Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:22

Hüseynbala Mirələmov Azərbaycan ədəbiyyatının klassikidir?


Hüseynbala Mirələmov

Hüseynbala Mirələmov

İradə MUSAYEVA


Mən bu məqaləni yazmazdım. H.Mirələmovun adını orta məktəb dərsliyində Azərbaycan Ədəbiyyatı tarixini yaradanlar sırasında görəndə onun bir-iki əsərini oxumaq və təhlil etmək qərarına gəldim.

Təhlilin nəticəsi aşağıdakı kimi alındı. Hansı redaksiyaya zəng etdimsə dedilər: «İradə xanım, sizin qələminizə və özünüzə hörmətimiz var, ancaq inciməyin, bu məqaləni çap edə bilməyəcəyik».

Fikir məni apardı: deyəsən Mirələmov yazıçı ola bilməsə də artıq ədəbi-mədəni, ictimai-siyasi, iqtisadi-sosial mühitimizin sevimli və baş qəhrəmanı ola bilib. «Mübariz dostlar» onun yazıçılıq qapısını sədaqətlə qoruyur…



ƏDƏBİYYAT BUDURSA!..

Bizim məmləkətdə hər şeyin öz adı, öz yeri olmasa da, hər şeyin öz qiyməti («daskısı») var.

Ədəbiyyat aləmində də estrada müğənnilərimiz kimi «ulduz» olmaq olur. Amma istedadı, böyüklüyü, dahiliyi Allah verir. O isə ehtiyacsızdır...



Hüseynbala Mirələmovun «Cəza» povesti Çingiz Aytmatovun «Qiyamət» əsərinin rəngi qurtarmış printerdən çıxan surəti («kseroksudur).
Hüseynbala Mirələmovun məhşurlaşması və tanınması yolundakı ən böyük itkimiz — sevdiyimiz, hörmət etdiyimiz, şair demişkən «qapısına diz qoyduğumuz», şəxsiyyət hesab etdiyimiz adamlarımız oldu…

«Vicdanın cəzası» hekayəsində («Azərbaycan» jurnalı, 2002 №3). Rəhim adlı oğlanın keçdiyi ömür yolundan bəhs olunur.

Üç ildən çox Rusiya bazarında alver edən Rəhimin obrazı on iki il əvvəl aldığı, ətəyi, dirsəyi süzülmüş, cunaya çevrilmiş paltosu, su buraxan çırıq ayaqqabıları, qulpuqırıq çayniki ilə bizə təqdim edilir.

Bədii ədəbiyyatın epik növünün hekayə janrına aid edilən bu yazıda bədiilik adına bir şey tapa bilmədik.

Bu janr üçün məqbul olan təsvir, sözlə rəsm çəkmə, sürətləri, hadisələri təsvirlə bədiiləşdirmə kimi əksetdirmə üsulu, təsvir və ifadə vasitələrindən istifadə bacarığı görünmür.

Sadəcə nəqletmə… Məzmun-məna baxımından uyğunsuz sözlərin qışqırığı, səs-küyü ilə nəqletmə…

«Bu dəfə də yeriməyə başlamazdan əvvəl, adəti üzrə paltosunun sol tərəfdəki iç cibindən ailəsi ilə birgə çəkdirdiyi şəkli çıxardı».

Bir abzasda on-on iki cümlənin bir-biri ilə bədii-məntiqi əlaqəsi görünmür: «Hətta qənaət etmək üçün yay aylarında kirayə ev tutmayıb, elə alver etdiyi piştaxtasının üstündə yatdığı vaxtlar da az olmurdu.

Həyat yoldaşı ikinci uşağını doğarkən dünyasını dəyişmişdi». Və ya dalbadal gələn digər cümlələrə diqqət yetirək: «Anasının xəstə olmasına baxmayaraq, uşaqlarının analıq əlinə düşməməsi üçün evlənmirdi.

Bir tərəfdə də doğma yurdunda erməni quldurlarının at oynatması Rəhimin ürəyini parçalayırdı».

Bəli, bir tərəfdə evlənməmək dərdi, digər tərəfdə Qarabağ faciəsi!

