Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:09

Prezident- kürəkən davası Vaşinqtona çıxıb


Afanasenko Washingtonda
Afanasenko Washingtonda


Dünyanın bir çox ölkəsində təqib olunanlar hakimiyyətlə mübahisələrini Vaşinqtona çatdırmağa çalışırlar, ədaləti Vaşinqtonda axtarırlar.
Bu baxımdan Pyotr Afanasenkonun iyun ayında Vaşinqtona səfərində qəribə heç nə yox idi.

O, Qazaxıstan həbsxanalarında işgəncə verildiyini, o cümlədən bəzi rəsmilərin bunda əli olduğunu Konqresə və Dövlət Departamentinə danışdı.

Ancaq ittiham olunan həmin rəsmilər kimlər idi?

Afanasenko dedi ki, bunda əli olanlardan biri prezident Nazarbayevin o vaxtki kürəkəni Rahat Əliyev idi.

Afanasenko Azadlıq Radiosuna deyir: “Mən Rahat Əliyevi mənə və həmkarlarıma qarşı qurama cinayət işi qaldırmaqda ittiham edirəm. Rahat Əliyev o vaxt Almatının Milli Təhlükəsizlik Komitəsinin başçısı idi.
O, işgəncələr verilməsində iştirak edirdi və özü dustaqlara işgəncə verirdi”.

Vaxtilə müxalifət liderinin cangüdəni olan Afanasenko 2000-ci ildə həbs olunmuşdu. Bir il sonra buraxıldı və Belçikaya mühacirət etdi. Onun həbsini insan haqları təşkilatları pisləyirdi.

O, həbsdən çıxandan 10 il sonra niyə Vaşinqtona gəlir?
Özü də onun səfərini Qazaxıstana Vaşinqtonda lobbilik edən təşkilat maliyyələşdirir.
Buna görə şübhələr yaranır ki, prezidentin qəzəbinə gələn Rahat Əliyevi vurmaqda indi hakimiyyət hətta əvvəllər incitdiyi adamlardan da istifadə edir.

NAZARBAYEV LOBBİLƏRƏ MİLYONLAR XƏRCLƏYİB

New York Times qəzetinin bu yaxınlarda apardığı araşdırmaya görə, Nazarbayev Rahat Əliyevlə mübahisəsini Vaşinqtonda hakimiyyət dəhlizlərinə çıxarmağa son 3 ildə ekspertlərə, lobbilərə milyonlarla dollar pul xərcləyib.

Prezidentin 48 yaşlı keçmiş kürəkəninin, vaxtilə təhlükəsizlik xidmətlərinin bossu, sonra isə diplomat olan Rahat Əliyevin enişi dramatik oldu.

Əvvəlcə prezidentin qızı Dariqa ondan boşandı, sonra isə onu Avstriyaya səfir kimi sürgünə göndərdilər.

2008-ci ildə Qazaxıstan məhkəməsi Əliyevi prezidenti devirmək cəhdi ittihamı ilə qiyabi məhkum etdi.

Rahat Əliyev də sakit dayanmayıb. Rəsmi məlumatlara görə, o da Vaşinqtonun rəsmi dəstəyini qazanmaq üçün lobbiçilər tutub.
Belə lobbi təşkilatlarından biri RJİ Government Strategies İnc.-dir.

Təşkilatın məsləhətçisi Tanya Rahall Azadlıq Radiosunun Vaşinqton Bürosunun sorğusuna cavab vermək istəməyib.

Ancaq Rahat Əliyevin özü Azadlıq Radiosuna zəng edərək deyib ki, lobbilər ona elə də böyük fayda vermədilər.

“Mən Konqresə özüm və Qazaxıstanda nə baş verdiyi barədə həqiqəti demək istəyirəm. Mən bir xırda lobbi şirkəti də tutmuşam. Təəsüf ki, onlar istədiyim nəticəni əldə etmək imkanında deyillər. Nazarbayevlə mənim münaqişəm zamanı son vaxtlar çoxlu lobbiçi peyda olub. Onlar hətta iki tərəfə işləyir. Bəziləri hətta üç tərəfə işləyir” (gülür).

Əliyevin tutduğu lobbi təşkilatları bu sözləri şərh etmək istəmədilər.

RAHAT ƏLİYEV AVSTRİYADAN GEDİB?

Keçən həftə Qazaxıstan elan etdi ki, Avstriyadan Rahat Əliyevi indi də qətl ittihamı ilə istəyir.

Hakimiyyət Əliyevi 4 il qabaq iki bankirin oğurlanmasında və öldürülməsində ittiham edir.
Onların meyitləri bu yaxınlarda tapıldı.

Maraqlıdır ki, ABŞ-dakı Avstriya səfirliyi Azadlıq Radiosunun sorğusuna cavab olaraq deyib ki, onlarda olan məlumata görə, Rahat Əliyev hazırda Avsriyada deyil.

Rahat Əliyev Azadlıq Radiosuna zəng edəndə də harda olduğunu demək istəməyib.

2 MİLYARD DOLLARLIQ İDDİALAR

Rahat Əliyevin iki tərəfdaşı – Devinci və İssam Hourani Amerikada iki məhkəmə iddiası qaldırıblar.
Onlar əmlakların müsadirəsində Qazaxıstan hökumətinə kömək göstərən lobbi təşkilatlarından 2 milyard dollar istəyirlər.

Bu iddialar ictimai maraq doğurub. Çünki iddiaçıların əlində onların dediyinə görə, Qazaxıstanın Amerikadakı səfirinin yazdığı məktub var. Məktubda Qazaxıstan hökumətinin Konqress üzvlərinə haqq ödəməsi bildirilir.

Məktub 2010-cu ilin noyabrında yazılıb. Deyilir ki, Qazaxıstan səfirliyi Konqresdə “Qazaxıstanın dostları” adlı qrup yaradıb. Səfirlik “onların fondlarına Sizin yaratdığınız xüsusi fonddan möhkəm valyuta ilə ianələr verir”.

Qazaxıstan məktubun saxta olduğunu bildirir.
Hökumət bildirir ki, məsləhətçilər tutduğunu isə danmır.

TƏHQİQATA ÇAĞIRIRLAR

İyunun 2-də isə Vaşinqtondakı Project On Government Oversight adlı təşkilat Amerikanın Ədliyyə nazirliyinə müraciət edib ki, bütün bu iddiaları araşdırsın.
Təşkilat yazır ki, “Qazaxıstanın fond yaradıb Konress üzvlərinə nüfuz edə bilməsindən narahatdır”.

Təşkilatın təhqiqatçısı Jake Weins deyir: “əgər Konress üzvlərinə ödənilən detallı pullar barədə məktub həqiqətdirsə narahatlığa zəmin var. Məktub həqiqdirsə, Qazaxıstan hökuməti Konress üzvlərini qanunsuz olaraq maliyyələşdirib. Bu çox ciddi məsələdir.”

Ancaq eyni vaxtda xarici hökumətlərin Amerika siyasətinə beyin mərkəzləri və akademik institutlar vasitəsilə, yəni dolayı təsir göstərməsinə elə bir maneə yoxdur. Xarici hökumətlər və fərdlər bu qurumlara pul verə bilərlər.
Bu təşkilatlar da həmin ölkələrin müsbət imicini formalaşdıra bilər.

Eurasinet.org un məlumatına görə, Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi və Yeni Demokratiya İnstitutu iki il əvvəl Qazaxıstan hökumətindən 290 min dollar aldılar.
Onlar Qazaxıstanın demokratiyaya doğru tərəqqisindən məqalələr yazmalı idilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG