Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:41

Oqtay Qorçu "Kişi salonu" (Hekayə)


Ticarət mərkəzinin yaxınlığında qonşusu dəllək Tahirin səs-küylü və pinti köhnə köşkünə getməkdən vaz keçdi.

Şəklini gördüyü bu Hollivud ulduzunun filmlərini xoşladığına görə ayaq saxladı, fikirləşdi ki, səliqəli yerə oxşayırsa yəqin burda işləyən də yaxşı usta olmalıdır. Yolunu dəyişdi, yönəldi kişi salonuna.

Birinci dəfə idi ki, saçını-üzünü burda qırxdıracaqdı. İçəri girməmiş salonu başdan-ayağa süzdü, həm də siqareti kötüyünəcən sümürüb çəkməyə vərdiş etmişdi.

Bred Pitin kişi salonunun şüşəli qapısı üstündə asılmış, saç düzümüylə və gülərüz simasıyla sanki müştərilərə əla xidmət vəd edən rəngli şəkli onu da çəkib saldı içəri. Salam verib, növbə gözləyən iki oğlana baxa-baxa soruşdu:

- Usta, adam çoxdusa sonra gəlim, yoxsa...

Güzgüdən ona baxan bərbər aman vermədi ki, sözünü tamamlasın, tez dilləndi:

- Yox, yox! Bir nəfər var, bu oğlan Şaiqlə gəlib, dostudu.

Şaiq deyəsən köhnə müştəri idi, çünki dəllək bu cavan oğlanın adını çəkəndə məhrəm-məhrəm gülümsədi.

Eldar oturdu, yenicə adını öyrəndiyi bərbərin işinə diqqətlə tamaşa etməyə başladı.

Usta Süleyman cəld işləyirdi, söhbət edirdi, dinləyirdi, cavab verirdi, amma gözündən bir tük də yayınmırdı.

Dəllək söhbəti qızışdırdı ki, yeni müştəri, Eldar da dinib danışsın. Usta Süleyman üzünü tutdu növbə gözləyən arıq, uzun cavana:

- Bazar günü bir müştəri günorta girdi içəri, salam-kəlamsız dedi ki, məni gərək tez yola salasan, növbədə də xeyli adam. Gördü dinmirəm, əlimdə də işim var, oturdu. Elə təzəcə bunu oturtmuşdum kresloya, çənəsi işə düşdü. Başladı bir əhvalat danışmağa. Sən demə, bu cındır altı aydı ki, evlənibmiş, özünü işə salıb. Subaylıqdan birini saxlayırmış, o da əl çəkməyəndə zibilinin üstü açılır, evə qırğın düşür. Alə, danışır, baxıram buna, yadıma sala bilmirəm ki, hardan tanıyıram oğraşı. Birdən yadıma düşdü, soruşuram, ay qaqaş, sən Şaiqgilin qapı qonşusu Abdullanın qardaşı deyilsən, deyir hə. Əh, ağzım açıldı də, deyirəm, alə, ay cındır, bilmirdin belə p...x qaynadanda bir gün səsi çıxacaq, mənə baxıb gülür. Sonra fikirləşdim ki, söhbəti fırladım, loxdu da, düşüb əlimə, heç olmasa cananın adını öyrənim, çox tərifləyirdi e. Öyrəndim, amma tanıya bilmədim də qancığı, bizim poliklinikada işləyir. Şaiq, desəm bəlkə sən də tanıyarsan. Deyir, bomba şeydi!

Şaiq hırıldadı:

- Ay xətakar, “lox” düşüb də əlinə, eləsini buraxarsan sən?

- Zulya. Tanıyırsan belə adam?

Qəfil sualdan alındı Şaiq, birdən halı dəyişdi, gözləri qıyıldı. Müştərisinə başı qarışan Süleyman tez üzünü çevirdi deyə həmsöhbətinin nə hala düşdüyünü görmədi. Dostu da dilxor oldu, döyükə-döyükə Şaiqə baxıb çaşdı. Bərbərə cavab verməyən Şaiq başını qaldırmadan mızıldandı:

- Siqaret alım, gəlirəm.

Kişi salonundan çıxan kimi dostu da ustaya tərs-tərs baxıb, götürüldü onun arxasınca. Eldar kinayəylə dilləndi:

- Özündən muğayat ol, bəlkə sabaha çıxmadın ha!

- Nə dedin?

Usta Süleyman əlini saxlayıb yeni müştərini çəpəki süzdü. Eldar başını buladı, əlini yellədi, qapıya yönəlib yenə bərbərə xəbərdarlıq etdi:

- Allah bilir ki, danışdığının hansı düz, ya hansı yalandı. Qeybət kişi işi deyil. Özün də kişi salonunda işləyirsən. Adını çəkdiyin qadın Şaiqin deyəsən qohumudu, bəlkə də bacısı, xalası... Mələdəcəklər səni!

- Ağzının danışığını bil! Sən öz dərdini çək! Mənə əl vuran hələ anasından olmayıb!

- Sənə görə kimsə işə düşəcək e, özün cəhənnəm!

Əhvalını da pozmadı bu həyasız adam, içəridən çıxanda isə elə sual verdi ki, Eldarın lap əti ürpəşdi:

- Deyəsən tanıyırsan Zulyanı. Harda yaşayır, bilirsən?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG