Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:01
Tatarstanda milli qəhrəman sayılan şair Musa Cəlil haqda qalmaqallı pyes populyar “Miras” jurnalının baş redaktoruna baha başa gələ bilər.

İstintaq jurnalın baş redaktoru Minaxmet Saxapovun ruhi cəhətdən sağlam olmaması qənaətinə gəlib.

Cinayət işi iki əvvəl jurnalda Musa Cəlilə həsr edilən pyesin çapından sonra başlanmışdı.

Baş redaktoru nasist düşərgəsində öldürülmüş Musa Cəlilə böhtan atmaqda günahlandırırlar.

2009-cu ildə "Барбаросс" инкыйразы" ("Barbarossa”nın məhvi) adlanan pyesin dərcindən dərhal sonra pyesin müəllifi Saxapovu Tatarstan Yazıçılar İttifaqından qovmuşdular.

(O, pyesi Esfir Yaqudinlə birlikdə yazıb). Yazıçılar İttifaqı bu cəza tədbirini “Əsərdə qəhrəman şair Musa Cəlilə böhtan atılması” ilə izah etmişdi.

Musa Cəlilin qızı Çulpan Cəlilova isə əsərin müəlliflərini məsuliyyətə cəlb etmək üçün o zaman prezident Mintemir Şaymiyevə müraciət etmişdi.
Nəticə pyesin dərci ilə bağlı cinayət işi açılmışdı.

İndi istintaq yekunlaşıb və iş məhkəməyə təqdim edilib.

İstintaq zamanı həkimlər Saxapovun ruhi cəhətdən sağlam olmaması qənaətinə gəldikləri üçün prokurorluq onun məcburi müalicə üçün ruhi xəstəxanaya göndərilməsində israr edir.

Musa Cəlil Tatarstanda 1960-cı illərdən etibarən milli qəhrəman sayılmağa başlayıb.

Onu 1944-cü ildə Berlin həbsxanasında edam ediblər. Bunun alman ordusunda xidmət edən legioner müsəlmanlar arasında gizli fəaliyyət göstərmək, onları almanlara qarşı kökləməklə bağlı olduğu bildirilir.

Tatarstan paytaxtı Kazanın mərkəzində onun dəmir məftilləri qıran abidəsi ucalır. Onu Tatarstanda mərdlik, əyilməzlik və Vətən məhəbbət simvolu sayırlar.

Kazanda Musa Cəlilə abidə

Amma soydaşlarının heç də hamısı Musa Cəlili qəhrəman hesab etmir. “Tatar millətçilərinin nənəsi” adlandırılan və “Mühacirətdəki Tatarstan hökuməti”nin üzvü olan Fauziya Bayramova da bir müddət əvvəl buna oxşar fikirlər söyləmişdi.

Millətçi saytların birində çap etdirdiyi “Gələcəyə hazırlaşmaq lazımdır!” başlıqlı məqaləsində o, “görkəmli soydaşı” Qarif Sultan haqda danışır. Q.Sultanı “Musa Cəlillə birlikdə alman ordusundakı “İdel-Ural” legionunda xidmət edən şəxs” kimi təqdim edir.

F.Bayramova Q.Sultanovu “əfsanəvi şəxsiyyət”, “Azadlıq Radiosunun “tatar-başqırd” redaksiyasını yaradan şəxs”, “Musa Cəlil haqqında əsl həqiqəti söyləyən insan” adlandırır.

O, Sultana istinadla yazdığını söylədiyi məqalədə Musa Cəlili “qorxaq və satqın” kimi təqdim edir, şairin yalnız müharibənin sonunda, özü də Berlinə yaxınlaşan sovet qoşunlarının qorxusundan nasistlərə qarşı mübarizəyə qoşulan bir şəxs olduğunu iddia edir.

İstintaqın ruhi cəhətdən sağlam olmadığını iddia etdiyi pyes müəllifi Saxapov filologiya elmləri doktoru, professordur.

O, Rusiya Humanitar Elmlər Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi, Tatarstan dövlət mükafatı laureatı, Corc Soros adına beynəlxalq mükafatın sahibidir. Bu yaxınlara qədər onun Tatarstan hakimiyyəti ilə yaxşı münasibətləri vardı.
Onun rəhbərlik etdiyi “Miras” jurnalında 2004-cü ildə Tatarstan prezidenti Mintemir Şaymiyev haqda poema dərc edilmişdi. Orada Şaymiyev “titan” və “tatar xalqının böyük oğlu” adlandırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG