Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan hakimiyyəti və müxalifəti üçün «yol xəritəsi»


Bunu bütün sərtliyi ilə deməliyik: Azərbaycan müstəqilliyinə görə nifrətə borcludur
NİFRƏTİN TARİXDƏ ƏCAİB SONUCLARI

Londonda yaşayan qardaşım Britaniya siyasi rejimindən başqa demokratik rejimləri ayırmaq üçün ilginc bir nəsnə söylədi: respublika rejimində siyasi rəqabət, seçkilərdə qalib gəlmək yarışı nifrət və paxıllıqdan enerji alır. Britaniyada isə bu nifrəti və paxıllığı kraliçaya və ailəsinə sevgi nə qədərsə neytrallaşdırır. Sonra o, mənə dedi: kaş, sıradan ingilislərin şahzadə və nişanlısının toyunu necə sevə-sevə gözlədiyini görəydin. Onlar bu toyu qaçırmamaqdan ötrü gecə çadırlarda yatdılar. Sanki bu toy balalarının toyu olacaqdı.

Qardaşımın bu sözləri bir daha məni siyasətdə nifrət və paxıllıq sorusuna köklədi. O yerdə ki, nifrət və paxıllıq var, orada dini rəmzin dili ilə desək, İblis var. İblisin belə rəmzləşdirilməsi Qötedən və Caviddən sonra bizim üçün orijinal simvolik akt deyil. Ancaq hər halda bəzi anışmalar cərgəsi yaradır. Məsələn, bəzən söyləyirlər ki, Avropa ədəbiyyatının əsasında İuda (yəni xəyanət motivi durur). İuda isə İblis istəminin, iradəsinin bir qələbəsidir və əgər böyük və gəlişmiş bir qitənin ədəbiyyatının leytmotivini İudada görürlərsə, deməli, İudanın mənfurluğunun ədəbiyyat üçün qurucu, törədici rolu olub.

SİYASİ NİFRƏT BİZDƏ VƏ ONLARDA

İndi söyləyə bilərəm ki, siyasi alanda demokratiyanın böyük yetənəyi ondadır ki, nifrəti, həsədi, paxıllığı elə bir rejimə salıb ki, onlar destruktivlikdən çıxıb konstruktiv olublar. Necə? Bu, ayrı məsələdir. Hələliksə mən istərdim Azərbaycanın siyasi alanında özünü göstərən nifrətə, paxıllığa baxaq, görək niyə avropalı bizə irad tutanda, deyə bilmərik ki, onlar sizdə də var («korrupsiya sizdə də var», «jurnalistləri sizdə də tuturlar», «narkotikdən sizin də dövlət faydalanır» dedilərinin, diskurslarının balası). Dünyada doğrudan da qəribə nəsnələr olur, humanizmə iddialı olan demokratiya nifrət və paxıllıqdan yararlanır, anti-humanist sayılan avtoritar və totalitar rejimlər isə özlərinə arqumenti sevgidən, - adətən, bu sevgi yaltaqlığın və qılığın arqumenti olur, - faydalanır.

YAXIN TARİXİMİZDƏN

Bunu bütün sərtliyi ilə deməliyik: Azərbaycan müstəqilliyinə görə nifrətə borcludur. Sovet rejiminə, erməni işğalçılarına nifrət olmasaydı, bağımsızlıq hərəkatı da olmazdı (hərçənd bu nifrət demokratiyadakı nifrətdən ayrıdır). Milli demokratlar küçədən siyasətə gəlmələrinin («gədə-güdədən» siyasətçiyə çevrilmələrinin) arqumentini və gücünü satqın və rüşvətxor partokratlara nifrətdən qazanmışdılar («Onlar getməlidir!). Bu nifrət camaatda o qədər güclü idi ki, partiya yetkilələrinin əlacı ona qalırdı ki, desinlər: «biz də bu xalqın övladlarıyıq». Bütün yüksək vəzifəlilərin bu sözləri təkrar etməsi simptomatik bir hal idi.

Zaman keçdi, böyük resursları olan hakimiyyətin zərbələri müxalifəti darmadağın etdi
Nifrətin enerjisi 90-cı illərdə indiki müxalifətin də dadına çatdı. Heydər Əliyev hakimiyyətə gələndə, müxalifətin bütün qolları özləri ilə Heydər Əliyevin komandasını qarşı-qarıya duran «vətən fədailəri və yaxşı olan bizlər – millət soyğunçuları, millət satqınları olan onlar» biçiminə saldılar və bu mənzərədən doğan nifrətdən faydalanıb meydanda qala bildilər.

MƏN DEMƏK İSTƏMİRƏM Kİ, BU MƏNZƏRƏ UYDURMA İDİ, BÖHTAN İDİ, HƏR İKİ TƏRƏFDƏN BU MƏNZƏRƏNİ, BU NİFRƏTİ DOĞRULDAN YETƏRİNCƏ QƏHRƏMANLAR VƏ ANTİ-QƏHRƏMANLAR VAR İDİ.

