Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:54

Təkcə taxtını yox, ömrünü də oğluna bağışlayan türk hökmdarı kimdir?


Ramiz Əskər
«Zəhirəddin Məhəmməd Babur çox azman bir şəxsiyyətdir. O, bir əlində qılınc, bir əlində qələm türk adını tarixə yazıb».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına türkoloq Ramiz Əskər söylədi.

TÜRK VƏ İSLAM ƏDƏBİYYATINDA İLK MEMUAR

Böyük türk hökmdarı Qazi Zəhirəddin Məhəmməd Baburun dünya şöhrətli «Baburnamə» əsərini Azərbaycan dilinə çevirib nəşr etdirən Ramiz Əskər deyir ki, indiyədək bu dahi şəxsiyyət yerli oxucu üçün tanıdılmayıb:

«Tək-tük adamlar tanıyırdı. 1958-ci ildə «Baburnamə» rusca buraxıldığı üçün. Universitetlərdə də icmal şəklində adı keçir. Əldə ədəbiyyat yoxdur. Odur ki, mən bu il onun əvvəlcə seçilmiş əsərlərini, sonra isə «Baburnamə»sini cağatayca, türkcə və rusca nəşrlərindən istifadə edərək çevirdim, önsöz, qeydlər və izahlar yazaraq nəşr etdirdim. «Baburnamə» türk və islam ədəbiyyatında memuar janrında yazılmış ilk əsərdir. Artıq dilimizdə olduğundan, universitetlərdə tədris oluna bilər».

BABUR —TEYMURUN NƏTİCƏSİ, ÇİNGİZ XANIN TÖRƏMƏSİ...

Ramiz Əskərin dediyinə görə, Qazi Zəhirəddin Məhəmməd Babur 14 fevral 1483-cü ildə Əndicanda doğulub:

«Atası Fərqanə hakimi Ömər Şeyx Mirzə böyük Teymurun nəticəsi, anası Qutlu Nigar xanım isə Çingiz xanın 14 nəsildən törəməsi, Monqolustan xanı Yunusun qızı idi. Ciddi təhsil görməmişdi. Ancaq Hüseyn Bayqaranın sarayında tərbiyə almışdı. Babur əski türkcədə bəbir, pələng mənası verir».

12 YAŞINDA TAXTA ÇIXIB!

Babur 1494-cü ildə 12 yaşında Fərqanə taxtına çıxıb:

«Padşah olanda, mülklərini ətrafından qorumaq məcburiyyətində qaldı. Qonşuları--əmiləri, dayıları idi...O qədər zəkalı idi ki, qohumlarının təşəbbüslərini puça çıxardı. Ancaq Şeybani xan Teymuriləri bir-bir sıradan çıxarırdı.
«Baburnamə»dən səhnə -- Babur ov edir - 1530
Sıra Babura da çatdı. Hər şeyini əlindən aldılar».

HƏR ŞEYİNİ İTİRİB, TƏZƏDƏN QAZANIB...

Tanınmış türkoloq deyir ki, Babur bütün həyatı boyu dəfələrlə hər şeyini itirib, köməksiz, arxasız qalıb. Ancaq taleyinə boyun əyməyib, təzədən dirçəlib mübarizə meydanına atılıb:

«Axırda bezib Xorasana tərəf üz tutur. Yolda xalq eşidir ki, Çingiz xanın və Teymurun nəvəsi Babur baş götürüb gedir. Cəmi 200 nəfərlə yola çıxan Babura 20-30 min adam da qoşulur. Babur bu qüvvədən istifadə edir və Kabili, Qəndəharı, Xorasanı alır. Təkcə 1519-26-cı illərdə Hindistana 5 dəfə yürüş edir. Nəticədə, Əfqanıstanı, Bəlucistanı və Şimali Hindistanı öz hökmranlığı altına alır və Baburilər imperiyasının əsasını qoyur. İmperiya 1828-ci ilə qədər davam edir. Üç əsr yarım! Ondan 20 il sonra İngiltərə kraliçası rəsmən Hindistanın da kraliçası olur».

BABUR— NƏVAİDƏN SONRAKI ZİRVƏ...

Ramiz Əskərin bildirdiyinə görə, Babur caqatay ədəbiyyatında Əlişir Nəvaidən sonra ən uca zirvə sayılır:

«Babur şairdir. Onun iki divanı var—«Kabil divanı», «Hind divanı». O, qəzəllər, məsnəvilər, rübailər, tuyuqlar, mətlələr, müəmmalar, qitələr də yazıb. Poetikaya, İslam hüququna, musiqiyə və hərb sənətinə aid risalələr müəllifidir. O, hətta «xətti-baburi» adlandırdığı xüsusi bir əlifba da kəşf edibmiş».

36 İLLİK HƏYATINI YAZIB!

Ramiz bəyin dediyinə görə, Babur şah dövlətini möhkəmlədən kimi, «Baburnamə»ni yazmağa başlayıb:

«Elə illər var, gününə qədər yazıb. Anlaşılır ki, onun qeydləri olub. O dövrdə Baburun sarayında salnaməçi olmayıb. Özü yazıb. Çox gözəl yazıb. Düzdür, əsər bir neçə yerdə qırılır. Əlyazmada bir qisim itib. Baburun dili fərqlidir. Həm sadədir, həm də macəra ədəbiyyatı səpgisindədir. Hər şeyi olduğu kimi yazıb. Özünün bütün naqisliklərinəcən—içki içdiyini, tiryək çəkdiyini və s».

«BABURNAMƏ» MÜƏLLİFİN SAĞLIĞINDA ŞÖHRƏTLƏNİB

«Baburnamə»dən səhnə -- Tovuz quşları
Memuarda 1494-1529-cu illər arasında Orta Asiyada, Əfqanıstanda və Hindistanda baş verən bütün tarixi hadisələr, dövrün siyasi xadimləri, elm və ədəbiyyat adamları dəqiqliklə təsvir olunub:

«Dünyada 10-dək əlyazma nüsxəsi olan bu unikal kitabda adıçəkilən yerlərin flora və faunası, coğrafiyası, etnoqrafiyası da əhatə olunub. «Baburnamə» hələ müəllifin öz sağlığında böyük əks-səda doğurub, tərcümə olunmağa başlayıb, şöhrəti qısa müddətdə Avropaya da yayılıb. Dörd dəfə ingilis, üç dəfə fransız, bir dəfə alman, bir dəfə ispan, bir dəfə rus dilinə tərcümə edilib. Baburun macəralarla dolu həyatı yazıçıları həmişə özünə cəlb edib. Müxtəlif illərdə fərqli ölkə yazıçıları Babur haqqında roman yazıblar. Onlardan ən məşhuru Harold Lambın 1961-ci ildə Nyu-Yorkda nəşr etdirdiyi «Babur-pələng. Şərqin böyük fatehi» romanıdır. Bu kitab 2000-ci ildə Moskvada rus dilində də çıxıb...».

BABUR «TAC MAHAL»I TİKDİRƏN CAHAN ŞAHIN ULU BABASIDIR...

Ramiz Əskər Babur şahın davamçılarını belə sıraladı:

«Oğlu Humayundur, Humayunun oğlu Əkbərdir, Əkbərin oğlu Cahan şahdır—Hindistanda «Tac Mahal»ı tikdirən. Əkbər şahın da şahlıq dövrü parlaq olub. Ancaq ən parlağı Cahan şahınkıdır. Cahan şahın hökmranlığı dövründə Baburun qəbrinin yeri dəyişdirilir. Aqradan Kabilə gətirilir. Özünün vəsiyyəti belə olub».

--Babur şah dövrünün şahlarından nədə fərqlənirdi, nədə onları təkrarlamırdı?

-- Baburun əsrdaşları kim idi? Babur kimlərlə oturub-dururdu? Kimlərlə savaşırdı? Kimlərlə görüşürdü?

--Dövrün hökmdarlarını Babur şah necə təsvir edirdi?

--Səfəvi hökmdarı Şah İsmayılla bağlı «Baburnamə»də nələr var? Babur şah Şah İsmayıla yazdığı məktubda ondan nə xahiş edirdi?

--Babur şah niyə 48 yaşında öldü? O nədən təkcə taxtını deyil, həyatını da oğlu Humayuna bağışladı?

-- Baburla bağlı nəşrlər Baburnamə ilə bitdi, yoxsa davamı olacaq?


«İz» proqramını bu səhifədən dinləsəniz, «Baburnamə»dən parçaları da eşidəcəksiniz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG