Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:41
Azad qadın

Azad qadın heykəlinin yanında
Gecənin alacaqaranlığında
Bir qadın cəsədi, bir qanlı bıçaq
Bir bitmiş həyat, bir təmizlənmiş “namus…”
Sus! Daha on iki yaşında ikən
Atdınız onu sonlandırdığınız yaşamı ilə birlikdə
Birinin ocağına, birinin qucağına…
Sus! Daha məktəb yaşındaydı
Gələcəyi ümidlərlə dolu bir sevincdəydi
Atdınız onu, birinin ocağına, birinin qucağına…
Atdınız onu bitməz bir zülmün pəncəsinə
Soldu ümidləri, kim bilir satdınız nəsinə
İndi soyuq bir bıçağın, qatilin səsinə
Susmayın qulaq asın…
Öldürdüyünüz, evdən qaçan fahişə deyil
Ümidlərini soldurduğunuz bir məktəblidir
Atdınız ocağın pəncərəsi şüşə deyil
Dəmirlə hörülmüş bir səddir.
Öldürdüyünüz təkcə bir insan deyil
Azad bir qadının etirazıdır
Siz zatən bir ölüsünüz
Bu qanlı bıçaq, bu soyuq cəsəd
Buraxdığınız mirasınızdır.

22.06.2011


Sürgün

Qaralır göy üzü…
Günəş sürgünə gedir
Aparır özü ilə
Bir filosofun dediklərini
Günəşin altında deyilən bütün sözü
Aparır özü ilə sürgünə
Daha sözsüz qalacaq göy üzü
Yenidən başlayacaq
Qaranlıq mağaralar
Aclıq, soyuqluq
Şiddətli rüzgarlar
Öləcək iri heyvanlar…
Aclığın təsviri hopacaq mağaralara
Gedən günəşin arxasınca himnlər qoşulacaq.
Günəşə qovuşmanın yolu
Ancaq öldükdən sonra olacaq.
Bu inancla yaşayacaq insanlar
Gedən günəşə bağlayacaq ümidlərini
İnanclar yaranacaq, Günəş Allah olacaq.

18.06.2011


Bacarmadım…

İsa olmağı bacarmadım
Əzablardan çarmıx düzəldib
Saçlarını mismar edib
Gücsüz bədənimi asmağa…
Göz yaşlarını qanıma hopdurub
Son kərə çörəyə batırıb…
Elə çarmıx süfrəsində
Hayqıraraq qorxmadığımı
Allahların göndərdiyi qarğaların
Gözlərimi çıxartmasını
Sülək köpəklərin çarmıxdan sonra
Bədənimə daraşacağını
Gözə alammadım…
Bacarmadım İsa olmağı
Bir üzümə sillə dəydiyində
Səbr edib, sabaha ümidlə baxmağı
Bir gün oxşadığım saçlarının
İuda kimi xəyanət edəcəyini
Başqasının çıynində dalğalanacağını
Bildiyim halda…bacarmadım…
Çarmıx süfrəsində bir sənin saçların
Bir də mənim qanım olmalıydı…
Bacarmadın İsa olmağı…

13.06.2011


Ölüm gəlir

Yumulur qoca rahibin gözləri
Bir ömür ibadət etdiyi yerdə, indi can verir.
Qarşısında illərdir diziüstə durduğu heykəl
Hare-hare deyə səsləndiyi heykəl
İndi uzadacaqmı ona əl…Bir anlıq dikəlir rahib
Yalvarırcasına baxır heykələ
Bilirdi ki, bir gün ölüm gələcək
Amma o an gəlməyənə qədər
Necə asan olur, dünyanın faniliyindən
Həyatın ötəriliyindən danışmaq.
İndi gerçəklə qarşı-qarşıyadır
Dayanıb ölüm şah damarından da yaxın..
Rahibin gözlərində yaşlar axın-axın..
İllərdir sevgiylə baxdığı heykələ
Indi nifrətlə baxır…
Xilas etmir onu heykəl…
Son nəfəsini toplayır rahib
Sürünərək yüyürür heykələ doğru:
-Allahmısan, yoxsa ömrümü çalan oğru?
Fəda etdim hər günümü sənə
İndi ölümə doğru yüyürərkən
Soyuq məzarda çürüyərkən
Sən yenə öz daşlığında, məğrurluğunda
qalacaqmısan?
Yox!!! Qoca daş, artıq anladım…
Bir ömür həyatımı itirdiyimi
Yalanlarla həyatımı bitirdiyimi.
Daha kimsəni aldada bilməyəcəksən”
Son gücünü toplayır rahib…
Heykəl lərzəylə yerə sürüklənir
Rahibin gözlərindən yaşlar ələnir…
Ölüm gəlir…

11.06.2011

Günün bütün mövzuları

XS
SM
MD
LG