlığında işləyir, iki marşrut dəyişməyə məcbur idi, indi yolu rahatlaşıb:

- Evimə 5 dəqiqə yoldur. Gün ərzində yola sərf elədiyim vaxta 1 saat, yarım saat qənaət eləmiş olacam.

«BU METRONUN AZ ADAMA FAYDASI DƏYƏCƏK»

Redaksiyamıza telefon açıb 7-ci mikrorayonda yaşadığını deyən İsmayıl Nağıyev isə «Dərnəgül» stansiyasının yaşayış yerindən uzaq tikilməsindən narazılığını bildirmişdi. Demişdi ki, yeni metro stansiyasının az sakinə faydası dəyəcək.

Bakı sakini Leyla Cəfərova isə bu fikirlərlə razılaşmır. Deyir ki, metro hər evin qabağında tikilə bilməz:

Metro stansiyanın açılışında iştirak edən İlham Əliyev
«Metro tikintisi elə asan məsələ deyil ki, hamının evinin ağzında tikilsin. Yəqin ki, mühəndislər, inşaatçılar hər şeyi nəzərə alıblar».

«Dərnəgül» stansiyasından deyirlər ki, gün ərzində nə qədər adamın metrodan istifadə etdiyini gecə saat 12-də biləcəklər. Həm də ilkin məlumatlar reallığı əks etdirməyə də bilər, çünki təzə stansiyaya baxmaq istəyənlər də yolunu burdan salıb statistikaya təsir edə bilərlər. Amma stansiya rəhbərliyindən onu da deyirlər ki, metro tikintisi zamanı camaatın maraqları nəzərə alınıb.

DAHA 6 STANSİYA TİKİLƏCƏK

«Dərnəgül» paytaxt metrosunun 23-cü stansiyasıdır. İyunun 29-da «Dərnəgül» stansiyasının açılışında iştirak edən prezident İlham Əliyev deyib ki, 2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası da tikilməlidir. Onun sözlərinə görə, 2015-ci ildən sonra isə yeni stansiyaların tikintisi başlanacaq və şəhərin hər bir yerində metro stansiyası olacaq.
XS
SM
MD
LG