Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:41

Azərbaycan insan alverini aradan qaldırmaq üçün minimum standartlara cavab vermir


“Azərbaycan qadın, kişi və uşaqların məcburi əməyə, cinsi zorakılığa məruz qaldığı ölkə olmaqla yanaşı, həm tranziti, həm də qurbanların gəldiyi ölkədir”.

ABŞ Dövlət Departamentinin iyunun 27-də açıqladığı “Trafficking in persons report 2011” adlı hesabatın Azərbaycanla bağlı hissəsində belə deyilir.

Hesabatda qeyd olunur ki, kişilər və oğlanlar Rusiya və Moldovada məcburi əməyə məcbur edildikləri halda, qadın və uşaqlar BƏƏ, Türkiyə, Rusiya və İranda cinsi zorakılığa məruz qalırlar. “Azərbaycan Özbəkistan və Qazaxıstandan olan qadınların BƏƏ və Türkiyədə fahişəliyə cəlb olunması üçün tranzit ölkə kimi xidmət edir. Azərbaycanda Türkiyə, Əfqanıstan və Çindən gələn kişilər məcburi əməyə cəlb edilir, xüsusilə də tikinti sənayesinə. Çinli qadınlar küçə satıcıları kimi Azərbaycanda məcburi əməyə məruz qalır”.

Dövlət Departamenti bildirir ki, Azərbaycan hökuməti insan alverini tamamilə aradan qaldırmaq üçün minimum standartlara cavab vermir. “Hökumət cinsi istismara və məcburi əməyə cəlb olunanların aşkar edilməsi, təhqiqat aparılması və məsuliyyətə cəld edilməsi sahəsində əhəmiyyətli tərəqqiyə nail olmayıb. Azərbaycan dördüncü ildir ardıcıl olaraq “İnsan alveri qurbanlarının müdafiəsi aktı”nın minimal tələblərinə cavab verməyən, lakin bu istiqamətdə müəyyən addımlar atan ölkələr sırasına daxil edilir”.

Dövlət Departamenti tövsiyə edir ki, məcburi əməyə cəlb edilən qurbanları aşkarlamaq üçün milli mexanizmdən daha səmərəli istifadə edilsin, cinayətdə iştirak edən hökumət rəsmiləri, o cümlədən regional polislər məsuliyyətə cəlb edilsin, tikinti yerlərində məcburi əməkdən istifadə edilmə ehtimalı təftişini artırsın və s.
XS
SM
MD
LG