Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:10

Azər İsaak "Tanrının böcəyi (IPOD)"


“Tanrı çilli bir böcək yaratdı. Uçanda qanadlarının vıyıltısı eşidilməyən bir böcək. Tanrının əllərindən havalanıb, yaradanın ətrafında rəqs etməyə başladı.

Bərk yoruldu, tanrının çiyinlərinə qonub yuxuya getdi.

Yuxusunda kainatı, dünyanı, insanları gördü. Böcək yuxudan ayılsa hər şey bitəcək. Biz axı onun yuxusuyuq. Axı deyəsən o artıq oyanmaq...”

Zəhlətökən külək qara buludları ördək balaları kimi arxasınca yığıb Bakıya gətirdi. Sabir bağında oturan insanlar qonduğu yerdən dən tapmayan quşlar kimi kütləvi şəkildə dağılışmağa başladılar.

Amil yazmağa başladığı hekayəyə o qədər qapanmışdı ki, damcılar dizinin üstünə qoyduğu dəftər vərəqinin üzərində ləkə salmağa başlayanda anladı ki, göyün böyrəkləri süzməyə başlayıb.

Başladığı hekayəni yarımçıq qoymaq ona oturduğu budağı dibindən mişarlamaq kimi gəlsə də, amma nə etməli... Yağış yağır..

Amil bundan əvvəl Tanrı haqqında bir neçə hekayə yazmışdı. Əgər həyassız külək, xanım damlalar imkan versəydi, Amil Sabir bağında oturub daha bir hekayəyə peyğəmbərlik edəcəkdi.

Amil dəftəri bağlayıb bel çantasına qoydu, qara mürəkkəbli qələmini isə divara palçıq yaxan ustalar kimi qulağının dibinə yerləşdirdi. Gödəkçəsinin cibindən Ipodu çıxardıb mahnıya qulaq asmağa başladı. Stingin “Fields of Gold” adlı nəğməsi qulağından ruhuna daxil olub hisslərini sığallayırdı. Yağış romantikadan aqressiyaya keçib şiddətlənirdi. Amil evə getməyi qərara aldı…

Amil titrəyə-titrəyə dayanacaqda dayanıb doxsan beş nömrəli avtobusu gözləyərkən ayaqlarını özünü soyuqdan qoruma instinkinə sadiq qalıb dizdən açıb yumuldu… ağzından çıxan isti hava axını ilə əllərini isidir və birdən mahnı səsi kəsildi, Ipodda kim isə onunla danışmaq istəyirdi:

– Amil, səni mən yaratmamışam. Sənə həyatı mən verməmişəm. Mən Tanrıyam. Qulaqcıqları çıxardıb, heç nə başa düşməyərək bir dəqiqə onlara baxacaqsan. Sonra yenidən qulağına taxacaqsan.

Amil Ipodda deyilən sözlərin hamısını eşitmədi çünki Ipoddan zəhmli səs gəlməyə başlayanda Amil artıq qeyri ixtayari Ipodu qulağından çıxartmışdı. Amil bir neçə dəqiqə heç nə başa düşməyərək Ipodun qulaqcıqlarına baxdı. Sonra yenə qulaqcığı qulağına tıxac kimi bərk-bərk yerləşdirdi.

Tərsə düşmüş uşaq kimi Ipod eyni sözləri kəkələyirdi:

– Amil, səni mən yaratmamışam. Sənə həyatı mən verməmişəm. Mən Tanrıyam. İndi qulaqcıqları çıxardıb, heç nə başa düşməyərək bir dəqiqə onlara baxacaqsan. Sonra yenidən qulağına taxacaqsan.

Amilin tükləri yazda göyərən yonca kimi biz-biz durdu. Bu dəfə deyilən cümlələri tam eşitdi. Amma yenə də qeyri-ixtayari qulaqcıqları çıxardıb onlara baxmağa başladı. Çaşıb qalmışdı, bu zəlzələ vaxtı divanda oturub yellənən çılçırağa baxmaq çaşqınlığı idi.. (Həyətə çıxmaq lazımdır axı!)

Ipodda deyilən sözləri qulaqları eşitsə də beyni həzm edə bilmədi. Qulaqcıqları yenidən qulağına taxmağa tələbkar müəllimədən çəkinib lövhədən imtina edən uşaq kimi qorxurdu. Ipodu bir-iki dəfə söndürüb yandırdı.

Yenidən eyni oyuncağı tələb edən uşaq olmuş Ipod:

– İndi məni eşitməyə hazırsan. Mənə aid iki hekayə yazmısan. Amma onların heç birində mən yoxam. 28 may küçəsi . Yer altı keçid bir. Qriqori Yefimoviç Rasputin. Alov..

Ipod öz-özünə söndü. Amil fərəqət əmri almış əsgər kimi yerində donub qalmışdı. Qorxu və təəccüb hissinin sanki iri əlləri var idi və həmin böyük iyrənc əllər indi Amilin boynuna sarılıb onu boğurdu. Amil dəli olduğunu fikirləşdi, eyni zamanda fikirləşirdi ki, qulaqcıqdan gələn səslər onun öz fikirləridi. Dumanlı yuxu kimi.

Biz bir şey haqqında çox fikirləşəndə, o yuxumuza girir və Amil Tanrı haqqında o qədər fikirləşib ki, Tanrı artıq onun yuxusuna yox, qulağına çağırılmamış qonaq kimi gəlib. Bu hadisə Amilə ilk anlarda gündəliyini valideyninə uzadanda ikili vərəqləri cırmaq yadından çıxan uşaq kimi vahiməli gəlsə də, bir neçə dəqiqə sonra o heç bir şey haqqında fikirləşmədi.

Doxsan beş nömrəli marşurut artıq dayanacaqda dayanıb sərnişinlərin minməyini gözləyirdi. Amil nümunəvi sərnişin kimi sakit şəkildə avtobusa qalxdı. Bu sakitlik, qəribə hadisənin şahidi olan insanın sakitliyi idi. Bu sakitlik, dırnağın ətdən ayrılması kimi ət ürpədici idi.

Avtobus yerindən yenicə tərpənmişdi ki, maşınlar asfalt yolun boğazında ilişib qaldı. Öhöö Öhööö. Tıxac yarandı..

Avtomobillərdən gələn siqnal səsləri baş vermiş hadisədən kimliyini unutmuş Amili dürtmələdi. Amil əsəbdən kəlbətinləşmiş əlləri ilə başını iki tərəfdən sıxıb sinir məngənəsinə salaraq: “Bəs deyilən ünvan… Bəs Qriqori Rasputin kimdir?”
Amilin belindən bədəninə metro kimi bir üşütmə daxil olub köynəyinin boyunluğundan keçib boşluq deposuna daxil oldu. Bu üşütmə həmin sakitlikdən daha çox şey vəd edirdi. Heç nəyin özü haqqında fikirləşmək, heç nə haqqında fikirləşməməkdən daha yaxşdır. Və yenidən, üşütmə.. və yenidən bədən tükləri sünbül tarlası kimi dalğalanır...

Amil evə gəlib əl üzünü pafosla yuyub çoxbilmiş dostu olan Saşaya zəng vurdu:

- Alo.
- Salam Saşa. Vaxtım azdır. Qriqori Rasputin! Bu ad sənə nəsə deyir?
- İş orasındadır ki, bu ad mənə heç nə demir.
- Yəni?

- Yəni ki, o adi Sibir kəndlisi olub. Deyilənə görə uzaqgörən olub. Həm də, xəstələrə şəfa verməyi bacarıbmış. Bəzi insanlar onu Tanrının adamı adlandırırdı. Bəziləri isə deyirdi ki, o, fırıldaqçı və pozğundan başqa bir şey deyil. Çarın ailəsinə kömək edib. Sonra Rasputinə qarşı suiqəsd hazırlanıb, zirzəmidə öldürüblər. Amil, əgər onun haqqında məlumat toplamaq istəsən inan ki, alınmayacaq. Çünki hər yerdə bir şey yazırlar. Ona görə o ad mənə heç nə demir.

- Aydındır.
- Amil, nə olub ki?
- Heç nə elə-belə soruşdum. Sonra danışarıq. Sağol.

