Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:38

Bakı zooparkı - yeyən və yeyilən heyvanlar


Giriş 2 yaşdan 10 yaşadək olan ziyarətçilər üçün 60 qəpik, 10 yaşdan yuxarı ziyarətçilər üçünsə 1 manatdır

Giriş 2 yaşdan 10 yaşadək olan ziyarətçilər üçün 60 qəpik, 10 yaşdan yuxarı ziyarətçilər üçünsə 1 manatdır

- «Fil görmək istəyirəm, ona görə bura gəlmişəm».

- «Görə bildin?»

- «Burda fil yoxdur axı».

4 yaşlı Nigar Bakı Zooloji Parkına fil görmək arzusuyla gəlibmiş. Amma parkda fil olmadığından anası onu başqa heyvanlarla ovundurmağa çalışırdı.

YENİ NÖV QUŞ VƏ İLANLAR, BALA CEYRANLAR....

Fil olmasa da, Bakı zooparkında hazırda 160-a yaxın növdə təxminən 1200 heyvan, quş, sürünən və balıqlar var. Ötən illərdən fərqli olaraq bu il zooparka 8 növdə yeni quş və ilanlar gətirilib. Bunu Bakı Zooloji Parkının direktoru Azər Hüseynov deyir:

«Taclı durna, qaraboyun qu, şah tutuquşusu, qırqovulların bir neçə növü artıq gətirilib. Ceyran təxminən bir ay öncə əkiz bala verib. Qafqaz maralı da bala verib. Quşlardan, balıqlardan da çoxlu bala almışıq. Yenə də müxtəlif heyvanlardan balalar gözləyirik».

BİR TƏRƏFDƏ YEYƏN, DİGƏR TƏRƏFDƏ YEYİLƏN HEYVANLAR

Bakı Zooparkı sakinlərin yay günləri üz tutduqları istirahət mərkəzlərindən biridir. Başqa sözlə, gəlib-gedən o qədər də az deyil. Zooparka giriş 2 yaşdan 10 yaşadək olan ziyarətçilər üçün 60 qəpik, 10 yaşdan yuxarı ziyarətçilər üçünsə 1 manatdır.
Ceyran təxminən bir ay öncə əkiz bala verib
Buradakı təmizlikdə də ötən illərlə müqayisədə irəliləyiş var. Pis qoxu tam da olmasa da, qismən çəkilib. Əksər heyvanların, məsələn, pələngin, ayıların qəfəslərinə su hovuzları qoyulub ki, yayın istisində sərinləsinlər.

Azər Hüseynov deyir ki, hazırda heyvanların qida problemi də yoxdur. Burda təkcə yeyən yox, yeyilmək üçün nəzərdə tutular heyvanlar da var:

«Ehtiyatda çıxdaş olunmuş atlar və uzunqulaqlarımız var. Çıxdaş heyvanları bizə təsərrüfatlardan verirlər. Bunlar artıq ömrünü başa vurmaq üzrə olan atlardır. Onları təsərrüfatlardan insanlar bizə könüllü olaraq verirlər».

Bakı Zooparkında heyvanlarla yanaşı, uşaqların əylənməsi üçün bir neçə çeşiddə sadə yelləncəklər, attraksionlar da var. Deyəsən bunlar azyaşlı ziyaətçilərin ürəyincə olub.

Aysel (5 yaş): - Birinci dəfədir gəlirəm, xoşuma gəldi.

Fatimə (11 yaş): - Burada bütün heyvanlar xoşuma gəldi, bircə ilandan başqa, ondan qorxuram. Qara leopardın olmasını istərdim. Qalan hamısı xoşuma gəldi, pələng gördüm, bu vaxtadək
Azər Hüseynov deyir ki, hazırda heyvanların qida problemi də yoxdur
görməmişdim.

«ŞİRLƏRƏ, YAZIĞIMIZ GƏLDİ»

Valideynlər isə gileylidirlər:

- Daha təmiz, daha maraqlı olsaydı, yaxşı olardı. Amma yenə də nə varsa, ona da şükür. Əsas uşaqlara maraqlı olsun. Heyvanların yerinə baxanda, məsələn şirlərə, yazığımız gəldi. Pis deyil, amma yenə işlər görmək, yaxşılaşdırmaq olar.

- Qane edir, çox gözəldir. Amma yenilənsə lap yaxşı olar.

- İkinci dəfədir ki, gəlirəm, uşaqların çox xoşuna gəlir, əladır. Fil olsaydı, lap yaxşı olardı. İmkan daxilində nələri var, onu da göstərirlər. Neyləsinlər?.

- Canavar, ayı nə gündədir, görün necə saxlayırlar. Məncə, yeni yerə köçəndə, həm onlar üçün, həm də uşaqlarımız üçün daha yaxşı olacaq. Uşaqlar bizim gələcəyimizdir və onlar heyvanlarla dostluq etməlidirlər. Belə olanda, onlar gələcəkdə xeyirxah vətəndaş olacaqlar.

YENİ ZOOPARKIN HƏLƏ Kİ İLKİN LAYİHƏSİ HAZIRDIR

Zooparkın yeni sakini - qaraboyun qu
Bakıda yeni, daha geniş zooparkın salınması ilə bağlı prezident İlham Əliyev 2008-ci ildə sərəncam imzalayıb. Bu məqsədlə Nazirlər Kabinetinin qərarı ilə Qobu kəndində 55 hektar ərazi və 2.8 milyon manat da ayrılıb. Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ötən ay mətbuata verdiyi məlumata görə, yeni zooparkın hələ ki, ilkin layihəsi hazırdır. Nazirin dediyinə görə, zooparkın yaradılması üçün dünyanın 70-dən artıq ölkəsindən mütəxəssislər cəlb olunub, tikinti işlərini isə Almaniya və Türkiyənin müştərək müəssisəsi həyata keçirəcək.

QƏFƏS OLMAYACAQ

Yeni heyvanat parkında qəfəs sistemi də olmayacaq, divarlar təbii landşaftlardan ibarət olacaq, heyvanlar isə yarımsərbəst şəkildə saxlanacaq. Amma bütün bunları nə vaxt gözlə görmək mümkün olacaq – bu barədə dəqiq bir söz deyilmir.

FİL OLACAQMI?

O ki qaldı filə, Bakı Zooloji Parkının direktoru Azər Hüseynov deyir ki, bu, həm də onun arzusudur:

«Bizim bugünkü zooloji parkımızda fillərin yerləşdirilməsi, onlara sahələrin ayrılması mümkün deyil. Zooparkımız genişlənərsə, şəhərimizdə yaşıllığı daha çox olan yerdə heyvanat parkı salınarsa və mən orda çalışaramsa, həm o uşağın, həm də öz arzumu həyata keçirməyə 100 faiz çalışacam».
XS
SM
MD
LG