Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:58

Nuranə Nur. Heç ağlıma gəlməzdin


Heç ağlıma gəlməzdin

Heç ağlıma gəlməzdin
Indi ağlıma gələn hər şey sənsən.
Bilmirəm neçə ürəkdən keçib,
Unutduğum yolla dönmüşəm yanına.


Oyandım

Neçə illərdi yatırdım,
Saatım sənə qurulmuşdu,
oyandım...
və bu sabah gözlərin doğdu ömrümə
Günəş əvəzi.


Biz sevə bilmədik

Dünənki sabahı da yaşadım
elə dünən kimi.
Hər günümün əlindən aldığım dəqiqələrdəsən.
Qaşı çatılmış xəyallarım
çəkdi yenə rəsmini baxışlarıma.
Bir təbəssüm sevindim.
Biz sevə bilmədik,
baxışlarımız kimi.


Qısqanmadığım tələbə qızlar

Gülüşünə nə oldu?
Məndən oğurlayan kimi,
Harda itirdin?
Nəyə satdın?
O qiymət qoya bilmədiyim təbəssümünü.
Bulud-bulud keçdi üzündən
Duman baxışların.
Düşdü gözlərindən
Günəş bildiyim ulduzlar.
Tutdu demək,
hələ bosalmamış yerimi
səni heç qısqanmadığım tələbə qızlar.


Çərpələng

Gözlərim hələ də,
uşaqkən uçurtduğum çərpələngi axtarır göylərdə.
Bəlkə də hardasa,
hansısa buludun üstündə yaşayır hələ də...
Bəlkə, bulud da o vaxtdan ağlamır onun xətrinə.
Günlərdən bu gün deyildi onda,
tumurcuq hisslərim hələ açılmamışdı.
Bilmirdim,
hər mələyin qorumağa bəndəsi olduğunu.
Əllərimi də uçurmuşdum göylərə,
körpə əllərimi...
O gündən hər üfüqə dalanda
əllərim əl yelləyir mənə.
Siz heç,
birini vuraraq ona vuruldunuzmu?
Yoxsa siz də mənim kimi...
Ehh...
Vurmaq üçün mənə əllərim gərək olmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG