Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:28
Qiyamət günü...

Qulağımda güyültü
aman ALLAH
dağılacaq qulağımın ritmləri
Çək apar əllərini
üzümdən
qurbanın olum
deyəsən Qiyamət günü
çatdı
dəyirman çarxına ilişəcək
bədənimiz
Sovuracaq bizi mələklər yer üzünnən
boz buludlara

Belə idi yuxum mənim
çək apar əllərini
qurbanın olum
Qiyamət günüdür əllərin.
zavallı aşiqəm
zavallı
Yolsuz dinsiz bədənsiz
Zavallı
Ancaq səni sevmək gəlir əlimdən

01.02.2011


***


Yağışda küçələr adamsız olur,
bizim küçəmiz kimi.
yalqız dalanda isti öpüşlər
qızdırır üzünü pəncərələrin.
Bu nə təklikdi?
Yorğun pişik...
sevişməyə
həvəsi yox.
mənim kimi.
Yağışda küçələr adamsız olur,
adamsız olur
küçələr yağışda
nə vecinə öpüşənlərin.
nə vecinə...
Şəklini sıxıb sinəmə
baxıram pəncərədən öpüşənlərə...
ehhhhhhhhhhhhhhhhh...!

30.01.2011


İmtahan vaxtı

Bu bucaq altında əridim-
eyvanınız mənə baxırdı.
bəlkə gəlib keçəsən deyə
pəncərənizi sındıracaqdım.
qonşular mənə baxırdı.

yox, dəli olmamışam!
yağış da isladır ipdən asılmış
corabları,
yığ içəri nə olar.
səni görmək bəhanəsidi corab.

yağış da isladır ipdən asılmış ümidlərimi.
yığ içəri ümidlərimi.
vaxt da uzaq,
elə bil aramızda min ilin həsrəti var.
tez başlasaydı imtahan...
bilirəm kəsiləcəm
amma tez gəl...

20.01.2011


***


bu gecə mən də qışı çəkib
pəncərəmə səni ağladım
yoxluğuna.
Uşaq əllərimdən buraxdım
səni-
gözlərini yolla mənə.


Yaddan çıxmış arzu

Çıxıb içimdən yuxarı,
Getmək istəyirəm.

Qopub gecədən ayrı,
Ulduza ağlamaq,
Ağappaq qar dənəsi kimi,
Boşluğa sərilmək istəyirəm.

Çıxıb içimdən yuxarı,
Getmək istəyirəm.

Gecəni alıb əlinə,
Öz içində yox olmaq.
Üstünə çəkib buludu,
Qədər-qədər qocalmaq istəyirəm...

Yox olmaq istəyirəm,
Susuz səhrada məzar qazsınlar mənə!!!


09.01.2010


Ağac nəğməsi

Bu ağappaq səhərdə,
təkcə qarğa nəğməsi uçdu
maviliyə
fit səsiylə çıxardı
ağaclar yuxusunu
əynindən bir ovuc suda.
təkcə qarğa nəğməsində uçmaq
istədi maviliyə ağaclar.
təkcə ağaclar uçmaq istədi maviliyə,
təkcə ağaclar çılpaqdı bu ağappaq səhərdə
bircə ağaclar xoşbəxt olmaq istəyir,
bircə ağaclar yox olmaq istəyir-mavilikdə...

27.12.2010



***


yasəmən qoxulu bir yaz səhərində
qayıda bilsən qayıt...
yasəmən qoxulu bir yaz səhərində.

Addım-addım endim
bütün həsrətlərin dibinə.
Ayrılığı köklədim kirpiklərimə,
kirpiklərimin ucundadı
qorxaqlığım.
Hönkürəcəm ovuclarıma qorxaqlığımı...
Uzaqlığın daraşıb canıma
Yeyir qədər-qədər ömrümü.
Qürurum yükdü özümə
Göz yaşım yükdü gözümə.

qayıda bilsən qayıt...
yasəmən qoxulu bir yaz səhərində.
Səni qarşılayar
Uzaqlığın,
Yoxluğun,
Bir də mən, mən, mən...

qayıda bilsən qayıt...
yasəmən qoxulu bir yaz səhərində.


21.11.2010


***


Nənəmin ağrıyan yeridi-
babamın şikəst xatirələri
Dərddən yığılır adam!

burnunun ucunda göynəyir
otuz illik kişi yoxluğu.
Kişi qadının sığınan yeridir!

bütün ağrıları soyudur nəfəsində
babamın...
gecələr
çəkib nəfəsini üstünə
bəlkə o da ağlayır.
Təklik ağır dərddi!



***



sən çəkib gedəndə...
bütün bədənimdən
əllərimdəki soyuqluqdan
üzümün mısmırığınnan
hisə-pasa batmış köynəyimin köhnəliyinnən
otağımın kasıblığınnan
toz basmış ayaqqabılarımın
nəvazişinnən...
bütün tanış səslərdən
-mən səni unutmağı sevdim

sən çəkib gedəndə...

***

bütün xatirələrdən silinəcək bəhanə
lazımdı səni untmağa.

içmək zəiflərin unutmaq bəhanəsidir!

hər səhər zibillikdə yıxılıb qalan
qocanın görkəmindəki yalqızlıq qədər
əzablıdı səni unutmaq.

bu şəhərin qadınlarının üzündə
sənin yazıqlığın var.


Uzaqlığından üşüyürəm...

Təpədən dırnağa qırmızı,
qıpqırmızı qız...
bahar gəlməz yuvama bir də.

hər gecə üzümə bir əl toxunur
qar kimi ağ,
yumşaq əl.

uzaqlığından üşüyürəm...
çarpayımda sənin əksin,
ay işığı,bir də
qərib gecənin qərib sükutu.
uzaqlığından üşüyürəm.

gecədə ağırlıq var...
üstümə şığıyır çarəsizliyimin
əlləri...
boğacaq məni,
mütləq boğacaq...
uzaqlığından üşüyürəm.

26.06.2010


Kabus

Hər şey-sən,payız ritmləri,
şairliyim, günəşin şövqü
birdən qeyb olacaq,
birdən...

kimsə ölmüş at rəsmi çəkib
asacaq bir ağacın budağından.
və deyəcək: “yuxular qara rəngdədir...”

bir axşam çağı
yuxumda öpdüyüm o
qız alacaq əlimi əlinin içinə.
göz yaşımı silib deyəcək:
“Mən heç vaxt səni sevməmişəm”

qara qarğalar uçub gələcək
bir xaraba məmləkətdən...
bom-boş otaqda ortada
sərilən meyidimə ağlayacaq-
anamın əvəzinə.

17.05.2010
XS
SM
MD
LG