Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:29
Eyni taleli insanlardıq Bakıda

Eyni taleli insanlardıq Bakıda
Nə sözümüz söz idi
Nə yaşantımız
Nə də sevgimiz
Bizi sevənlər də vardı
Bizə nifrət edənlər də
Bizsə öz sevgimizdə də yarımçıqdıq
Gücümüz özümüzə çatdı
Gücümüz bir-birimizə
Lənətlədik qırdıq yamanladıq atdıq
Sakit çıxıb gedəmmədik

Zəhərini sevdik həyatın - acısı əzabını
Həyatımız da başdan-başa zəhər acı əzab
Çəkilmədi yolumuzdan ayrılıqlar
Sərhədlər yolumuzdan çəkilmədi adamlarda
Biz nə istədik həyatdan – adicə bir quru sevgi
Sevdiyimizin isti nəfəsini istədik sevdiyimizin
Xəstələndik - adamlar yığışdı gəldi
Ölsək - yenə gələcəklər
Bizsə bir-birimizə gələ bilmədən getdik
Gəlib yenə köhnə yaraları eşdik
Sakit çıxıb gedəmmədik

Ac olduq susuz olduq tək olduq - bilən olmadı
Bizdən böyük fədakarlıq gözlədilər adamlar
Bizdən əxlaqlı olmağı gözlədilər
Bizi görə bilmədilər - xəstələnmədən ölmədən
Adamlar fədakar oldu
Adamlar əxalqlı oldu
Bizsə adam belə ola bilmədik öz sevgimizdə
Adamlar bizi adam yerinə qoymadan getdik
Qayıtdıq döndük gəldik
Ağladıq sevindik güldük
Sakit çıxıb gedə bilmədik

Yetim qoya bilmədik özümüz kimi sevgini
Başından qapazımız da əskik olmadı yetimin
Ürəyimizin qapısında saxladıq gecə-gündüz
İçəri girdiyində zəhər acı əzab yedi
Ürəyimiz doluydu yetim sevginin kiniylə
Sakit çıxıb gedəmmədik..

Eyni taleli insanlardıq Bakıda


Yalnız ONA

(P Azəri üçün)

yalnız ona gəlib çıxaram
yalnız ona
yəni gecə saat ona
o qədər uzun yoldu
doqquz ay - doqquz gündü
doqquz saat..

yalnız ona gəlib çıxaram
yalnız ona
yəni sevdiyim qadına
doqquz dəfə ayrılmışıq
doqquz ayın tamamında
doqquz şeir yazmışam - doqquz həyat..

yalnız Ona gəlib çıxaram
yalnız Ona
yəni Ona - yəni Ona
nə doqquz ay - nə doqquz gün
nə doqquz saat..
nə doqquz dəfə ayrılıq
nə doqquz şeir - nə doqquz saat..
yalnız Ona - yalnız Ona
içim rahat - içim rahat..

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG