Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:38

Gözdən əlil "mitinq məhbusu" 7 il azadlıqdan məhrumetmə təhlükəsi ilə üzləşib


Müxalifətin 17 aprel aksiyası, həbs edilən fəallardan biri, 17 aprel 2011
Müxalifətin 17 aprel aksiyası, həbs edilən fəallardan biri, 17 aprel 2011

“Zəng elədilər ki, uşağı yatdığı yerdə polisə gətiriblər. Deyiblər ki, səninlə elə-belə söhbət edəcəyik. Aprelin 27-də də mənə polisdən zəng etdilər ki, sizin uşağı gətirmişik, mitinqdə iştirak edib. Mən də dedim ki, mitinqdə iştirak qəbahətdir? Bəs, demirsiz demokratiyadır, söz azadlığıdır?”

Danışan Maral İsrəfilovadır. İctimai Palatanın aprel aksiyasından sonra iki aydır həbsdə olan, bitərəf, 28 yaşlı Elnur İsrəfilovun anası. Gözdən əlil olan Elnur İsrəfilov evlidir. İki övlad atasıdır. Qızının 8, oğlunun 7 yaşı var.

İctimai Palatanın 17 aprel aksiyasından sonra – aprelin 25-də həbs olunub. Haqqındakı 2 aylıq həbs qətimkan tədbiri başa çatmamış bu müddət daha 2 ay artırılıb. Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur. Haqqında 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

35 MANATIN ÜMİDİNƏ QALAN AİLƏ

Maral İsrəfilova
Maral İsrəfilova danışır ki, yoldaşı xəstə və yaşlı olduğundan evi oğlu dolandırıb. Səhhəti əl verməsə də, hər cür yükün, ağırlığın altına girib. Oğlu həbs olunandan sonra isə ailəsi onun əlil kimi aldığı 35 manatın ümidinə qalıb:

“O qədər zəhmətkeş uşaqdı ki... hara gəldi özünü verirdi, təki balalarına çörək qazansın. O, indi həbsdədir. Balalarına heç kim baxmır. Bir gözdən əlil uşağı bas içəri, heç bir qəbahəti olmadan. Mən anayam, həyəcanlanıram, danışa bilmirəm. Bu quruluşa nə qiymət verəsən ki, günahsız uşağı içəri salıb? İki aydır özü, iki körpəsi, qadını başsız qalıb. Heç kim də işləmir. Hələ xəstə əmisinə də o baxırdı”.

OĞLUNA DƏRMAN ALMAQ ÜÇÜN QUTAB SATIR

Elnur İsrəfilovun həbsindən sonra ailəsi də parçalanıb. Qızını qaynanası aparıb saxlayır. Həyat yoldaşı ilə atası Yevlaxda qalır. Anası Maral xalasa Bakıda qutab bişirib satır. Bu puldan həm Yevlaxa – evdəkilərə beş-on manat göndərir, həm oğlunun yanına dərman alıb aparır:

“Getmişdim yanına. Neçə dəfə deyib ürəyim ağrıyır, qolum üyüşür. Neçə dəfə həbsxanada təcili yardım çağırıblar. Axırıncı dəfə dərman apardım. Vallah imkanım çatıb reseptdəki dərmanın hamısını ala bilmədim. Gözünün biri qıpqırmızıdır. Əslində o gözü vaxtaşırı müalicə olunmalıdır. Amma imkan olmur. Mən onu dərindən müalicə etdirə bilmirəm. Özüm də zülmlə dolanıram. Qutab bişirib satıram”.

Maral İsrəfilova deyir ki, bilmir kimin halına yansın, dörd divar arasındakı xəstə oğluna, “ata” deyib yol gözləyən nəvəsi Nihata, yoxsa gözünün yaşı qurumayan gəlininə.

“MÜSTƏNTİQ BALASININ CANINA AND İÇDİ Kİ...”

Elnur İsrəfilovun dayısı Məmməd İbrahim AXCP-çidir. Deyir ki, bacısıoğlunu ona görə həbs ediblər. Üstəlik də Elnura mənəvi-psixoloji təzyiq göstərib yalan ifadə alıblar. Dayısının dediyinə görə, bu, iki dəfə təkrarlanıb. Bir dəfə təzə həbs olunanda, vəkilini yanına buraxmayıblar, təzyiq altda ifadə alıblar. İki günlük mübarizədən sonra ifadəni dəyişmək mümkün olub. Amma az sonra ikinci maddəni irəli sürmək üçün aldadılıb:

“Guya Elnur avtobusa zərər yetirib, şəkli var ki, ayağını astaca qaldırıb. Guya avtobusa təpik vurur. Əvvəl 315-lə ittiham olunurdu, mitinq təşkil etməkdə və iştirakda. Bu yaxınlarda müstəntiq Azər İsmayılovla Vaqif Süleymanov yanına gedib ki, “biz sənə kömək etmək istəyirik. Sən biz deyəni de ki, avtobusa təpik vurmuşam, peşmana-filanam”. Balasının canına and içib ki, “səni buraxmaq istəyirik”. Həmin ifadəni alandan sonra ikinci maddəni sürdülər. İki aylıq həbs müddətinin qurtarmasına 20 gün qalmış iki ay da uzatdılar. Təzyiqdir, ancaq təzyiqdir...”

“MÜSTƏNTİQ DEYİR Kİ, SƏN ANASAN, NİYƏ BELƏ DANIŞIRSAN”

Bu yerdə söhbətə anası qarışır:
“Deyirəm mitinqə getmək günahdır? Müstəntiq deyir ki, “pah atonnan, sən anasan, niyə belə danışırsan” ... Hərdən mən də mitinqə getmək istəyirəm. Dolana bilmirəm, nə yaşayışdı bu? Bu hökumətdən razı deyiləm, heç cür bu hökuməti bəyənmirəm. Müstəntiq də mənə deyir ki, uşağın bitərəfdir, günahsızdır. Bəs, onda niyə saxlayıblar? Mənə deyir ki, balalarım ölsün, Elnura kömək etmək istəyirik, mənim də anam var, balam var deyir, sənin oğlun havayı yatır burda. Havayı yatırsa kömək et...”

MÜSTƏNTİQ TƏKZİB EDİR

Hərçənd müstəntiq Azər İsmayılov deyilənləri təkzib etdi:
“Heç bir təzyiq yoxdur. Hər bir hərəkətdə vəkil yanında olub. Vəkilin yanında ona necə təzyiq oluna bilər? Yalandır. Şərdir-böhtandır...”

Vəkil Yalçın İmanov da Elnur İsrəfilova təzyiq edildiyini bildirib.

Maral İsrəfilovasa oğlunun günahkar olduğuna inanmır: “Mən uşağımda günah görmürəm, uşağımın buraxılmasını tələb edirəm” - deyir.

Müxalifətin 3 və 17 aprel aksiyalarından sonra 13 nəfər həbsdədir. Onların əksəriyyətinin həbs müddəti daha 2 ay uzadılıb. Fəallar ictimai qaydanın pozulmasında və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə ittiham olunurlar. Bu maddələrə görə 3 ildən 7 iləcən həbs cəzası kəsilə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG