Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:10
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu «KİV-lərin 2011-ci ilin ikinci yarısı üçün maliyyələşdirilməsi ilə bağlı müsabiqə»yə verilən layihələrə-yəni 20-yə yaxın qəzetə maliyyə ayırıb.

MALİYYƏ ALAN QƏZETLƏRİN SİYAHISI

Adı siyahıya düşən KİV-lər 40 mindən 5 min manatadək yardım alacaqlar.
Ən böyük məbləği – yəni 40 min manatı 7 qəzet: «Yeni Azərbaycan», «Səs», «Kaspi», «Mövqe», «Yeni Musavat», «525-ci» qəzet və «Bakı -xəbər» alacaq. «Azadlıq», «Ayna-Zerkalo» və daha 6 qəzet 30 min manat alanlarla bir sıradadırlar. «Bizim Yol», «Üç nöqtə» və bəzi qəzetlər isə 10 min manat alacaqlar.

Bəs qəzetlər bu pulları necə istifadə edəcəklər. Doğrudanmı həmin vəsaitlər, məhz KİV-ə Dövlət Dəstəyi Şurasına təqdim olunan layihədə göstərildiyi kimi xərclənəcək? Ən nəhayət, bu vəsait mətbuatı hər hansı formada kimdənsə asılı vəziyyətə salmır ki?

Media sahəsində indi daha çox bu suallara cavab axtarılır.

«40 MİN OLSA, BƏLKƏ DƏ JURNALİSTƏ 200-300 MANAT ÇATARDI»

Jurnalist Natiq Cavadlı hesab edir ki, əslində vəsaitlərin qəzetlər arasında bölgüsü düz aparılmayıb. Onun fikrincə ictimai fikrə təsiri olmayan qəzet 40 min manat alacağı halda, əhali arasında nüfuza malik bir sıra qəzetlər cəmi 10 min manat çatacaq:

Natiq Cavadlı
«10 min manat alan qəzetin müxbirinə o vəsaitdən heç nə çatmayacaq. Çünki qəzetin özünün mətbəə və xeyli digər borcları var. Amma əgər 40 min olsa, bəlkə də jurnalistə 200-300 manat çatardı. Olmayan yerdə bu da puldur».

«DOVŞANIN SUYUNUN SUYU...»

«Azadlıq» qəzetinin yazarı Xalid Bahadır isə düşünür ki, 40 min manat alan 7 qəzetin hamısı bir başa, yaxud dolayısı ilə hakimiyyətdən asılı qəzetlərdir. Onun fikrincə, 30 min manat alanların içərisində bəzi hakimiyyətdən asılı olmayan qəzetlərin yer tutması isə gözdən pərdə asmaq üçündür. Vəsaitlərin necə istifadə edilməsinə gəlincə, Xalid Bahadır deyir ki, o puldan müxbirlərə əsasən heç nə çatmır. Onun sözlərinə görə, həmin vəsait yuxarıdan aşağıya qədər mənimsənilir:

«Molla Nəsrəddinin bir lətifəsinə uyğun olaraq desək, jurnalistlərə o dovşanın suyunun suyu gəlib çatır. O da dadsız, duzsuz bir şey olur. Yəni jurnalistlərə o vəsaitlərdən heç nə gəlib çıxmır».

«QƏZET MÜSTƏQİLDİRSƏ...»

İqtidar yaxın olan «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev isə özündən əvvəlki həmkarlarından fərqli fikirdədir. O qəzetlərin gerçəkləşdirəcəyi layihələr üçün ayrılan vəsaitlərin ədalətli istifadə olunduğunu və ümumilikdə bu işin mətbuatla yanaşı vətəndaş cəmiyyətinin də inkişafına xidmət etdiyini bildirir. Konkret olaraq «Səs» qəzetinin haqqında danışılan vəsaiti necə xərcləyəcəyini isə baş redaktor belə izah edir:

Bəhruz Quliyev
«Bizə ayrılan vəsait hesabına maddi-texniki bazamız güclənir. Bu vəsait həm də redaksiyanın müxtəlif layihələrinin həyata keçirilməsi istiqamətində xərclənir. Vəsaitdən eləcə də jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına sərf edilir».
Bəhruz Quliyev deyir ki, vəsaitlərin ayrılmasında «Səs», «Yeni Müsavat» «Azadlıq» və digər müxtəlif yönlü qəzetlərin bir birindən fərqləndirilməməsi, burada hansısa başqa məqsədlərin güdülmədiyinin göstəricisidir. Onun fikrincə əgər qəzet müstəqildirsə, bu vəsiti aldıqdan sonra da müstəqil olaraq fəaliyyət göstərə bilər.

«80 MİN MANAT BİZİ ASILI VƏZİYYƏTƏ SALA BİLMƏZ»

«Yeni Müsavat» qəzetini baş redaktoru Rauf Arifoğlu da bu kimi vəsaitlərlə öz qəzetinin asılı vəziyyətə düşə biləcəyini zənn etmir. Deyir ki, əvvəla həmin vəsait konkret layihənin həyata keçirilməsinə sərf edilir. Üstəlik ondan qəzetin layihədə nəzərdə tutulan istiqamətdə yazan müxbirləri qonarar ala bilirlər. Rauf Arifoğlu deyir ki, ayda bir dəfə də vəsaiti ayıran fond qarşısında hesabat verilir. Onun fikrincə, bu iş şəffaf aparıldığı üçün, mənimsənilmə, ədalətsizlik kimi məsələlər müzakirə mövzusuna çevrilə bilmir. Rauf Arifoğlu deyir ki, onlar bu layihə çərçivəsində ildə iki dəfə ümumilikdə 80 min manat alırlar. Onun sözlərinə görə, «Yeni Müsavat»ın illik məsrəfinin 600 min manat olduğu nəzərə alınsa bu vəsaitin qəzeti asılı vəziyyətə salmaq üçün çox az olduğu aydın görünər:

«80 min manat bizim xərclərimizin 13 faizlik bir miqyasıdır və o bizi asılı vəziyyətə sala bilməz».

Rauf Arifoğlu deyir ki, qarşıda iki seçim var. Ya hakimiyyət sənə həbsxana, dəyənək və başqa bu kimi təkliflər edir. Ya da fond yaradaraq ondan qrant layihələri şəklində faydalanma təklif edir. Onun fikrincə, istənilən media strukturu üçünsə ikinci təklif daha maraqlıdır, nəinki birinci.

Ələsgər Məmmədli
EKSPERT HESAB EDİR Kİ...

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, Azərbaycan reallığında mətbuat orqanı üçün 40-80 min manat vəsait az pul deyil. Onun fikrincə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan sonra, oradan vəsait alan, yaxud almağa ümid edənlərin ən azı bu quruma qarşı neytirallaşdığını həmin qəzetlərin səhifələrində də müşahidə etmək çətin deyil:

«KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu medianın azadlığı baxımından xeyli problem yaradır. Müəyyən çəkingənklik, özünü senzura yaradır. Bu birmənalı olaraq oradan qrant alan QHT və media qurumlarının fəaliyyətində özünü ən azı həmin fonda qarşı əks etdirir»
XS
SM
MD
LG