Müəllif oxucunu inandırmaq istəyir ki, Rəhim igid və vətənpərvərdir, onun şəxsi problemi olmasaydı ermənilərin çoxdan «dərsini» vermişdi:

«Ancaq anası və iki uşağının çörəyini qazanmaq dərdi onun yolunu kəsirdi. Yoxsa o, Rusiya vətəndaşlığını qəbul etməsinə baxmayaraq, könüllü cəbhəyə gedib ermənilərə qarşı vuruşar, onların «dərsini» verərdi».

Amma müəllif nə deyir, desin, biz Rəhimin igidliyinə və «ermənilərin dərsini vermə» şücaətinə qətiyyən inanmırıq.

«Çox vaxt havanın qaranlıq olmasından istifadə edib ona sırıdıqları zay pomidor-xiyarı sata bilmədikdə nəinki qazanc götürmür, heç mayasını da çıxara bilmirdi.

Hər dəfə itirdiyi pulun yerini doldurmaq üçün ən azı üç gün ac qalmalı olurdu. Son üç ildə axırıncı dəfə nə vaxt yeməkxanaya getdiyi yadına gəlmirdi».

Rusiya bazarında ac-yalavac, lüt-üryan, döyülə-döyülə alver edən bir adamın Azərbaycan tərəfindən hədə-qorxu gəlməsi heç ağlabatan görunmur…

Həm də onun «çörək pulu» problemi var, hələlik vuruşmaq imkanı yoxdur. Ancaq Rəhim döyüşə getməyə məcbur olur.

Rəhim bazarda azərbaycanlılara qan udduran, onları soyan həmyerlisi, müəllifin dili ilə desək: «daxilən olduğu kimi, xarici görkəmcə də çox eybəcər» olan Fedya adlı adamı ad günündə yenə müəllifin dili ilə desək «erməni dığası»nın (halbuki, müəllif dilində bu ifadə işlənməməli idi) olmasına qəzəblənmişdi.

Onu öldürmək istəyəndə bıçağı özünü ortaya atan Firudinin ürəyinə saplamışdı və qaçıb oradan uzaqlaşmış, başqa şəhərdə yaşayan dostunun evində gizlənmişdi.

Axtarışda olan Rəhim Əhədlə birgə Qarabağı müdafiə etmək üçün vətənə dönmüşdü.

Təsadüf elə gətirmişdi ki, yaralanıb qospitala düşmüş, burada isə onun həkimi Firudinin atası Aslan kişi olmuşdu.

Firudinin bacısı Aygün isə orada tibb bacısı idi (xəstəxanada Rəhimlə bir-birlərini sevmiş və evlənmək qərarına gəlmişlər). Ancaq həqiqət açılandan sonra Aygün

«qardaşının qatilinin yaşamağa haqqı yoxdur» — qənaətinə gəlir.

Rəhim yenə (sanki əlacsızlıqdan) cəbhəyə gedir və ağır yaralanıb ölür. Aygün onun cəsədini qucaqlayıb ölməməsini xahiş edir…

Müəllif kiçik yaşlarından oxuduğu kitablardan, baxdığı filmlərdən (əsasən Hindistan filmlərindən) yadında nə qalıbsa hamısından istifadə edib.

Ədəbiyyat, sadəcə, hadisələr quraşdırmaq əyləncəsi olmadığı üçündür ki, az-çox ədəbi-estetik zövqü olan oxucu bədiiləşə bilməyən hadisələri, obrazlaşa bilməyən surətləri həzm eləyə bilmir.

H.Mirələmov dram, roman janrlarında da qələmini sınayır. Onun iki hissəli tarixi dram adı ilə nəşr etdirdiyi («Azərbaycan» jurnalı, 2005 №3) «Pənah xan Cavanşir» əsərində isə Nadir şah haqqındakı tarixi məlumatlardan səhnələşdirilmiş fraqmentlər, S.Vurğunun «Vaqif» dramını xatırladan məqamlarla rastlaşdıq.

