Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

Qaravəllinin ağlı-qaralı günləri


Arxiv foto
Arxiv foto
«HAMI BAKIYA ÜZ TUTUR»

«Pis vəziyyətdə yaşayırıq. Qazımız, suyumuz, işığımız yoxdur. Xəstəyə iynə vurmaq üçün bir tibb məntəqəmiz yoxdur. Məktəbimiz, yollarımız bərbad gündədir».

Ağsunun Qaravəllilər kənd sakinləri Niyaməddin DəmirovÇingiz Qaraşov «Qaynar xətt»ə kəndin problemlərindən danışıblar. Deyirlər kənddəki problemlər içində itib batan kəndlilər çıxış yolunu başqa yerlərə köç etməkdə görürlər. Niyaməddin Dəmirov:

«Vəzifəli şəxslərdən bir adam gəlib bizim problemimizlə maraqlanmır. 350 sakini olan Qaravəllidə indi 78 adam qalıb. O da qocalar, əlillər. Əsgərlikdən qayıdan gənclər Bakıya qaçırlar, orda Dərnəgül yolunda fəhləlik edirlər».

«ROBİNZON KRUZO KİMİ YAŞAYIRIQ»

Digər kənd sakini Çingiz Qaraşov deyir ki, Qaravəlli hamının unutduğu gözdən-könüldən uzaq bir kəndə çevrilib:

«Keçmiş prezidentimiz Heydər Əliyev deyirdi ki, yol ölkənin iqtisadiyyatıdır, gələcəyidir. Bizdəsə o, yoxdur. Problemlərimiz heç bir çərçivəyə sığmır. İki ana qaz xətt keçir, biri iki kilometr uzaqdan kəndin ayaq tərəfindən, o biri də iki kilometr uzaqdan kəndin baş tərəfindən. Deyəsən bizi xəritədən silmək istəyirlər. Kəndimizin qırmızı kitaba düşən vaxtıdır. Biz «robinzon kruzo» kimi yaşayırıq».

Çingiz Qaraşov kəndin bələdiyyə sədrini problemlərə biganə yanaşmaqda qınayır. Kənd bələdiyyəsinin sədri Hakim Məmmədovsa deyir Qaravəllidə nəinki problem yoxdur, əksinə, başqa kəndlər irəli getmək üçün bu kənddən hələ çox nümunələr götürməlidirlər.

«BÜTÜN KÜÇƏLƏRİ DAŞLATMIŞAM»

«Bütün küçələri daşlatmışam, bu il 400 maşın daş tökülüb yollara, kəndin yollarında maşın 90-100 sürətlə gedir. Heç Bakının yolları belə deyil. Kənddə iki Artezian quyusu, daimi su, daimi qaz var. Bekar adamlardılar, heç yerdə işləmirlər, yazırlar o yana, bu yana».

- Sakinlər deyirlər ana qaz xətti kəndin uzaqlığından keçir.

- Prezidentin qərarı var, 2013-cü ilədək yeni qaz xətti çəkiləcək. Məndə layihəsi də var, bu ilin sonuna kimi çəkilməlidir.

- Deyirlər kənddə cəmi 80-ə yaxın sakin qalıb.

- Seçki siyahısına görə, kənddə 360 nəfər yaşayır, 2500 qoyun, 350 baş mal var. Deyirlər ki, guya məktəb müəllimlərinin təhsili yoxdur. Məktəb müəllimlərinin 6-sı institut qurtarıb, 4-ü də texnikum. 46 şagirdə 10 müəllim var. 5 kəndin sovetliyi Nöycü kəndidir. Qaravəllinin tibb məntəqəsi, məktəbi, kənd soveti, poçtu – hamısı ordadır. Nöycüylə bizim kəndin arası cəmi 2 kilometdir.

Qaravəlli kənd sakinləri isə deyirlər ki, Nöycüylə Qaravəlli bir-birlərindən 10 kilometr aralıda yerləşir. Onlar qışın şaxtasında və yayın qızmarında Qaravəllidən Nöycüyə və geri 20 kilometr yol getməli olurlar. Özü də gündə bir neçə dəfə. Qaravəlli sakinlərinin deməsinə görə, vaxtilə Qaravəllinin özündə məktəb də, tibb məntəqəsi də - hamısı olub. Ancaq baxımsızlıqdan dağılıb gedib. İndi də dağılanı qurmaq istəmirlər. Qaravəlli qalıb Nöycünün ümidinə.

Qaravəlli sakinləri kəndin problemlərini ictimailəşdirməkdə davam edəcəklərini deyirlər. Ta o günə kimi ki, Qaravəlli ağ günə çıxsın.
XS
SM
MD
LG