Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:34

Gəncədə 3 əsrlik tarixi binalar ağardılır


Tarixi binalar təmir olunur
«Bizim binamız tarixi binadır. Təzə icra başçısı gələndən binamızın üzünü təmir edirlər, ağardırlar. Tarixi binalara toxunmaq olmaz. Ötən dəfə də binamızı siyahıya aldılar. 3 əsr yaşı var, istəmirik ki, binamızı bu hala salsınlar».

Bu sözləri Gəncənin Mirzə Abbas Abbaszadə küçəsindəki binada yaşayan Səadət Bağırova deyir.

64 yaşlı Sürəyya xanım isə deyir ki, binanın pilləkənlərini çıxanda, bir neçə dəfə az qala yıxılıb. Deyir ki, belə qədim binanın üzünü bəzəməkdənsə, pilləkənini düzəltsinlər. Bir neçə ailənin yaşadığı bu binanın digər sakinləri də tarixi dəyəri olan evlərinin müasir görkəmə salınmasından narahatdırlar:

- «Təhlükəli, qəza vəziyyətində olan binadır. Buranı təmir eləməlidirlər».

- «Qabaqdakı binanın öz gözəlliyini saxladılar, ancaq oyulan yerlərini sementlədilər. Amma buranı ağartdılar, indi qədim binaya oxşamır».

ABİDƏLƏRİN SİYAHISI DƏQİQLƏŞMƏLİDİR

Gəncənin baş memarı Allahverdi Əliyev deyir ki, ağardılan tarixi binalar artıq restavrasiya oluna bilməyən binalardır:

«Artıq bərpası mümkün olmayan o binaları ağardırlar. Abidələrin siyahısını dəqiqləşdirmək lazımdır. Memarlıq əhəmiyyəti olmayan binalar da siyahıya salınıb. Səhvən salınıb. Kitabda başqa şey yazılıb, siyahıda başqa. Bu, dəqiqləşməlidir».

Baş memarın deməsinə görə, elə memarlıq əhəmiyyəti olmadığını güman etdikləri tarixi binaları müasir görkəmə salırlar. Amma məsələ ondadır ki, siyahı dəqiqləşəndən sonra - bu abidələrin həqiqətən də əhəmiyyətli tarixi bina olub-olmaması müəyyənləşəndə, artıq gec ola bilər. Məsələn, Gəncədə bir neçə əsr yaşı olan ümumi şəhər hamamının binası da xüsusi üzlük materialı ilə bəzənib.

AVROPA VƏ ŞƏRQ MEMARLIĞININ SİNTEZİ

Səyyaf Sədnikoğlu
Filoloq, tarixçi etnoqraf və əvvəllər Gəncə şəhər Tarix-Mədəniyyət Qoruğu İdarəsinin direktoru işləmiş Səyyaf Sədnikoğlu da deyir ki, bəzi tarixi binaları restavrasiya adı altında təmir edərkən sementləyirlər:

«Abidə olan binaların bərpası düzgün təşkil olunmalıdır. O zaman sement materialından istifadə olunmamalıdır. Ya xüsusi kimyəvi məhsuldan, ya da qədim dövrdə istifadə olunmuş kirəc məhlulu vurulmalıdır. Sementlə bu materialın bir-birinə əks təsiri var».

Səyyaf Sədnikoğlu deyir ki, Abidələrin Mühafizəsi İdarəsi və Tarix-Mədəniyyət Qoruğu İdarəsi siyahı verməlidir ki, hansı binalar abidədir və toxunulmazdır. Deyir ki, Gəncədə qırmızı kərpicdən olan binalar şəhərin milli simasıdır. Burada Avropa ilə Şərq memarlığının sintezi var. Bu memarlıq abidələrini korlamaq olmaz.

«UÇMAQ TƏHLÜKƏSİNDƏDİR, DEMƏLİ, ÖMRÜNÜ BAŞA VURUB»

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova deyir ki,
abidələrin siyahıya alınmasına başlanılıb. Hazırda müasir görkəmə salınan tarixi binalara Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri də baxıb və təmirinə rəy veriblər:

«Hazırda siyahıya alınma aparılır. Binanın həqiqətən tarixi olmağı, tikinti keyfiyyəti və sair araşdırılır. Bakıdan - Mədəniyyət və Turizm Nazirliyindən 2 dəfə mütəxəssislər gəliblər ki, aparılan abadlıq işlərinə öz rəylərini versinlər. Onlar da siz dediyiniz binaya baxıb öz rəylərini veriblər. O abidə ki, uçmaq təhlükəsindədir, sözsüz ki, uçmalıdır, deməli, ömrünü başa vurub».

Gəncədə qeydiyyatda olan 217 abidə var. Bu abidələr dövlət tərəfindən qorunur.
XS
SM
MD
LG