Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:23
«Hər bir şəhər öz tarixi ilə, ənənələri ilə maraqlıdır. İnsanlar 20-30 il əvvəl baş çəkdikləri məkana təzədən dönəndə, xoş duyğular yaşayırlar. Ancaq təəssüf ki, Bakıda belə yerlər qalmayıb».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Oslodan baxanda Bakı necə görünür» sualına cavabında jurnalist Zamin Hacı söylədi. Xatırladaq ki, Norveçin Söz Azadlığı Fondu ilə Almaniyanın Tsayt-Ştiftunq Fondu tərəfindən verilən media mükafatının builki qaliblərindən olan Zamin Hacı mükafatın təqdimat mərasiminə qatılmaq üçün Osloya səfər etmişdi.

HƏR YERİ DAĞIDIBLAR

Zamin Hacının fikrincə, hazırda Bakıda hər şeyi dağıdıblar:

«İnsanlarda nostalji oyadan bir məkan qoymayıblar qalsın. Üstəlik də, Norveç kimi yaşıllıq bir şəhərdə, Oslo kimi sanki meşəlikdə salınmış şəhərdən sonra Bakıya baxmaq adama pis təsir edir. Dar küçəli Osloda ictimai nəqliyyat elə rəvan işləyir ki... Heç kəs siqnal vermir. Nəqliyyatda qayda-qanun var. Heç Yol Polisinə də ehtiyac yoxdur. Gözə də görünmürlər. Vətəndaşlar özləri hər şeyi tənzimləyirlər».

BAŞQA PLANETƏ DÜŞMÜŞDÜM

Zamin Hacı elə bil başqa planetə düşdüyünü etiraf etdi:

«Bu, başqa planet idi—dünyagörüşləri, yaşayışları... Mən iqtisadiyyat üzrə təhsil almışam. Bilirdim ki, Norveç dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Açığı, ən inkişaf etmiş ölkənin nə olduğunu orada gördüm».

AZAD ÖLKƏNİN DOĞURDUĞU TƏƏSSÜRAT

Aparıcının «Sevinc xanım, Siz də özünüzü yadplanetli kimi hiss etdinizmi» sualını səfərdə iştirak
Sevinc Telmanqızı
etmiş jurnalist Sevinc Telmanqızı belə cavabladı:

«Adam orada özünü həqiqətən fərqli bir planetdə hiss edir. Düzdür, Norveç haqqında internet bilgilərim var idi. Amma azad ölkənin doğurduğu təəssüratı heç bir internet səhifəsi verə bilməz. İlk şokum parklardakı yaşıllıq oldu. Ondan sonra yaşadığımız qəsəbənin (Biləcəri) parkına gəldim və həqiqi şoka girdim. Bizdə park deyərkən iki ağacın altında mütləq çayxana, restoran, nərdxana və s. düşünülür. Amma parkın təyinatının nə olduğunu mən Osloda gördüm. Sən demə, park insanların gəzməsi, nəfəs alması, uşaqların oynaması üçün olan məkan imiş!».

-- Qaldıqları 4 gündə Oslo jurnalistlərdə daha hansı təəssüratlar doğurdu?

--Qonaqlarımız Oslo Operasının binasından nələr danışdılar? Operanı tikən fəhlələr işi bitirdikdən sonra hansı operadan ariya oxuyublar?

-- Zamin Hacı Osloda hansı arzusuna çatdı, hansına çata bilmədi?

--Norveç parlamentinin binasının önündəki çəmənlikdə çimərlik paltarında günəşlənən adamları görən Zamin Hacı nə düşündü? Belə yerdə Milli Məclisin binasının önündəki fəvvarəni xatırlamayasan, neyləyəsən?

-- Verilişimizin qonaqları nədən bir daha məlum fikri—«Azad insan xoşbəxt və gözəldir» fikrini dəstəklədilər?

-- Sevinc Telmanqızı Osloda uzun masaların başına toplaşıb əylənən yaşlı qadınları görüb niyə təəccübləndi?

-- Norveçin ən populyar qəzetində keçirilən görüşdən və başqa görüşlərdən yadda nə qaldı? Orada mətbuatı düşündürən baş mövzu nədir? Meyvə-tərəvəz manşetə çıxır-desələr inanarsınızmı?

--Jurnalistlərin Norveç həmkarlarına ünvanladıqları: «Hökumət tərəfindən hansı hallarda sizə təzyiq olunur» sualı niyə təəccüblə qarşılandı?


Ən yaxşısı, verilişi dinləməkdir.
XS
SM
MD
LG