Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:07

Bakıda tualet axtaranlar


Bakıda ictimai tualet
Bakıda ictimai tualet
«BAYAQDAN TUALET AXTARA-AXTARA GƏLİRİK»

Günün günorta çağı Bakıda ayaqyolu axtaran qızlar - Nailə ilə Sevinc şəhərin mərkəzindəki Nizami küçəsindən tualet sorağı ilə Bakı Bulvarına gəlmişdilər. Çünki Bakıdakı ictimai tualetlər əsasən bulvar ərazisindədir. Nailə ilə Sevincin gəldiyi küçədə isə düz bir il əvvələ qədər tualet var idi.

TUALET HARA YOXA ÇIXIB?

Fəvvarələr bağında kişi və qadın tualetlərinin olması Bakı sakinlərinin yadındadır. Qiyməti də 20 qəpik idi. Bir il əvvəl Fəvvarələr bağı təmir edildi və ... həmin tualet də yoxa çıxdı. İndi o tualetin yerində fəvvarələrin nasosxanası yerləşir.

Ərazidə təmizlik işləri ilə məşğul olan qadınlardan biri deyir ki, gündə neçə adam ondan tualetin yerini haqqında soruşur:

«İndi adamlar məndən soruşur, deyirəm, bağlayıblar. Böyük-kiçik, kişi-qadın, çox adam soruşur, deyirəm yoxdur. Deyirlər «bəs, siz neyləyirsiz?», deyirəm ki, «biz də sizin kimi».

AYAQYOLUNA TAKSİ İLƏ

Fəvvarələr bağında tualet axtaranlardan biri də Kamil Vəliyev idi:

«Bakıda tualet də problemdir. Çünki əvvəl burda var idi, indi o da yoxa çıxıb. Bulvarda var, ancaq eşitmişəm ki, 40 qəpikdir. Maya dəyəri yəqin 2-3 qəpik olar. Üstəlik şəhərin bu başından o başına getməlisən, özü də ehtiyacın ola-ola. Gərək taksi tutub gedəsən».

Təqaüdçü Sahibə Məmmədova da tualetin ləğv olunmasını başa düşmədiyini bildirir:

«İndi burda tualet yoxdur. Hərə ora-bura gedir. Ancaq olmalıdır. Gərək neçə kilometr uzağa gedəsən ki, nə var, nə var, ayaqyoluna gedirəm».

BİR TUALETİN SORAĞINDA

Fəvvalər bağında tualetin niyə ləğv olunmasını öyrənmək üçün Bakı şəhər icra hakimiyyətinə zəng etdik. Dedilər ki, təsərrüfat şöbəsi ilə əlaqə saxlamalıyıq. Təsərrüfat şöbəsindən isə dedilər ki, ərazi hansı rayonda yerləşirsə, həmin rayon icra hakimiyyəti ilə əlaqə saxlamaq lazımdır.

Fəvvarələr bağı Səbail rayonunun ərazisində olduğundan həmin rayonun icra hakimiyyəti ilə əlaqə saxladıq. Burdan bizə ictimai-siyasi təşkilatlarla iş şöbəsi ilə danışmağı məsləhət gördülər. Həmin şöbədən isə heç kim telefon götürmədi. Təsərrüfat şöbəsində də cavab verən tapılmadı. Ərazi idarəetmə orqanları ilə iş şöbəsindən isə dedilər ki, Fəvvarələr bağı burda yerləşsə də, bu Səbail rayon icra hakimiyyətinə aid olan məsələ deyil.

Fəvvarələr bağında Bakı Abadlıq Xidməti əməkdaşları gülləri sulayır, təmizlik işlərinə baxır. Həmin xidmətlə əlaqə saxladıq. Xidmətin meneceri Elşən Lahıcov adlı şəxs dedi ki, tualetin hansı səbəblərdən yoxa çıxması haqqında məlumatı yoxdur.

İctimai tualet
HAMI BULVARA

Əslində şəhərə ona görə çıxmışdıq ki, gələn mayda keçiriləcək «Eurovision» müsabiqəsinə görə Bakıya gələcək 60 min turistin təbii ehtiyacını ödəməyə kifayət qədər tualetin olub- olmamasını öyrənək. Ancaq təkcə Fəvvarələr bağındakı tualetin bağlanmasını bizə izah edəcək rəsmi tapılmadı.

Nizami küçəsində tualet axtaran Sevinclə Nailə isə onu Bakı Bulvarında tapmaqlarına çox sevinirdilər:

«Birinci dəfədir bura gəlirik. Rahatlandıq. Çox yaxşıdır. İy-zad gəlmir, təmizdir».

Bulvardakı tualetlərin qiyməti 30 qəpikdir, qəbz də ödəyirlər. Fevrala qədər qiymət 20 qəpik olub. Sonra qiyməti 10 qəpik qaldırıblar.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, qiymət artımına bir neçə ay qabaq suyun bahalaşması səbəb olub:

«Orada da ən çox xərc suya gedir. Girən-çıxan əlini yuyur və digər məqsədlər üçün sudan istifadə edir. Ona görə zaman özü məcbur elədi ki, 10 qəpik bahalaşsın. Əvvəl 20 qəpik idi, indi 30 qəpikdir. Başqa yerlərdə ondan da baha tualetlər var».

Dənizkənarı parkda 5 yerdə ictimai tualet var. Nazim Məcidovun bildirdiyinə görə, bulvarın ərazisi genişləndikcə, ictimai tualetlərin sayı da artırıla bilər.

Murad Köhnəqala
NİYƏ O TUALETDƏN BİZDƏ YOXDUR?

Yazar Murad Köhnəqala bir neçə dəfə Bakıda tualet problemi mövzusuna müraciət edib. Deyir ona görə ki, doğrudan da yazılmalı mövzudur. Yazar gileylənir ki, şəhərdə fəvvarələr quraşdırırlar, köhnə parklara əl gəzdirirlər, ancaq tualet tikmək yaddan çıxır:

«Şəhərin lazımlı yerlərində tualet yoxdur. Tualetə getmək istəyən adam bilmir hara gedə. Çox vaxt elə olub ki, məcbur olub kafelərə gedib xahiş etmişəm. Kafelərdə də hamısında tualet olmur. Kafedə də gərək ya tanışın olsun, ya da elə-belə buraxmırlar. Deyirlər mütləq burda yeyib içməlisən ki, sonra tualetimizə gedəsən. Mən tualet haqqında bir neçə dəfə yazmışam. Çünki Moskvadakı, Daşkənddəki tualetləri görmüşəm. Moskvanın aeroport tualetində paltar ütüləməyə, ayaqqabı təmizləməyə, tikiş tikməyə belə yer var. Bizdə isə tualetin özünü axtarırsan».
XS
SM
MD
LG