Amil google-da Qriqori Rasputin adını yazıb axtarışa verdi: çoxlu fotoları və haqqında bir kitablıq məlumatlar çıxdı. Onun, haqqında olan fikirlər balıq bürcünün simvolundakı kilkələr kimi ayrı-ayrı səmtlərə istiqamətlənmişdi... Amil Saşanın dedikləri ilə tərəddüdsüz razılaşdı. Haqqında kifayət qədər informasiya olsa da, yazılmış olan heç bir bioqrafiya Qriqori Rasputin şəxsiyyətinin dəqiq portretini çəkə bilmədi. Amil deyilən ünvana getməyi qərarlaşdırdı. 28 may küçəsi yeraltı keçid bir. Amil qorxurdu və deyilən ünvana aparan yolda vaxt tez keçirdi. Vaxtın tez keçməsi Amili qorxudurdu. Axı, biz nədənsə qorxanda vaxt tez keçir. Ya da heç keçmir.. (Səndə necədir? Axı fikir verməmisən.. sən o anlarda qorxurdun..)

Amili şüşə qırıntıları səpilmiş yeraltı keçidə gedən yoldan iyirmi pilləkən ayırırdı. Amil pişik ehtiyatı ilə yavaş-yavaş pilləkənləri düşməyə başladı. Sidik iyi verən yeraltı keçiddə üzü saqqallı bir kişi zir-zibildən qaladığı alovda vərəqləri yandırırdı. Amilin beyni şəkildəki məşhuru həyatda görərkən yavaş səslə ona pıçıldamağa başladı: “görəsən, bu, Qriqori Yefimoviç Rasputindi?”. Amil beyninin ona şübhə qırıntıları ilə qusduğu səsi özünə əminlik qayçısıyla kəsib kişiyə yaxınlaşdı:

– Salam.

Üzü saqqallı kişi Amilə fikir vermədən pişik balası kimi yanına yığdığı vərəqləri yandırırdı. Amil çəkinə-çəkinə vərəqlərdən birini götürdü. Vərəqlərdə mistik çəpinə xətlə iri hərflərlə yazılmışdı “Amil, yadına düşmədik?”. Əyilib digərini də götürdü, dejavu davam edirdi... orada da yazılmışdı: “Amil, yadında düşmədik?”

Amilin beyni bulanmış su kimi dibini görməyə çalışaraq: “Görəsən, axı mənim yadıma nə düşməli idi? Kim düşməli idi? ” Zirzəmiyə oxşayan yeraltı keçidin hər iki tərəfindən Amilə tərəf yeddi-səkkiz adam kiçik qorxulu ağır addımlarla yürüməyə başladı. Amil yerində donub qalmışdı. Onlar xor dənəyi kimi bir ağızdan bağırırdı “Amil, yadına düşmədik!” Amilin nitqi səhra çayı kimi qurumuşdu. Adamlardan biri cibindən balaca armatur qırığını çıxardıb üzü saqqallı kişinin başına üç-dörd zərbə endirdi. Qan kəllə sümüyünü deşib fantan vurmağa başladı! fışşş.... (Ahh, gör qan necə fantan vurur!.. Bu lirik iyrənclik! Bu qoxusunu sevdiyim bihuşedici nəm qan iyi... Bu, tanış qoxu... İcazə verin bir az da iyləyim bu qırmızı iyi... Bir az da... Əl çəkin.. Cəhənnəmə bu hekayə... Yox, ayrılmaq lazım bu iy məni dəli etməmiş.. Hə, davam hekayəyə... Amma olmur.. Bu iy məni buksir kimi çəkir özünə... çəkiiiir özünə.. Yox, qayıt arxasını yaz hekayənin.. Hə, davam... Amma o, iy... ahh..)
Üzü saqqallı kişi yerindəcə keçindi. Sonra birdən gözlərini açıb qana bulaşmış saqqalını Amilin üzünə sürtə-sürtə iri əlləri ilə yazığın yaxasından sallaşıb dedi:
“Amil, yenə yadına düşmədik!”

Ipod sayıqlamamışdan on dörd il əvvəl. (Amil üçüncü sinifdə oxuyur.)

Məsum may günlərindən biri idi. Buludların sevinc göz yaşı rəqs edə-edə yerə enir.. bir tərəfdə gün gülür.. bir tərəfdə yenə göyərmiş dəniz rəngli buludlardan narın damlalar... göy qurşağı yeddi rəngi ilə qonaq gəlib. Sərin meh çiçəklərdən gələn ətirə qarışıb uşaqların saçlarına toxunub qaçırdı. Bu surreal gizlənpaç oyunu...

Dondurma.. salafanlarda alça... Bu yaz havası! Yeni fit çalmağı öyrənən uşaqlar bir ayaqlarını büküb digər ayaqları ilə tullana-tullana valideynlərinin qucağına qaçırdılar. Amil nə qədər boylansa da övladlarını gözləyən valideynlərin arasında anasını görmədi. Məktəb həyətində sallana-sallana bikef gəzişməyə başladı. Tərbiyəçilərdən birinin gözündən bu uşaqlıq tənhalığı qaçmadı:

- Anan gəlməyib dalınca?
Amil gözlərini qaçırdaraq yalana başladı:
- Yox, gələcək!
Tərbiyəçi qayğıkeşliklə:
- Yaxşı, onda gəl mənim otağımda otur anan gələnə kimi.
- Yox, anam məni dayanacaqda gözləyir. Deyib ki, ora gəl səni oradan götürəcəyəm.
- Yolu tanıyırsan?
- Bəli.

Amil dayancağa yollandı.. Çantasındakı uşaq ədəbiyyatı, dəftərlər, su qabı ona ağırlıq etdiyindən o, bel çantasını əlinə alıb, bir qolu burula-burula dayanacağa gəlib çatdı. Oturacaqda oturub dincini alanda, bir nazlı böcək gəlib Amilin çiyninə qondu. Amil bel çantasını açıb ordan bir vərəq, bir də qələm götürdü. Böcək hələ də Amilin çiynində yerini rahatlayıb hökmranə əyləşmişdi.. O, uşaq təxəyyülü ilə bir nağıl yazmağa başladı:

“Tanrı çilli bir böcək yaratdı. Uçanda qanadlarının vıyıltısı eşidilməyən bir böcək. Tanrının əllərindən havalanıb, yaradanın ətrafında rəqs etməyə başladı. Bərk yoruldu. Tanrının çiyinlərinə qonub yuxuya getdi. Yuxusunda kainatı, dünyanı, insanları gördü. Böcək yuxudan ayılsa hər şey bitəcək. Biz axı onun yuxusuyuq. Bəs mənim atam onun yuxusunda görəsən hardadı. Görəsən o...’’

Amil nağılın son nöqtəsini qoya bilmədi, bir nəfər ona yaxınlaşıb dostcasına dedi:
- Amil, niyə tək oturmusan burda. Gəl gedək evə.
Yolda onlara altı-yeddi adam qoşuldu. Amil həmişəki sualı verdi:

- Bəs onlar kimlərdi?
- Onlar bizim dostlardı.
Amil evə çatdı. Kiçik barmaqları ilə qapını döydü. Qapını anası açanda eyni vaxtda bir kişi Amilə fikir vermədən evdən tələsik çıxdı.
- Ana, bəs bu kimdir?
- Əmidir. Bizi yoluxmağa gəlmişdi.

Anası bir anlıq susdu. Gözləri nəmlənsə də, göz yaşlarını elə ürəyindəcə boğdu.. Bu çox acılı olur..
- Ana, mənim neçə əmim var? Ona görə məni məktəbdən gətirmək yadından çıxmışdı... Axı, mənə söz vermişdin bu gün məktəbdən sən məni götürüb evə gələcəksən...
Amil anasına hər gün verdiyi sualı verməyə başladı:

- Ana, bəs ata nə vaxt gələcək?
- Bir gün gələcək, oğlum.
- Yox, Ana, ata çoxdan ölüb. O, heç vaxt qayıtmayacaq!

Ipod sayıqlamamışdan yeddi il əvvəl.

Rütubətli otaqda saralıb qarın vermiş divar kağızı təssüratı bağışlayan payız günlərindən biri idi. Bu, o gün idi ki, yarpaqlar büzüşmüşdü, amma hələ tökülməmişdi. Közərən işıq rəngli yarpaqlar budaqlar üzərində çox qalmayacaqdı, buna görə təbiətdən, taledən, küskün idilər. Buna görə büzüşmüşdülər. Amma hələ ki külək əsəndə tərpəşən kölə gözəlçə yarpaqlar budaqlar üzərində idilər və bu xəstə şüurumu ərəb qızının göbəkatdı rəqsi kimi əyləndirirdi... Bu, ruhiçən oktyabr ayı! Bu qızdırmalı fikirlər..

Amil trolleybus xətləri sökülmüş, romantikasını itirmiş Basin yolunun pəncələri milçək nəcisləri ilə örtülmüş kafelərinin birində kabinetdə tək oturub, elə yol qırağına düzülmüş sanki təbiətlə qumar oynayan və uduzub yavaş-yavaş lütləşən ağaclara baxırdı... Kafeyə yeddi-səkkiz adam cənfəşanlıqda girdi. Onlardan biri Amilin kabinetinə keçdi. Ayağını ayağının üstünə aşırıb stolda oturub Amildən soruşdu:

- Nə fikirləşirsən?

- Fikirləşirəm ki, umumiyyətlə insanların fikir söyləməsi səhvdir. Umumiyyətlə, bizim söz deməyə ixtiyarımız yoxdur.

- Niyə?

- Biz axı nə deyə bilərik. Mənim indi on yeddi yaşım var. Dünyanın isə, beş milyard. Biz axı, nə bilirik.

- Amil, inan bəzən əsas o deyil, biz nə bilirik, bəzən əsas odur ki, biz nə fikirləşirik. Amil bəlkə vaxtdır. Bəlkə, Qriqori Yefimoviç Rasputinlə bugün gedib görüşəsən. Suallarıncavabını ondan ala biləsən. Dünya necə yaranıb? Biz niyə doğulmuşuq, bizi kim yaradıb, axırı nə olacaq. Mən inanıram, o atanı yenidən bu dünyaya qaytara biləcək. Axı, bir vaxt, düz dördüncü sinifdə sən də buna inanırdın. Sən, səkkizinci sinifə kimi buna inanmısan, sən səkkizinci sinifə kimi inanmısan ki Rasputin tanrıdır.

- Mən artıq bir şeyi başa düşmüşəm…

- Nəyi ?
- İstəmirəm, deyib xətrinizə dəyim. Siz axı mənim ən tək qaldığım vaxtlarda mənlə olmusuz, necə axı sizin xətrinizə deyə bilərəm...Yaxşı, razıyam aparın məni Rasputinin yanına.

Onlar 28 may küçəsi, yeraltı keçid bir ünvanına gəldilər. Amil tam sakit idi, heç bir həyacan keçirmirdi. Sanki, gözləri və dili nəyisə bilirdi, amma, nə gözləri, nə də dili bunu demək istəmirdi. Onlar pilləkənlərı düşdülər. Yeraltı keçiddə bir kişi oturmuşdu, gözləri yol çəkirdi... Sevinclə onlara baxıb dedi:

- Gəldiniz
Amilin sifətində yazıçının təssəvvür edə bilməyicəyi qədər qeyri-adi təbəssüm var idi. Amil həvəssiz soruşdu:
- Siz, Tanrısız?
- Hə, Tanrıyam.
Amil ürəkdən güldü.

- Onda mənim atamı qaytarın bu dünyaya. Mən onu görmək istəyirəm.
- Qaytaracağam, amma indi yox. Sən hələ ona hazır deyilsən.
- Yaxşı onda, Bu dünya necə yaranıb? Necə yaratmısınız bu dünyanı?
Üzü saqqallı kişi qoyun kimi Amilin üzünə baxırdı. Amil bərk əsəbləşdi. Yerdə bir armatur qırığı gördü. Əyilib dəmir parçasını götürüb kişinin başına çaxdı. Qan fəvvarə vurdu! `afdakı insanlar yoxa çıxdı.

Ipod sayıqlamamışdan on üç il əvvəl (Amil dördüncü sinifdə)

Dərs vaxtı bitmişdi. Amil riyaziyyat dərnəyinə qalıb məsələləri həll edirdi. Riyaziyyat müəllimi boş oturmamaq üçün öz rəfiqəsini çağırıb, sinifdə sakit səslə söhbət edirdi. Amil ən qabaq partada oturub müəllimlərin söhbətini eşidirdi. Onlar Qriqori Yefimoviç Rasputin haqqında danışırdılar. Riyaziyyat müəlliminin rəfiqəsi deyirdi: “Rasputin tanrının edə biləcəyi işləri bacarıbmış.” Riyaziyyat müəlliməsi də rəfiqəsinin dediyini təsdiqləyirdi.“Hə, düz deyirsən, yoxsa çar ailəsinə kimi yüksələ bilməzdi ki, gələcəyi bilibmiş, çox qeyri-adi insan olub”. Onların söhbətini eşidən Amil tez ayağa qalxıb, sinifdən çıxdı. Həmişəki kimi dayanacağa gedib beş-altı dəqiqə orada gözlədi. Həmişəki kimi bir adam arxasınca altı-yeddi insan həmin nöqtəyə gəldi. Amil uşaqcasına onlara baxıb, sevincək dedi:

- Tapdım. Rasputin. O, mənim atamı qaytara bilər. Mən böyüyəndə onu tapacağam..
Adamlardan biri Amilə baxıb dedi:
- Həmin adam indiyə kimi yaşayır. O, ölməyib, istəyirsən səni həmin adamın yanına aparaq.
- Yox, mən hələ qorxuram.

Hekayənin sonu…

Sidik iyi verən yeraltı keçiddə üzü saqqallı bir kişi zir-zibildən qaladığı alovda vərəqləri yandırırdı. Amilin beyni şəkildəki məşhuru həyatda görərkən yavaş səslə ona pıçıldamağa başladı “görəsən, bu, Qriqori Yefimovç Rasputindi?” Amil beyninin ona şübhə çürüntüləri ilə qusduğu səsi özünə əminlik qayçısıyla kəsib kişiyə yaxınlaşdı:

– Salam.

Üzü saqqallı kişi Amilə fikir vermədən pişik balası kimi yanına yığdığı vərəqləri yandırırdı. Amil çəkinə-çəkinə vərəqlərdən birini götürdü. Vərəqlərdə mistik çəpinə xətlə iri hərflərlə yazılmışdı : “Amil, yadına düşmədik?”. Əyilib digərini də götürdü, dejavu davam edirdi... orada da yazılmışdı: “Amil, yadında düşmədik?”

Amilin beyni bulanmış su kimi dibini görməyə çalışaraq “Görəsən, axı mənim yadıma nə düşməli idi?” Zirzəmiyə oxşayan yeraltı keçidin hər iki tərəfindən Amilə tərəf yeddi-səkkiz adam kiçik qorxulu ağır addımlarla yürüməyə başladı. Amil yerində donub qalmışdı. Onlar xor dənəyi kimi bir ağızdan bağırırdı: “Amil, yadına düşmədik!” Amilin nitqi səhra çayı kimi qurumuşdu. Adamlardan biri cibindən balaca armatur qırığını çıxardıb üzü saqqallı kişinin başına üç-dörd zərbə endirdi. Qan kəllə sümüyünü deşib fantan vurmağa başladı! fışşş.... Üzü saqqallı kişi yerindəcə keçindi. Sonra birdən gözlərini açıb qana bulaşmış saqqalını Amilin üzünə sürtə-sürtə iri əlləri ilə yazığın yaxasından sallaşıb dedi:

“Amil, yenə yadına düşmədik!”

Amilin qaranlıq keçmişi yadına düşdü. O keçmiş ki, dərmanları ona unutdurmuşdu. Amil nə baş verdiyini başa düşüb dilləndi:

- Bilirsiniz, siz mövcud deyilsiniz əslində. Sizi uşaq vaxtından mən uydurmuşam. Bax, bu səkkiz nəfəri də mən uydurmuşam. Gəlin əvvəldən başlayaq – Amil sözünə aram verib burnunu çəkə-çəkə sulanmış gözlərini sildi: - “Atam ölmüşdü.... Hə, anam isə tez-tez məni məktəbdən gətirməyi yadından çıxarırdı. Söz verirdi, amma gəlmirdi. Həmişə də, məktəbin qarşısında yeddi-səkkiz valideyn olurdu, onlar öz uşaqlarını gözləyirdi. Mən də, istəyirdim elə olsun, sizi uydurdum... Mən də uşaqlıq paxıllığımla istəyirdim ki məni də həmişə yeddi-səkkiz nəfər gözləyən olsun, hamıdan çox olsun məni gözləyən... və mən dərsdən çıxanda onlar arxamca gəlsinlər... Siz həmişə mən tək qalanda yanıma gəlirdiniz. İlk dəfə sizinlə üçüncü sinifdə tanış oldum dayanacaqda... Özü də yeddi-səkkiz nəfər... –Amil bir nəçə dəfə köksünü ötürəndən sonra davam etdi: “Hamının atası var idi, mənim isə yox. Mən, həmişə onu qaytarmaq istəyirdim. İstəyirdim, mənim də başqaları kimi atam olsun... Dördüncü sinifdə eşidəndə Rasputin kimi insan olub, tanrının görə biləcəyi işləri bacarıb, mən uşaq ağlı ilə inandım ki o, tanrıdır və o mənim atamı dirildə biləcək... Yadınıza gəlir, mən guya Rasputinə sual verdim dünya necə yaranıb. O, isə cavabsız üzümə baxdı. Çünki, onu da mən özüm uydurmuşdum. Əgər, mən o sualın cavabını bilsəydim, o, mənə cavab verəcəkdi. Amma bir şey var idi. Siz mənim ümidlərim idiniz! Mən guya Rasputinə sual verəndə, atamı qaytaracaqsanmı? O, dedi qaytaracağam, amma indi yox. Çünki o ümid idi... Ümid həmişə gələcəkdən xoş xəbər gətirər... Siz məni təklikdən qoruyan ümidlərim idiniz... Hər biriniz! Hər biriniz... Dörd il qabaq çox həvəssiz gəldim görüşə, çünki başa düşmüşdüm ki, şizofrenikəm. Başa düşmüşdüm ki, siz yalansınız. Sizi uşaqlıqdan indiyə kimi mən uydurmuşam. Dərmanlardan sonra siz itdiniz, indi bir aydı atmıram, yenidən qayıtdınız. Artıq yorulmuşam... Bezmişəm artıq bu qarabaslardan! Mən axı indi kimlə danışıram? Mən axı indi yeraltı keçiddə təkəm! Heç kim yoxdur mənim ətrafımda... Heç kim! Mən burda təkəm... Zibilə qalsın bu həyat...

Amil evə gəlib həyatını dörd gedişlə uşaq matına yolladı: Məktub yazdı. Boynuna kəndiri üsulluca keçirdi. Stulu ayağının altından itələdi.. və səs telləri son həyat musiqisinin ifasına başladı! Xırıltı! xıııırıltı... xıırıtltı... xırıltı... xııırr... eşidirsən? O ölür! Ooo ölüürrr... Lənət şeytana icazə verməyin! Xahiş eləyirəm dəstəyi yerə qoy, qonşu otaqda oğlun özünü asır! Qoy, o zəhirmara qalmış telefonu yerə! Nə olar.... Yalvarıram kömək elə, ana... Qoyma böcək yuxudan ayılsın!.. Cəhənnəmə qoyma telefonu yerinə! Qoy mən gəbərim!.. Bağışla, ata, mən səni tapmadan ölürəm.... Bağışla.. Yox, o tappıltı eşitdi... dəstəyi asdı... Amma Şah Mat!
Məktubda yazılmışdı:

“Tanrı çilli bir böcək yaratdı. Uçanda qanadlarının vıyıltısı eşidilməyən bir böcək. Tanrının əllərindən havalanıb, yaradanın ətrafında rəqs etməyə başladı. Bərk yoruldu. Tanrının çiyinlərinə qonub yuxuya getdi. Yuxusunda kainatı, dünyanı, insanları gördü. Böcək yuxudan ayılsa hər şey bitəcək. Biz axı onun yuxusuyuq. Böcək yuxudan ayıldı.”

Texniki Redaktə: Ağarza F.Məlikov, Cəmil R. Rza
Korrəktə: Elnarə Bayramova
Rəsmin müəllifi: Təkin Əfəndiyev

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG