Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52

«İraqda ölmədi. Evdə ilanın qurbanı oldu»


Qalib Məmmədov deyir ki, xəstəxanada oğluna yardım göstərilsəydi, o, ölməzdi
İyunun əvvəlində Samux rayon Hacıalılar kəndinin 23 yaşlı sakini Sənan Məmmədovu əkin sahəsində ilan sancıb. 11 gün xəstəxanalarda müalicə edilən Sənan Məmmədovu xilas etmək mümkün olmayıb. Atası Qalib Məmmədov deyir ki, ilk üz tutduğu Samux rayon Xəstəxanasında oğluna yardım göstərilsəydi, balasını itirməzdi:

«NƏ BİNT VAR, NƏ İYNƏ»

«Sənan arxı keçəndə çığırdı ki, məni ilan vurdu. Uşağı tez maşına qoydum, 3-4 dəqiqəyə xəstəxanaya çatdırdım. Həkim Rafael Əsədov qarşımıza çıxdı. Dedim, həkim, uşağı ilan vurub, yardım elə. Dedi ki, heç bir şeyimiz yoxdur. Dərman-dəva yoxdur. Uşağın ayağını bərk sıxmışdım. Onu da açdırdı. Heç bir yardım etmədi. Heç baxmadı da. Dedi nə bint var, nə iynə var, nə də novokain, heç bir yardım edə bilmərik. Elə balkondan dedi ki, sür, dayanma, apar Gəncə xəstəxanasına».

Sənan Məmmədova zərdab axtarışı sonradan Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam edib. Qalib Məmmədov deyir ki, 140 manat pul verib ilk vaksini xəstəxananın yaxınlığındakı aptekdən alıb. Sonradan vurulan daha 2 zərdabı isə deməsinə görə, elə həmin qiymətə xəstəxananın tibb bacıları ona satıb. Ancaq get-gedə vəziyyəti pisləşdiyindən Bakıdakı Toksikologiya Mərkəzinə çatdırılan Sənan Məmmədova həkimlər 10 faiz yaşamaq diaqnozu qoyublar. Valideynlərinə deyiblər ki dərhal zərdab vurulsaydı, mütləq o, sağalardı. İndi Qalib Məmmədov buna görə Samux rayon Xəstəxanasının cərrahiyə şöbəsinin baş həkimi Rafael Əsədovu günahlandırır.

«İNDİ VAKSİNİMİZ VAR, HƏMİN VAXT OLMAYIB»

Rafael Əsədov isə mərhum Sənan Məmmədovla bağlı onlara müraciət edilmədiyini deyir. Ancaq bu məsələdən xəbərdar olduğunu da gizlətmir. Üstəlik, etiraf edir ki, həmin gün zərdabları olmayıb:

Baş həkim Rafael Əsədov
- Bizim iştirakımız olmayıb, bizə müraciət olunmayıb. Ancaq çatdırılan məlumatlara görə, ilan onu vurub. Sonra Gəncə şəhər Xəstəxanasına aparılıb. 3 dəfə vaksin edilib. Bir insan kimi xəstəxanadan maraqlanmışıq, vəziyyəti necədir. Onların dediyinə görə, lazımi tədbirlər göstərilib. Vəziyyəti ilə əlaqədar Toksikoloji Mərkəzə aparılıb. Bu, bizə deyilib.

- Atası deyib?

- Bəli, mən də dedim ki, təcili aparın Gəncədəki reanimasiya şöbəsinə.

- Təcili yardım etmə imkanınız yoxdur ki?

- Vaxt itərdi deyə, etmədik.

- Yəni ilan vuran xəstəni sizin xəstəxanaya gətirmək olmaz?

- Gətirmək olar, indi vaksinimiz var, həmin vaxt olmayıb».

«GECİKƏNDƏ 3-4 DOZA ZƏRDAB VURULSA, BELƏ NƏTİCƏ OLMUR»

Gəncə Təcili Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev də Sənan Məmmədovun ölümünü zərdabın rayonda ikən ona vurulmaması ilə əlaqələndirir. Azad Quliyev deyir ki, rayon xəstəxanalarında zərdabın olmaması onların da işini çətinləşdirir. Deməsinə görə, onlara müraciət edənlər də əsasən elə ətraf rayonlardandır:
Adil Qeybulla
«Bu il yay mövsümünə kimi bizə ilan vurmadan 4 xəstə müraciət edib. Onlardan biri tələf olub. Ötən il isə həmin məsələdən 17 xəstə olub. Sağalma ehtimalına görə, ilk dəqiqələrdə mütləq zərdab vurulmalıdır. Gecikəndə 3-4 doza zərdab vurulsa, belə nəticə olmur.

Məsələn, ölən xəstəyə 4 doza zərdab vuruldu. Gec olduğu üçün. Kənd yerlərdə birbaşa şəhərə gəlir, vaxt itirilməsini düşünmürlər. Hazırda 3 doza zərdabımız var. Ehtiyatda varımızdır. Mütləqdir ki xəstəxanalarda zərdab olsun».

«ZƏRDAB EHTİYATI İLK TİBBİ YARDIM LƏVAZİMATLARININ TƏRKİB HİSSƏLƏRİNDƏN BİRİ OLMALIDIR»

Mütəxəssislər deyir ki, ilan zəhəri qana daxil olan kimi toksinləri parçalayır. Bunun üçün elə ilk olaraq zərdabın vurulması zəruridir. Həkim Adil Qeybulla da deyir ki, ilkin tibbi yardım ləvazimatları siyahısına zərdab mütləq salınmalıdır:

- İlk yardımın əsas istiqaməti vaxtında zərdabın vurulmasıdır. Sonra digər müalicələrdir. Zərdab olmasa, digər müalicələr effekt vermir. Zərdab toksikoloji mərkəzlərdə, rayonların toksikoloji şöbələrində mütləq olmalıdır. Zərdab ehtiyatı ilk tibbi yardım ləvazimatlarının tərkib hissələrindən biri olmalıdır.

İRAQDA ÖLMƏDİ. EVDƏ İLANIN QURBANI OLDU

Sənan Məmmədov hərbi xidmətini İraqda çəkib. O, sülhməramlı qüvvələrin tərkibində nümunəvi xidmət keçib yenicə qayıdıbmış. Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin 2-ci kursunda oxuyurmuş.

Şərhləri göstər

XS
SM
MD
LG