Məsələn, elə ilk səhnədəcə Nadir şahın sarayda rəqqasələrə tamaşa etməsi, sonra qəzəblənməsi «Vaqif» dramındakı Qacarın rəqqasələrə tamaşa etməsi və hiddəti təkrarlanır.

Sonda Pənah xanın dilindən fatihə surəsinin təhrif olunmuş şəkli verilir:

«Ya rəbbim, yalnız sənin hökmünə tabe oldum, yalnız SƏNƏ iman gətirdim. Sənə arxalandım, SƏNƏ üz tutdum, yalnız SƏNİN verdiyin cəsarətlə, güclə mübarizə apardım. Pərvərdigara, SƏNDƏN başqa tanrı yoxdur, ölməyəcək, əbədi yaşar, yalnız SƏNSƏN, biz bəndələrsə nə qədər ömür sürsək də, axırda öləriyik…»

Burda da Mirzə Cəlilin «Anamın kitabı» tragikomediyası yada düşür. Azərbaycanın simvolu kimi verilən Zəhrabəyim ananın ölümündən sonra əsərin sonunda Fatihə surəsi oxunur.

Nadir şah, Pənahəli xan Cavanşir, Fətəli xan Əfşar, Kərim xan Zənd haqqında xeyli tarixi faktlar və maraqlı sənədlər var.

Müəllif bunlardan daha münasib və əlverişli fundamental vasitə kimi istifadə edə bilərdi. Lakin o tarixdən götürdüyü faktları sadəcə səhnəyə tökür və çox zəif tellərlə bugünkü Qarabağ probleminə calayır.

Halbuki o qədər zəngin tarixi sənədlərlə mövzunu daha aktual, müasirlik baxımından siyasi aspektdə, təsirli, fəlsəfi və prinsipial şəkildə işləmək olardı. Vahid Azərbaycan dövləti yaratmaq məqamında — Nadir şahın ölümündən sonra Fətəli xan Əfşarın siyasətinə qarşı Kərim xan Zəndlə birləşən Azərbaycan xanlarının (o cümlədən Pənahəli xanın) bəlkə də tarixi faciə hesab oluna biləcək səhvləri üstüörtülü və müəllif sintezindən keçməmiş, münasibətsiz, ictimai-tarixi baxış nöqteyi-nəzərindən təhlilsiz qalır. Hansı ki, müəllif əsərini tarixi dram adlandırıb.

Deməli o, mövzuya tarixçi, şərhçi, politoloq intellekti, dünyagörüşü ilə yanaşmalı idi. Süsənbər və Zərtacla bağlı səhnələri çıxsaq, qalan bütün əhvalatlar tarixdən bildiyimizdir.

Və çox hallarda tarixdə daha obrazlıdır. Məsələn məlum Qəmsə döyüşü — (1752-ci ildə — Fətəli xan Əfşarın Kərim xan Zəndin qardaşı İsgəndər xanı öldürdüyü döyüş) — «Şiraz qonaqlığı» tarix kitablarında və sənədlərdə daha təsirlidir.

H.Mirələmov Kərim xan Zəndin Fətəli xan Əfşarı öldürməsi səhnəsini Fətəli xanın məğlubiyyəti qeyd olunan, rəqqasələri oynadılan səhnənin kənarında verir.

Kərim xan qardaşı İsgəndərin qisasını almaq üçün cəllad çağırıb onun başının bədənindən ayrılmasını əmr edir. Rəqs yenidən qızışır və s.

«Fətəli xan. Sən nə qədər nəciblik nümayiş etdirib qohum-dost desən də, biz bir-birimizlə düşmənik, qan düşməni!

Kərim xan. Doğru deyirsən, Fətəli xan, çox doğru deyirsən. Mən istəyirdim Şiraza gedəndə qardaşım İsgəndəri qətlə yetirdiyin yerdə öz əlimlə qılıncımı soxum kürəyinə, amma kin-küdurətim sonsuzdur, sənin ləyaqətli davranışın məni təbdən çıxarır, bitdi, hövsələm, ta gözləyə bilmirəm (Qışqırır) Cəllad!»

Rəqqasələr yerə sərilirlər. Musiqi kəsilir. Məclis əhli donur.

