Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 06:50

Keçmiş məhbusdan nazirə 200 min manatlıq iddia


Arxiv şəkil
Arxiv şəkil

“MƏN VƏRƏMƏ KARSERDƏ YOLUXDUM”

2006-2010-cu illərdə 14 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşamış Sabir İbrahimov Ədliyyə naziri Fikrət Məmmədova qarşı 2 saylı İnzibati İqtisad Məhkəməsinə iddia ərizəsi göndərib. Keçmiş dustaq iddia edir ki, onu həbsxanada qəsdən vərəmə yoluxdurublar. İndi də məhkəmədən xahiş edir ki, nazirdən 200 min manat mənəvi təzminat tutularaq ona ödənilsin: “Yer, divar - beton, oturursan betonun üstündə, ayağının altı da nəmdir. Karserin içi nəm olsun deyə nəzarətçi vedrəylə suyu tökür karserin içinə, bunu rəis tapşırır. Bax, mən orda vərəmə yoluxdum”.

Keçmiş məhkum hesab edir ki, həbsxanada dustaqları qəsdən vərəmə yoluxdururlar:

“Şaxtalı havada səhər obaşdan “proverka” edirlər, “proqulkada” dustağı üstü açıq bir yerdə lümlüt soyundururlar, saxlayırlar betonun üstündə. Halbuki, bir gün əvvəl axşam yoxlayıb karserə salıblar, qapı da bağlı olub. Ən azı yarım saat lümlüt vəziyyətdə saxlayırlar”.

YENƏ RÜŞVƏT ...?

Sabir İbrahimov məhbəsdə vərəmə tutulandan sonra iki dəfə vərəmli xəstələr üçün nəzərdə tutulmuş 3 saylı Müalicə Müəssisəsinə köçürüldüyünü deyir. Ancaq iddia edir ki, onu müalicə müəssisəsinə vəziyyəti ağırlaşandan sonra aparıblar. İddia edir ki, cəzaçəkmə müəssisənin rəisi rüşvət verməyən dustağı müalicə müəssisəsinə ya köçürmür, ya da son anda – yəni vəziyyəti ağırlaşandan sonra köçürür. Bu vaxt ərzində isə vərəmli xəstə sağlam dustaqları da xəstəliyə yoluxdurur.

Sabir İbrahimov hələ həbsdə ikən buna etiraz edərək aclıq aksiyası keçirdiyini də söyləyir. Deməsinə görə, aclıq etdiyini bilən Ədliyyə Nazirliyinin əməkdaşları həmin vaxt onunla görüşüblər:

“Soruşdular şikayətin nədir? Dedim Ədliyyə Nazirliyi dustaqları məhv edir, xəstə, sağlam dustaqları eyni qapalı yerdə və soyuq şəraitdə saxlayırlar. Ancaq kim idi bunu eşidən”.

Sabir İbrahimovun sözlərinə görə, indi ona vərəmə həbsxanada yox, azadlıqda yoluxduğunu, həbsxanaya da xəstə vəziyyətdə daxil olduğunu deyirlər. Sabir İbrahimov bununla razılaşmır: “Əgər həbsxanaya vərəmlə daxil olmuşdumsa, nəyə görə məni sağlamlarla eyni yerdə saxlayırdılar?” deyə soruşur.

“ONUN VƏRƏMƏ YOLUXMASI PENİTENSİAR XİDMƏTİN GÜNAHI DEYİL”
Mehman Sadıqov


Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov keçmiş məhbusun ittihamlarını əsassız hesab edir. Deyir ki, dustaqda vərəm xəstəliyi ilkin vaxtlarda həbsxanaya daxil olarkən aşkar olunmaya bilər. Ancaq sonralar üzə çıxanda həmin dustaq Müalicə Müəssisəsinə göndərilir:

“Hər hansı yoluxmadan söhbət gedə bilməz. Bizdə “multivizident” deyilən vərəm forması var, Bütün dünyada ən yaxşı halda onda ölüm hallarından qurtulma 50 faizdirsə, bizdə 75 faiz təşkil edir. Onun vərəmə yoluxması Penitensiar Xidmətin günahı deyil. Xəstəliyi olub, biz də müalicə üçün Müalicə Müəssisəsinə göndərmişik”.

VƏRƏMƏ YOLUXMA İSTİSNA DEYİL
Sahib Məmmədov


“Məhkum hesab edirsə ki, o, Penitensiar Xidmət administrasiyasının qərəzi ucbatından, ya məqsədli şəkildə yoluxub, deməli bu, hansısa sanitar, gigiyenik qaydaların pozulmasının nəticəsidir”. Bunu isə Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvü Sahib Məmmədov deyir. Onun sözlərinə görə, vərəmli məhkumlar üçün nəzərdə tutulmuş 3 saylı müalicə müəssisəsində beynəlxalq standartlara cavab verən avadanlıqlar, Ümumdünya Səhiyyə Təşkilatının təlimatları əsasında həyata keçirilən müalicə metodologiyası mövcuddur. Bununla belə həbsxanada vərəmə yoluxma halları istisna deyil.

Bu ilin martında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) azadlıqdan məhrumetmə yerlərində vərəmlə mübarizə proqramı çərçivəsində həyata keçirdiyi işlər haqqında hesabatı Azərbaycan hökumətinə təhvil verib. BQXK bildirib ki, 1995-ci ildən bəri Azərbaycanda vərəmə yoluxmuş məhbusların müalicəsi üçün avadanlıq və dərmanlar verib. Nəticədə məhbusların vərəm xəstəliyindən vəfat etməsi halları azalıb və “ölkənin penitensiar müəssisələri hazırda vərəmin müalicəsinə görə dünyada ən yüksək göstəricilərdən birinə malikdir”.

Vərəmli Məhbuslar üçün İxtisaslaşmış Müalicə Müəssisəsinin rəhbəri Nizami Quliyev həmin mərasimdə bildirib ki, 1995-ci ildə təxminən 470 məhbus bu xəstəlikdən vəfat edib: “Həmin vaxtdan bəri biz bu illik göstəricinin 20 dəfədən də az olmasına nail ola bilmişik”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG