Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:33

ABŞ Azərbaycanla təhlükəsizlik məsələsində əməkdaşlığı gücləndirir


Birləşmiş Ştatları dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endryu Şapiro (Andrew Shapiro)
Birləşmiş Ştatları dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endryu Şapiro (Andrew Shapiro)
İyunun 24-də Azərbaycan və ABŞ arasında təhlükəsizlik məsələləri üzrə dialoq keçirilib.

Müzakirələrdə Birləşmiş Ştatları dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endryu Şapironun (Andrew Shapiro) rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Görüşlə bağlı jurnalistlərə məlumat verən Azərbaycan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, hər iki ölkə arasında təhlükəsizliklə bağlı əməkdaşlığın gücləndirilməsi yönündə müzakirələr aparılıb:

«Bu həm Xəzər dənizində təhlükəsizliyə, həm terrorizmə qarşı mübarizədə, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında, təhlükəsizliklə bağlı müxtəlif hədə və risklərin aradan qaldırılmasında özünü büruzə verməkdədir. Məncə hər iki tərəf bu konkret müzakirələrdən nəticə çıxarıb konkret addımlar atmaqda qərarlıdır».

Araz Əzimov deyir ki, ABŞ-la bu əməkdaşlıq terrorçuluqla mübarizədə, qeyri-qanuni narkotik daşınmalarının qarşısının alınmasında, Xəzər dənizində enerji infrastrukturunun mühafizəsində və digər təhlükəsizlik risklərinin aradan qaldırılmasında özünü birüzə verir.

ABŞ Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endryu Şapiro isə deyir ki, Azərbaycanla bu sahədə əməkdaşlıq etmək üçün böyük potensial var.

«TƏHLÜKƏSİZLİKLƏ BAĞLI ƏMƏKDAŞLIĞIMIZIN DƏRİNLƏŞMƏSİNİ MÜZAKİRƏ ETDİK»

ABŞ qoşunları Əfqanıstanda
«Birləşmiş Ştatlar və Azərbaycan enerji, təhlükəsizlik və daxili islahatlar sahəsində ortaq maraqları bölüşür. Bu gün təhlükəsizliklə bağlı əməkdaşlığımızın dərinləşməsini müzakirə etdik. Xəzər dənizində mühüm infrastrukturun mühafizəsi, hərbçilər arasında əməkdaşlıq bu qəbildəndir. Amerika hökuməti qeyd etdiyimiz ortaq maraqlar üzrə fəaliyyətləri, tərəfdaşlığı gücləndirməyi səbirsizliklə gözləyir».

Endryu Şapiro bildirir ki, Azərbaycan ABŞ-ın və NATO qüvvələrinin Əfqanıstanda apardığı əməliyyatlar zamanı öz töhfəsini verib və bunun üçün Azərbaycan tərəfinə öz təşəkkürünü çatdırır.

AzadlıqRadiosunun «ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başlayacaq. Bundan sonra Azərbaycanla ABŞ-ın mühüm strateji əməkdaşlığı konkret hansı sahələrdə davam edəcək» sualına Endryu Şapiro belə cavab verdi ki, 2014-cü ilə kimi onlar Əfqanıstanda qalacaqlar. Bundan sonrakı müddətdə də Azərbaycanın Əfqanıstanda hansı töhfə verə biləcəyini müzakirə ediblər və o cümlədən, terrorçuluqla, Xəzər dənizində mühüm enerji infrastrukturunun mühafizəsində əməkdaşlıq davam edəcək.

ABŞ AZƏRBAYCANDAN SÜLHMƏRAMLILARINI ƏFQANISTANDA SAXLAMAĞI XAHİŞ EDİB

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov isə deyir ki, ABŞ tərəfi onlardan hələlik Azərbaycan sülhməramlılarını Əfqanıstanda saxlamağı xahiş edib:

«Bundan başqa Azərbaycanın Əfqanıstanda qeyri-hərbi sahəyə töhfələri müzakirə edildi. Bildiyiniz kimi, Azərbaycan mülki sahələrdə öz töhfəsini əsirgəmir. Əfqan tələbələri, yerli icra hakimiyyətləri, hökumət, parlament, QHT nümayəndələri üçün Azərbaycanda bir sıra proqramlar təşkil edir. Əfqanıstanda ərazilərin minadan təmizlənməsi üçün ANAMA-nın proqramları da var və bunların uzadılması da nəzərdə tutulur».

Bir müddət əvvəl ABŞ-Azərbaycan arasında hərbi təlimlərin təxirə salınmasının iki ölkə arasındakı münasibətlərə təsiri ilə bağlı sualın cavabında Araz Əzimov dedi ki, təxirə salınmağa səbəb texniki məsələ olub: «Yaxın vaxtlarda hərbçilər iri miqyaslı təlimlərdə iştirak edəcəklər. Belə təlimlərin biri Azərbaycanda, digəri xarici ölkələrin birində keçiriləcək».

Endryu Şapiro isə dedi ki, təlimlərin qrafikini və maliyyələşdirilməsini müəyyən edə bilməyiblər və bu üzdən təlimlərin təxirə salınması baş verib. Amma onlar iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsini arzu edirlər.

Arxiv foto
«HARDA EHTİYAC VARSA...»

Xəzərdəki infrastrukturların təhlükəsizliyi ilə bağlı sualın cavabında Araz Əzimov bildirib ki, Amerika-Azərbaycan əməkdaşlığının əsas məzmunu Azərbaycanın milli imkanlarının, qabiliyyətlərinin və resurslarının inkişaf etdirilməsidir:

«Təhlükəsizliyin müxtəlif aspektləri var. Bu platforma və infrastrukturların mühafizəsi, ekoloji təhlükəsizlik, sızmaların qarşısının alınması, qanunsuz daşımalara qarşı mübarizə, enerji təhlükəsizliyi və başqa sahələri əhatə edir. Bütün bu sahələrdə haradakı Azərbaycanın ehtiyacı var və Azərbaycan Amerika ilə bu sahədə ümumi anlayış tapırsa müxtəlif formalarda və mexanizmlərdən istifadə edərək əməkdaşlıq edə bilər. Bəzi sahələrdə isə artıq əməkdaşlıq mövcuddur.

«GƏLƏCƏKDƏ QƏBƏLƏ RLS-i İLƏ BAĞLI MÜZAKİRƏLƏRİ DAVAM ETDİRƏ BİLƏRİK»

Dövlət katibinin köməkçisi raket əleyhinə müdafiə ilə bağlı yaxşı müzakirələr keçirildiyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın NATO çərçivəsində Avropada raketdən müdafiə fəaliyyətlərinin hazırkı vəziyyəti barədə də müzakirə aparıblar:

«Əsas səylərimiz NATO müttəfiqlərimizin raketdən müdafiə bacarıqlarının artırılmasın yönəldilib. Həmçinin Rusiya hökuməti ilə NATO tərəfindən koordinasiya olunacaq ayrıca raketdən müdafiə sistemi ilə bağlı müzakirələr aparırıq. Raketdən müdafiə ilə bağlı müzakirələrin hazırkı vəziyyəti bundan ibarətdir. Ola bilsin ki, gələcəkdə, biz Qəbələ RLS-lə bağlı müzakirələrimizi davam etdirdik.

Araz Əzimov isə deyib ki, Qəbələ RLS-in Rusiya tərəfindən istifadəsi ilə bağlı müqavilənin müddəti gələn il başa çatır və onun gələcək fəaliyyəti ilə bağlı müzakirələr davam etdirilir:

Qəbələ RLS

«Bu stansiyanın əhəmiyyəti çox böyükdür. Həm Azərbaycan ərazisində yerləşdiyinə görə, həm də Rusiyanın təhlükəsizliyinin təminatında roluna görə bu stansiyanın əhəmiyyəti böyükdür. Digər tərəfdən Rusiya NATO və Amerika ilə raketdən müdafiə sistemləri ilə bağlı əməkdaşlıqla bağlı müzakirələr aparır. Bu gün danışıqlarla bağlı bizə faydalı məlumatlar verildi. Bu müzakirələrin davam etdirilməsini özümüz üçün faydalı hesab edirik».

Araz Əzimov onu da əlavə etdi ki, iki ölkə arasında təhlükəsizliklə bağlı növbəti dialoq gələn il Vaşinqtonda keçiriləcək və bu dialoqa konkret təkliflərlə gediləcək.
XS
SM
MD
LG