«Qarabağnamələr»də oxuyuruq: «Bu vaxta qədər Kərim xanın anası ona nə qədər yalvarıb xahiş edirdi ki, Fətəli xanı o dünyaya, qardaşı İsgəndər xanın yanına göndərsin. Lakin Kərim xan etdiyi əhd və peymandan dönmək istəməyib anasının təklifini qəbul etməzdi.

Onlar bu mənzilə (İsgəndər xanın hərb etdiyi və Fətəli xan tərəfindən öldürüldüyü mənzilə – İ.M.) yetişdikdə Kərim xan Fətəli xandan soruşdu: «Bu mənzili tanıyırsanmı, bu necə yerdir?».

İradə Musayeva

Fətəli xan da çəkinmədən cavab verib dedi: «Bəli, bu haman hərb meydanı və qorxulu mənzildir ki, İsgəndər xanın ömrünün günəşi burda batmışdır». Kərim xan bu münasibətsiz cavabdan qəzəblənib, az qaldı ki, ödü partlasın. Dərhal Fətəli xanı axirətə, öz qardaşı İsgəndər xanın yanına göndərdı».

Dramın dilində də xeyli bayağı səslənən ifadələrə (müəllif ara-sıra fars və erməni kəlmələrini verməklə bəlkə də XVIII əsr ab-havası, ovqatı yaratmaq istəyib), lüzumsuz replikalara rast gəldik. «Pədəri-soxtə», «xub», «bəçeşm», «şətrənc», «xamuş», «An koca, in koca?», «Vay astvas» və ya Kərim xan Fətəli xan Əfşara deyir: «Necəsən xan? Osmanlılar demiş, iyimisən?» Remarkalarda müəllif dilində işlənən sözlərə diqqət yetirək: «(Yaraqlarını çıxarmaqda, üst geyimini soyunmaqda ona kömək eləyir, bu əslində qılıqlanmaq, sürtüşməkdir)» və ya: «Pənahəli bəy, nəhayət, ona sıvaşan qadını qucaqlayır» və s.

Pənahəli xan Süsənbərin yanında olanda qapını döyən bacısı oğlu Zütvəli bəylə etdiyi şit zarafatlar Pənah xan obrazını cılızlaşdırır:

«Zütvəli bəy: …Şükür ki, salamatsan, özün də burda, deməli kefin kökdü.
Pənah xan. Bacıoğlu, sarı simə vurursan.

Zütvəli bəy (qəfil qucaqlayır). Dayı, yaman nigarançılıq keçirirdik.

Pənah xan. Yaxşı, sıyılma. Görürsən ki, salamatam, gəlib qapını döyməsəydin indi… (qəhqəhə ilə gülür) Mərdimazarı axtarmaqla deyil ki, özü öz ayağıyla gəlir».

«Cəza» povesti isə Ç.Aytmatovun «Qiyamət» əsərinin rəngi qurtarmış printerdən çıxan surəti («kseroksudur).

Heç bir halda biz mövzu-problematika təkrarının əleyhinə çıxmırıq. Bəşəri və əbədi mövzular var.

J.B.Molyerin «Xəsis»i ilə Axundovun «Hacı Qara»sı, çox saylı «Leyli Məcnun»lar, «Faust», «Demon», «İblis»-lər və s. onlarla mövzuların memarları bir-birinə mane olmadığı kimi, yüzlərlə «Cəza»lar da «Qiyamət» qalalarından bir daş sala bilməz.
Ancaq oxucunu o vaxt yaxşı mənada təəccübləndirmək olar ki, eyni mövzuya yeni, fərqli bir yanaşma ilə rastlaşsın.

Yoxsa mövzunun, obrazların, hadisə və mənzərələrin, hətta təsvir manerasının, tərcümə olunmuş ifadələrin və s. təkrarları gözümüzə, vaxtımıza qəsd etmək deyilmi? Ona görə də müəllififn digər əsərlərinə toxunmadıq…


Tənqidçi İradə Musayeva 2007-ci ildə yazdığı və çap etdirə bilmədiyi bu yazını bu günlərdə "Oxu zalı"na göndərib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG