Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:10
«Bax, qəbiristanlıq buradır, orada alman əsirləri basdırılıb...»

Sumqayıtın kənarında yerləşən Yeni Kotej qəsəbəsində alman əsirlərinin qəbiristanlığının yerini mənə qəsəbə uşaqları göstərir. Onlar buranı yaxşı tanıyırlar. Çünki bu qəbiristanlıqda dəfn olunmuşların Almaniyadan gələn yaxınları bura baş çəkəndə hamıdan əvvəl ora uşaqlar yığışır. Məktəbli Pərvanə deyir ki, onlar üçün uzaq bir ölkədən gələn adamları görmək maraqlı olur:

«Onlar Almaniyadan gəlirlər. Gəlib burda qəbirlərə gül qoyurlar».

15 yaşlı Zirəddin isə qəbiristanlıq haqqında bunları bilir:

«Bilirəm ki, burda dəfn olunanlar hamısı əsirlər olub. Buranı Zabit baba qoruyur».

BURANI MÜHARİBƏ VETERANI QORUYUR

Zirəddinin Zabit baba dediyi şəxs- bu qəbiristanlığın qarovulçusu Zabit Məcidov 2-ci Dünya müharibəsi iştirakçısıdır. 86 yaşı var. Deyir ki, müharibədən qayıdandan sonra hospitalda işləyirmiş. Hələ onda Sumqayıt şəhər deyilmiş. Təzə-təzə zavodlar tikilirmiş. Zavodların tikintisini həmin vaxt müharibədən əsir gətirilmiş almanlar aparırmış:

«Bura bağ-bostan, əkin yerləri idi. Almanlar burda zavod, evlər tikirdilər. Lenin küçəsindəki körpünün yanındakı evləri də onlar tikib».


- Sizin, burdakı adamların onlara münasibətiniz necə idi? Siz müharibədən təzə gəlmişdiniz...

- Normal idi. Ancaq adamların bəziləri indi də deyir ki, onlar bizim yaxınlarımızı, babamızı, dayımızı öldürüb. Deyirəm, məni də vurub şikəst eləmişdilər. Müharibə idi də. İndi həmin əsirlərin qohumları arada bura gəlirlər. Onlardan biri məndən soruşurdu ki, sizcə kim günahkar idi ki, bu qədər adam öldü? Onda deyirəm ki, günahkar müharibə idi, Hitler, Stalin idi.

ƏSİRLƏRİN QOHUMLARI ZİYARƏTƏ GƏLİR

Bu qəbiristanlıqda 300-dən çox əsirin qəbri var. Vaxtilə müharibədə almanlara qarşı vuruşmuş Zabit kişi 1944-cü ildən gecə-gündüz bu qəbirlərin keşiyini çəkib. İndi səhhətində problemlər olsa da, heç olmasa ayda bir dəfə qəbiristanlığa baş çəkdiyini deyir.

Qəbirlərin ot-alağını təmizləyən fəhlə Sadiq deyir ki, əsirlərin qohumları bura baş çəkəndə buranın səliqə-sahmanına görə onlara «çox sağ ol» deyirlər.

Qəbiristanlığın qonşuluğundakı evlərdən birində yaşayan Səbirə Əliyeva isə bildirir ki, onlar özləri də ara-sıra bura baş çəkirlər:

«Bura Zabit əmi baxır, fəhlələr də gəlib təmizləyir. Şagirdlər gəlib gül qoyurlar. Almanlar gəlir, dəfn olunanların qohumları. Çoxları yaşlı adamlar olur. Qadın, kişi. Bizimlə şəkil də çəkdirmişdilər. Deyirdilər, göndərəcəyik. Onlar öz qəbirlərini tanıyırlar. Əsasən may ayında gəlirlər».

Samirə Quliyeva
«ALMANLAR GƏLƏNDƏ GEDİB ONLARA YAXINDAN BAXIRAM»

Qəbiristanlığın qonşuluğunda yaşayanlarda başqa biri - Samirə Quliyeva danışır ki, onun anasının dayısı, qayınatası müharibə iştirakçıları olub. Ona müharibədən də, onun ağrı-acılarından da, almanlardan da danışıblar:

«Almanları kinolarda görmüşdüm. Bir də qayınatam, dayım danışırdı. Almanlar bura qohumlarının qəbrini ziyarətə gələndə mən də gedirəm. Bizim kimi insanlardır. Özləri də gülərüz adamlardır. Göygöz, sarışın. Onlar mənim üçün maraqlıdırlar. Gələndə gedib yaxından baxıram».

Sumqayıtın kənar qəsəbələrinin birində, qəsəbənin düz ortasında uzaqdan hündür xaç işarəsini görsəniz, təəccüblənməyin. Bu abidə də Yeni Kotej qəsəbəsində dəfn olunmuş 300-dən çox əsirin xatirəsinə ucaldılıb. Buranın qarovulçusu, 86 yaşlı Zabit Məcidov isə deyir ki, «canım sağ olana qədər bu qəbiristanlığın qarovulunu çəkəcəyəm».

Şərhləri göstər

XS
SM
MD
LG