Ancaq mənzərənin günahı onda idi ki, dünyamızı çox bəsitləşdirirdi. Birincisi ona görə ki, qəhrəmanların arasından da anti-qəhrəmanlar çıxdı, «anti-qəhrəmanlar» isə hər halda Dağlıq Qarabağla bağlı təslimçi saziş yolunu tutmadılar, göydələn və körpülər simvollarını yaratdılar, avtomobil qəzalarını xeyli azaldan yollar saldılar. Azərbaycan insanının isə yaşam keyfiyyəti hər halda 90-cı illərdən xeyli yuxarı qalxdı. Bütün bu işlərə ləkə gətirən korrupsiya, monopoliya və s. nöqsanlarına baxmayaraq, hər halda fakt faktlığında qalır.

QARŞI-QARŞIYA DURANLARIN GÜCÜ VƏ ZƏİFLİYİ

Zaman keçdi böyük resursları olan hakimiyyətin zərbələri müxalifəti darmadağın etdi. İndi tam aydın görünür ki, müxalifət artıq hakimiyyətin möhtəşəm ehramı qarşısında Misir bukletlərində görünən adamlar kimi kiçikdirlər.

Mən anlayıram ki, yazdıqlarım iki tərəfdə də qəzəb doğuracaq, ancaq insafınız olsun, qoyun düşüncəmi axıracan deyim. Artıq müxalifətin söykənmək istədiyi nifrət resursu çox zəifdir. Müxalifət uduzduğunu bilir, ancaq bildiyini bildirmək cürətinə gəlib çatmayıb, çünki etirafla demokratiya ideallarına xəyanət etməkdən qorxur. Hakimiyyət isə qoy öz möhtəşəm gücündən aldanışlara qapılmasın. Deyəsən, «Serenada» gürcü filmindədir, yekəpər kişi arıq oğlanı döyüb pərt edir, o, isə qır-saqqız olub əl çəkmir, hər yerdə, bu yekəpərin üstünə cumur, şapalaq yeyir, yenə əl çəkmir. Axırda yekəpər özünü zibilə saldığını görür. İndi bizdə də «Serenada» filminin ssenarisi gedir. Jurnalistləri türməyə salırlar, ancaq yenə «ağlına gələni» yazanlar qalır, İP mitinqçilərini tuturlar, yenə mitinq edirlər. Beləcə, Azərbaycan siyasi səhnəsi nifrətlə yenə doludur.
İsa Qəmbər və Məzahir Pənəhov, 2005
Dialoq ideyası xala-xətrin səslənsə də, hakimiyyət ehtiyatlanır ki, müxalifəti saysa ayağı yer alar (və doğrudan da bu ehtimal güclüdür). Müxalifət isə özünü sındırmır ki, birdən xain və ya yaltaq görünər. Beləcə, Azərbaycan siyasi gücləri öz keçmişlərinin, öz nifrətlərinin girovuna çevriliblər (bu ümumiləşdirməmlə heç cürə istəməzdim, hamıdan ağıllı ədasında görünmək istəməzdim).

OLARMI BU VARİANT?

Bəlkə indi və ya yaxın gələcəkdə hakimiyyətlə müxalifətin «yol xəritəsini» cızmaq vaxtı çatıb? «Yol xəritəsi» münaqişədə olan tərəflərin hətta uzaq görünən məqsədlərə çatması üçün addım-addım, mərhələ-mərhələ getmək planını cızır və saziş bunun üstündə qurulur. Güman ki, indiki zamanda hakimiyyətdə olanlar da istəyirlər ki, haçansa Azərbaycanda müstəqil məhkəmələr olsun. Hətta indi məhkəmələrin müstəqil olmamasından qazanan hakimlər də, yüksək vəzifə tutanlar da haçansa vəziyyətin dəyişməsini istəyərlər, ən azı ona görə ki, 10 ildən sonra da hakim olmalarına ümid yoxdur (mənim bu söylədiklərimi indi türmədə olan keçmiş nazirlər yaxşı başa düşərlər). Beləliklə, indi Azərbaycanın korrupsiyasından, eybəcərliklərindən faydalananlar elə də primitiv deyillər ki, bu məmləkət üçün həmişə bu vəziyyəti arzulasınlar. Həkimlər xəstəxanaya ağır yaralı gələndə, sevinə bilərlər (qəbirqazanlar kimi), ancaq bu o demək deyil ki, onlar həmişə Azərbaycanın ağır xəstələrlə dolu olmasını arzulayarlar.
Bəlkə hakimiyyətin və müxalifətin gələcəklə bağlı bu istəklərinin yaxınlığı «yol xəritəsi» istəyində birlik yarada bilər?!

QARŞIDA DURAN ÇƏTİNLİKLƏRDƏN

Bu xəritənin tutulmasına çoxlu əngəllər var. Məsələn, necə formulə etmək ki, biz filanıncı ilə qədər prezidentlik iddiasında olmayacağıq, ancaq əvəzində partiyaların fəaliyyəti üçün maddi və mənəvi şəraiti yaradın. Saziş üçün bütün bu cür alverçi görünən məsələlərin abırlı düsturunu tapmaq lazımdır. Məsələn, Hikmət Hacızadənin bir vaxtlar dediyi kimi, siyasi partiyaların prioriteti filan iləcən hakimiyyət yox, İnsan Haqları olacaq və s.

İdeya ciddi müzakirə olunsa, sözsüz, xeyli ağır məsələləri çözmək lazım gələcək. Hələliksə əsas məsələ Azərbaycan hakimiyyəti və müxalifəti arasında «yol xəritəsi» təklifini həzm etməkdir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG